XƏBƏRLƏR

“31 mart soyqırımı”na həsr olunmuş dəyirmi masa keçirilib

31 mart, 2022

Martın 31-də Təhsil 1 fakültəsi, Təhsil 2 fakültəsi, Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin birgə təşkilatçılığı ilə 31 mart soyqırımına həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak edib. İclas şəhidlərin əziz xatirəsinin 1 dəqiqlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan Təhsil 2 fakültəsi dekanı dosent Salman Nuriyev 31 mart soyqırımının xalqımızın tarixinə faciəli səhifələrdən biri kimi daxil olmasından, soyqırımın ağır nəticələrindən danışıb. O, “Наш голос” qəzetində dərc olunmuş məqalədə qeyd edildiyi kimi, həmin dövrdə törədilmiş kütləvi qırğının sübutu olaraq Bakıdan axan neft arxlarında meyitlərin çoxluğundan və həmin meyitlərin ermənilər tərəfindən arxlarda yandırılmasından söz açıb. Nitqinin sonunda dos.S.Nuriyev tələbələri bu vəhşilikləri unutmamağa çağırıb.

Tədbirdə çıxış edən İngilis dilinin leksikologiyası və üslubiyyatı 1 kafedrasının müdiri dosent Amil Cəfərov öz çıxışında erməni vəhşiliklərindən,  Hadrut qəsəbəsində törədilmiş qırğınlardan, ermənilərin tarixi faktları saxtalaşdırmasından danışıb.

Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri vəzifəsini icra edən dosent Elxan Yusifov S.Şaumyanın başçılığı ilə erməni daşnaklarının törətdiyi cinayətləri, etnik təmizləmə siyasətinin ağır nəticələrinin statistikasını dilə gətirib. Ölən insanların silahla deyil, işgəncələrlə öldürüldüyünü açıqlayaraq bu məsələlərin hüquqi qiymətləndirilməsinin vacibliyindən danışıb.

Kitabxanın əməkdaşı Güllüzar Məmmədova vaxtaşırı olaraq kitabxanada  20 Yanvar, Xocalı, 31 mart soyqırımına həsr edilmiş sərgilərin təşkilindən, Azərbaycanın hər qarış torpağında şəhidlərin qanının izlərindən bəhs edib. Nitqini ADU-nun rektoru, akademik Kamal Abdullayevin “Hər bir tələbə qiymətləndirilməlidir, çünki hər bir tələbə bir qəhrəmandır” fikri ilə tamamlayaraq tələbələrə Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərini oxumağı məsləhət görüb.

İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov pis gündə xalqımız dəmir yumruq kimi birləşməsindən danışıb, tələbələrə Azərbaycanın tarixini yaxşı oxumağı və ermənilərdən hər vasitə ilə öndə olmağı tövsiyə edib.  

Təhsil 1 fakültəsinin III il, 308b qrup tələbəsi Ələsgərov Elşad mart soyqırımında qətlə yetirilmiş və itkin düşmüş soydaşlarımızın taleyindən, eləcə də, qeyd edilən hadisələrin soyqırım statusu qazanmasından bəhs edib.

Tədbirin sonunda rektorun məsləhətçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Anar Osmanlı tələbələrin maarifləndirilməsində keçirilən dəyirmi masaların rolundan, Azərbaycan xalqının məşəqqətli tarixindən, soyqırıma məruz qalanların yalnız azərbaycanlı deyil, yəhudi, tat və digər xalqların nümayəndələri olmasından danışıb. Tolerant olmağımıza baxmayaraq baş verən hadisələri unutmamağı, azərbaycançılıq ideologiyasına sadıq qalmağı tələbələrə məsləhət görüb.