XƏBƏRLƏR

Bəhmən Əliyev: “Müasir dövrün uğur formulu yüksək rəqabət qabiliyyətli mütəxəssis kimi formalaşmaqdır”

28 fevral, 2022

“Elm adamı” layihəsində Azərbaycan Dillər Universitetinin müəllim və əməkdaşları elm, təhsil, texnologiya ilə bağlı sualları cavablandıracaq. Qonaqlar öz elmi bacarıqları və təcrübələrini bölüşəcəklər.  Layihənin növbəti qonağı ADU-nun əməkdaşı, dosent Bəhmən Əliyevdir.

- Bəhmən müəllim, layihəmizdə sizi xoş gördük. Təhsiliniz haqqında oxuculara məlumat verə bilərsinizmi? 

- 1991-1996-cı illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politoloq (ali və orta təhsil müəssisələrində sosial-siyasi fənlər müəllimi) ixtisası üzrə təhsil almışam. 1996-1999-cu illərdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aspiranturasında etnoqrafiya, etnologiya və antropologiya ixtisası üzrəoxumuşam, Azərbaycan Ordusunda zabit kimi xidmət etmişəm, 2007-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişəm. Hazırda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, ADU Regionşünaslıq kafedrasının dosentiyəm.

- Sizin fikrinizcə, Azərbaycan elmini daha da inkişaf etdirmək üçün nə kimi addımlar atılmalıdır?

- Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə XXI əsrin ilk onilliklərində müxtəlif elm sahələrinin inkişafı ilə bağlı rəsmi sənədlər qəbul edilib, proqramlar həyata keçirilib, konkret işlər görülüb, nəticələr əldə olunub və bu proses indi də davam edir. Fikrimcə, Azərbaycan elminin dünya, xüsusilə Avropa elminə inteqrasiya olunması üçün ilk növbədə geniş araşdırmaların aparılması, gələcək qərarlar üçün müvafiq nəticələrə gəlinməsi vacibdir. Bundan başqa, elmi müəssisələrin, universitetlərin fəaliyyətinin əlaqələndirilməsi, elmi təsisatların yenidən qurulması, elmi dərəcə və elmi adların beynəlxalq standartlara uyğunlaşdırılması, elmi nəşrlərin səviyyəsinin yüksəldilməsi, Elm Fondunun fəaliyyətinin optimallaşdırılmasına və s. ehtiyac vardır. Qeyd edim ki, bir elmi müəssisənin yaradılmasına, fəaliyyətinin təşkilinə on illərlə vaxt sərf olunur, ona görə də məsələ qurmaq və ləğv etmək şəklində qoyulmamalıdır. İslahatlar yolu ilə Azərbaycanda elmi təsisatları beynəlxalq standartlara uyğun qurmaq mümkündür.

- Alimin cəmiyyətdə rolu və mövqeyi nədən ibarət olmalıdır?

- Bütün cəmiyyətlər müəyyən qədər populyarlığı, şounu, emosionallığı sevir, çox hallarda nəyisə geniş araşdırmağa ehtiyac da duymur. Elm isə hər bir məsələni soyuqqanlı, emosiyasız, detallı şəkildə tədqiq edir, nəticələrə gəlir. Alimin cəmiyyətdə rolu hər hansı elmi və ya ictimai məsələ barədə apardığı tədqiqatın, araşdırmanın nəticəsini ictimaiyyətə çatdırmaqdan ibarət olmalıdır. Cəmiyyətdə isə alimi, elmi tədqiqatların nəticələrini dinləmək vərdişinin yaranması isə bir çox problemlərin həllini tapmağa imkan verər.

- Tələbələriniz uğurlarından danışaq.

- İlk növbədə deyim ki, Vətən müharibəsində şəhid olan, qazi olan, eləcə də torpaqlarımızın işğaldan azad olunması üçün əllərindən gələni əsirgəməyən vətənpərvər ADU məzunları bizim fəxr qaynağımızdır.

Daim dərslərə yüksək səviyyədə hazırlaşan, tapşırıqları yerinə yetirən, elmi konfranslarda, disputlarda, eləcə də universitetimizin ictimai həyatında fəal iştirak edən, nizam-intizamlı tələbələrimizlə fəxr edirik. Onlar ali məktəbi bitirdikdən sonra dövlət təşkilatlarında, özəl biznesdə, təhsil sistemində və s. çalışırlar, xaricdə təhsillərini davam etdirirlər, uğurlar qazanırlar.

- Son olaraq tələbələrə uğur qazanmağın formulunu necə təqdim edə bilərsiniz?

- Müasir dövrün uğur qazanmaq formulu yüksək rəqabət qabiliyyətli mütəxəssis kimi formalaşmaqdır. Universitetimiz bir gəncin yüksək səviyyəli mütəxəssis kimi yetişməsi üçün bilik və bacarıqlar verir. Tələbələrimiz bu bilik və bacarıqları mənimsəməli, bunun üçün daha çox və məqsədəuyğun şəkildə çalışmalıdırlar.

Söhbətləşdi: Tural Cəfərli