ADU-nun əməkdaşı Erasmus+ proqramı çərçivəsində təlimdə iştirak edib
Azərbaycan Dillər Universitetinin Keyfiyyətin təminatı və monitorinq şöbəsinin rəhbəri, fəlsəfə doktoru Sayana Bağırova Təhsil Nazirliyinin nümayəndələri ilə birgə Almaniyada Avropa İttifaqının rəhbərliyi ilə Erasmus+ proqramı çərçivəsində təşkil olunmuş, təhsil işçiləri və mütəxəssislər üçün nəzərdə tutulmuş təlim kursunda iştirak edib.
Adıçəkilən təlimdə Bolqarıstan, Niderland, Almaniya, Ukrayna, Azərbaycan və Gürcüstanı təmsil edən təhsil üzrə mütəxəssislər şəxsi təcrübə və peşəkar bacarıqlarını inkişaf etdirməklə yanaşı öz akademik təcrübələrini bölüşüblər.
Eyni zamanda təlimdə iştirak edən təhsil işçiləri Azərbaycanın tarixi, multikultural və milli dəyərləri, adət-ənənələri, mədəniyyəti, incəsənəti, musiqisi və təhsili haqqında təqdimatlarla çıxış ediblər, müzakirələr aparıblar.
Onlar ölkəmizi tanıtmaq məqsədi ilə “Azerbaijan Cultural Evening” adlı Azərbaycan günü də keçiriblər. Tədbirdə 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyimiz qəhrəmanlıq və qazandığımız zəfər, həmçinin milli bayramlarımız haqqında ətraflı məlumat veriblər.
Tədbir zamanı Qarabağın simvolu hesab olunan Xarıbülbül nişanları nümayəndələrimiz tərəfindən qonaqlara hədiyyə edilib.