XƏBƏRLƏR

ADU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

31 mart, 2022

Martın 31-də Azərbaycan Dillər Universitetində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

ADU-nun rektoru, akademik Kamal Abdulla erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb. Məhz ümummilli lider Heydər Əliyevin  26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin cəsarətli, qətiyyətli siyasi addımları ilə 44 günlük müharibə  zəfərlə nəticələndi. Haqq, ədalət yerini tutdu. Şəhidlərimizin qanı, canı hesabına torpaqlarımız işğaldan azad olundu. Bütün xalq birləşdi və bir yumruq kimi hədəfə doğru irəlilədi. Erməni faşistləri Azərbaycan xalqına qarşı soyqırım etməklə əslində bütün dünyaya bir daha öz vəhşiliklərinin nəticəsini göstərmiş oldu”.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi “31 Mart Azərbaycanlıların soyqırımı günü” ilə bağlı fikirlərini bölüşüb və  qeyd olunub ki, həmin qanlı hadisələrin böyük tarixi anlamı və əhəmiyyəti vardır:

“1918-ci ildə Azərbaycan milli mətbuatı xadimlərinin uzun on illiklərdən bəri can atdıqları daha bir arzusu da - ölkənin və xalqın adını daşıyacaq qəzet çıxarmaq - nəhayət ki, reallaşmış, 1918-ci il sentyabrın 15-də, Gəncədə “Azərbaycan” adlı qəzet nəşrə başlamışdır. Bakı şəhəri 1918-ci ilin 15 sentyabrında yad qüvvələrdən azad edildikdən sonra öz fəaliyyətini Bakıya keçirmiş “Azərbaycan” qəzeti Azərbaycan və rus dillərində gündəlik çap olunmaqla sözün tam mənasında Azərbaycan dövlətçiliyi mövqeyində durmuş, Azərbaycan Xalq Cümhuriyyətinin milli maraq və siyasətini əks etdirmiş, Azərbaycan xalqını bu dövlət ətrafında sıx birləşdirməyə çalışmışdır. Azərbaycan istiqlalının müdafiəsi ideyası qəzetin ümumi siyasi xəttini ifadə etmişdir.

Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş hadisələr baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart qırğınları bu qanlı zəncirin başlanğıcı olmuşdur. Bir neçə gün ərzində bu şəhərlərin və onun ətraf kəndlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən talan və qırğınlara, əzilmək, əsir alınmaq, qarət edilmək kimi görünməmiş dəhşətli cəza aksiyalarına, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdır. Daha sonra bu kütləvi qırğınlar Azərbaycanın demək olar ki, bütün qəzalarını əhatə etmişdir.”

Qafqazşünaslıq kafedrasının müəllimi dosent Namiq Kərimov soyqırım zamanı erməni quldurlarının törətdikləri vəhşiliklərdən, onların insanların cəsədləri üzərində apardıqları qeyri-insani hərəkətlərdən, tarixi faktlardan söz açıb. O, bildirib ki, minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib:

“Mart hadisələrinin bu günümüzdən tədqiqi göstərir ki, Bakının, eləcə də Şamaxının və digər bölgələrin dinc, əsasən silahsız müsəlman əhalisinə qarşı qabaqcadan hazırlanmış və planauyğun surətdə nizami qoşunlar tərəfindən həyata keçirilən kütləvi qırğınların qarşısını almaq qeyri-mümkün idi”.  

Tədbir tələbələrin hazırladığı bədii kompozisiya və 31 Mart hadisələri ilə bağlı hazırlanan videoçarxın təqdimatı ilə yekunlaşıb.