XƏBƏRLƏR

ADU-nun dosenti Tofiq Quliyev 70 illik yubileyini qeyd edir

04 fevral, 2022

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının dosenti Tofiq Quliyev 70 illik yubileyini qeyd edir. Universitetimizin rəhbərliyi və kollektivi adından onu ürəkdən təbrik edir, cansağlığı, gələcək işlərində uğurlar arzu edirik.  

Tofiq Quliyev 1952-ci ildə Zəngilan rayonun Mincivan kəndində anadan olub. 1988-1993-cü illərdə Qaradağ rayonun 139 saylı orta məktəbində, 1993-1996-cı illərdə BMLK-nın 43 saylı liseyində ingilis dili müəllimi işləyib. 1994-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin attestasiya komissiyasının qərarı ilə ona ali kateqoriyalı müəllim ixtisas kateqoriyası verilib.  

1996-1998-ci illərdə MakDermot və BP şirkətlərində texniki tərcüməçi işləyib. 2000-ci ildən Azərbaycan Dillər Universitetində ingilis dili müəllimi işləyib. Hal-hazırda Linqvokulturologiya kafedrasında dosent kimi fəaliyyət göstərir. 2001-ci ildə Bakıda fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu xətti ilə 9 aylıq “Müəllim hazırlığında müasir metodlar” kursunu bitirib.

2002-2007-ci illərdə MakDermot şirkətində texniki tərcüməçi işləyib. Həmin illərdə ADU-nun axşam şöbəsində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2002-ci ilin dekabr ayında MakDermot şirkəti tərəfindən Birləşmiş Ərəb Əmirliklərinə ezam olunub, 2003-cü ilin iyun ayına qədər tərcüməçi-koordinator kimi fəaliyyət göstərib. 2012-ci ildə “İngilis və Azərbaycan dillərində idiomatiklik və idiomların transformasiya yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 

Tofiq Quliyevə  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 may 2013-cü il tarixli qərarı ilə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 

O, 1 monoqrafiya, 2 dərs vəsaiti, 3 fənn proqramı və 32 elmi məqalənin müəllifidir. Bir sıra respublika və beynəlxalq konfranslarda tezis və elmi məqalələrim ilə çıxış edib. 2018-ci ildə oktyabrın 15-dən noyabrın 15-ə kimi Ukraynanın Kiyev Milli Linqvistik Universitetinin professor A.N.Moroxovski adına İngilis dilinin filologiyası və dil fəlsəfəsi kafedrasında ixtisasartırma kursunda olub. 2019-cu ildə fevral ayından may ayına kimi Gəncə şəhərində Kəlbəcər rayon 12 saylı tam orta köçkün məktəbində pedaqoji təcrübə keçən universitet tələbələri üzərində metodist kimi fəaliyyət göstərib və müxtəlif tədbirlər keçirib.