ADU-nun əməkdaşları Erasmus + layihəsi çərçivəsində ezamiyyətdə olublar

Azərbaycan Dillər Universitetinin əməkdaşları - Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Fialə Abdullayeva və Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Erasmus + layihəsi çərçivəsində martın 28-dən aprelin 1-dək Rumıniyanın Piteşti Universitetində müəllim mobilliyi üzrə bir həftəlik ezamiyyətdə olublar.
Ezamiyyət müddətində universitetin əməkdaşları Piteşti Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru dosent Karina Georgesku, Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru dosent Loredana Bloju, Erasmus + layihəsinin kordinatoru Maria Mirolu, Beynəlxalq əlaqələr şobəsinin əməkdaşı Karmen Andrea Bursea, Ana Maria Nicolesku, Gürcüstan Amerika Universitetinin professoru Tamar Xatelişvili və Gürcüstan Amerika Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Mexuxluşvili ilə birgə dəyirmi masada iştirak ediblər.
Dosent F.Abdullayeva ADU-nun yaranma tarixi, fakültələri və struktur bölmələri, müəllim və tələbə tərkibi, ixtisasları və xüsusilə də beynəlxalq layihələri və əlaqələri haqqında geniş məlumat verib. F.Abdullayeva ADU–da Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib.
Mərkəzin direktoru doktor İosefina Blazsani-Battonun universitetin bütün rəsmi və ictimai işlərində olan xüsusi fəallığından bəhs edib. O, İ.Blazsani-Battonun fəallığı sayəsində Rumıniyanın Azərbaycandakı səfirliyinin ADU ilə sıx əlaqələrindən danışarkən Rumıniya səfiri və səfirliyin nümayəndələrinin Rumın dili və mədəniyyəti mərkəzinin universitetdə keçirilən tədbirlərində yaxından iştirak etdiyini də bildirib.
Dosent S.Əliyeva ADU-da Beynəlxalq Münasibətlər və regionşünaslıq ixtisasının açılması, bu ixtisasa uyğun kafedraların yaranması, artıq 19 region üzrə kadrların hazırlanması və onlara öyrədilən dillərin məhz dil daşıyıcıları tərəfindən tədris edilməsi barədə məlumatlar verib. S.Əliyeva Azərbaycanın kifayət qədər multikultural bir ölkə olduğunu, multikulturalizmin Azərbaycanda xüsusi bir siyasət deyil, həyat tərzinə çevrildiyini bildirib. Son zamanlar “Azərbaycan multukulturalizmi” fənni hətta, müxtəlif ölkələrdə azərbaycanlı müəllimlər tərəfindən tədris edildiyini də qeyd edib.
S.Əliyeva Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin növbəli əsasla həmin regionun ölkələri üzrə ixtisaslaşması haqqında da məlumat verib. Bu bölməni 2021-ci ildə bitirən tələbələrin Rumıniya üzrə ixtisaslaşdıqlarını, onların Rumıniyanın coğrafiyasını, etnoqrafiyasını, tarixini, mədəniyyəti və incəsənətini, gender məsələlərini, ekoturizmi və digər fənlərini dərindən öyrəndiklərini, əsasən də onların rumın dilinə yüksək səviyyədə yiyələndiklərini vurğulayıb.
Səfər zamanı dosent F.Abdullayeva və dosent S.Əliyevanın növbəti görüşü Piteşti Universitetinin Teologiya, Ədəbiyyat, Tarix və İncəsənət fakültəsinin dekan müavini dosent Stinga Valentina, Dil, Ədəbiyyat, Tarix və İncəsənət kafedrasının müdiri dosent Dumitru Adina, fakültənin Erasmus+ layihəsi üzrə kordinatoru Arsene-Onu Kristina, Dil və Ədəbiyyat departamentinin Ph.D müəllimi Dumitresku Adela, Gürcüstan Amerika Universitetinin professoru Tamar Xatelişvili və Gürcüstan Amerika Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Mexuxluşvili ilə olub. Bu görüşdə tərəflər Boloniya prosesinin əsasında tərtib edilən sillabuslar, fənn materiallarının hazırlanması, interaktiv dərs metodlarının faydalarından danışıblar. Görüşdə Pandemiya şəraitində keçirilən onlayn dərslərin gedişində yaranan çətinliklər barədə, tələbələrin dərslərə münasibəti, yaşlı müəllimlərin yeni texnologiyalardan istifadəsinin vəziyyəti kimi məsələlər müzakirə edilib.
Görüş zamanı dosent Fialə Abdullayeva Piteşti Universitetinin İngilis dili ixtisasında təhsil alan tələbələrinə Azərbaycan tərcümə tarixindən, yazılı tərcümə ənənələrindən, dahi ingilis dramaturqu V.Şekspirin azərbaycancaya tərcümələrindən, respublikada müstəqilliyin bərpasından sonra tərcümənin şifahi qolunun artan rolundan, bu sahənin spesifikliyindən irəli gələn tələblərdən, tərcüməçi səriştəsinin komponentlərindən, tərcümə xidmətinin keyfiyyətinə təsir edən amillərdən, tərcüməçi hazırlığı üçün lazım olan şəraitdən bəhs edən mühazirələr oxuyub.
O, tərcümə üzrə praktik fənlərin tədrisində tanınmış siyasətçilərin nitqindən istifadədən bəhs edərkən, 44 günlük müharibə zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici və yerli televiziya kanallarına 5 dildə verdiyi müsahibələrə istinad edərək, ölkə başçımızın tarixi əhəmiyyət daşıyan nitqlərinin eyni zamanda dilçiliyin müxtəlif aspektləri baxımından zəngin material verdiyini də vurğulayıb.
Dos.Sevdagül Əliyeva ingilis dilində “Azərbaycanda memarlıq abidələri” , “ Bakının simvolu - Qız Qalası”, “ Azərbaycanda Novruz adətləri”, “Azərbaycan milli rəqsləri” adlı mühazirələr oxuyub.
Qeyd edək ki, Piteşti Universitetinin Tarix və incəsənət ixtsasının tələbələri və müəllimləri mühazirələri diqqətlə izləyiblər. Xüsusilə, “Novruz adətlərinə” həsr olunmuş təqdimatda açılmış ənənəvi Novruz süfrəsi, bayram atributları, oyunlar və sonda tələbələrin oynadığı yallı rəqsi hər kəsin marağına səbəb olub.





