XƏBƏRLƏR

ADU-da Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib

22 fevral, 2022

Fevralın 22-də Azərbaycan Dillər Universitetində Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə əlaqədar tədbir keçirilib. Görüşdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.  

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu söyləyib. Bildirilib ki, ötən görüşlərdə təməli atılan ideyalar artıq son mərhələdədir:

“İnanıram ki, Pakistanda açılacaq Azərbaycan dili və mədəniyyət mərkəzi pakistanlı və azərbaycanlı gənclər üçün, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq. Biz çalışacağıq ki, həmin mərkəz tam gücü ilə işləsin. Universitetimizdə fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzi də digər mərkəzlərlə sıx əlaqədədir. İnanıram ki, işlərimizin daha uğurla həyata keçirilməsində cənab səfirlə birlikdə səylərimizi əsirgəməyəcəyik. Dost və qardaş Pakistan xalqı daima bizimlə birlikdədir. Biz bunu 44 gün davam edən Zəfər savaşında da gördük. Pakistanın bizə olan dəstəyini heç zaman unutmayacağıq.”

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva görüşün əhəmiyyətindən danışıb, dəvət üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib:

“Pakistan-Azərbaycan dostluq münasibətləri ən yüksək səviyyədə davam etməkdədir. Pakistan sözün əsl mənasında bizim üçün qardaş ölkədir. Mənim Pakistana səfərlərim çox olub. Pakistan haqqında kitab da yazmışam. Pakistanın hər bir bölgəsində “Azərbaycan” sözünə olan sevginin şahidi olmuşam. Bu sadəcə rəsmi şəxslərin, ictimai xadimlərin deyil, həm də xalqın yanaşması idi. Pakistanla bütün istiqamətlərdə əlaqələrin qurulması xüsusi ilə vacib məqamlardandır.” 

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee dəvət üçün universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycanla Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər zaman diqqət mərkəzindədir:

“Bu günün xüsusi önəmi var. Azərbaycan Pakistan əlaqələrinin 30 illiyi qeyd olunur. Bu münasibətlə Azərbaycan Dillər Universitetində rəsm sərgisi təşkil olunub. Sərgidə Azərbaycanla Pakistan arasında olan dostluq və qardaşlıq münasibətlərinin tablolarda təsvirini görə bilərik. Xalqlarımız arasında olan inam və etimad bundan sonra da davam edəcək. Qeyd etməliyəm ki, Pakistanda da tezliklə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı olacaq. Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı ölkələr arasında əlaqələrin qurulmasında, eyni zamanda münasibətlərin daha da inkişaf etdirilməsində böyük imkanların səfərbər olmasına şərait yaratmış olacaq. Mən çox şadam ki, Azərbaycan-Pakistan əlaqələrinin 30 illik yubileyi ilk olaraq məhz Azərbaycan Dillər Universitetində qeyd olunur.”

Tədbirin sonunda Azərbaycan Pakistan əlaqələrinin 30 illiyinə həsr olunmuş rəsm sərgisinin qaliblərinə sertifikatlar və pul mükafatları təqdim olunub.