XƏBƏRLƏR

ADU-da 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

02 fevral, 2022

Azərbaycan Dillər Universitetində (ADU)  2 fevral – Azərbaycan Gəncləri günü münasibəti ilə tədbir keçirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan Gəncləri Günü münasibəti ilə tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.   

44 günlük Vətən müharibəsi zamanı gənclərin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaətlərdən bəhs edən rektor, xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əldə etdiyi tarixi qələbədən söz açıb:

“Vətən müharibəsi günlərində cənab prezident  arxa və ön cəbhədəki gənclərə arxalanaraq cəsarətli addımlar atdı.  Biz bir çox istiqamətlərdə gənclərin köməyi sayəsində uğurlar əldə etdik. Prezident İlham Əliyevin siyasəti məhz gənclərə, xalqa arxalanma siyasətidir. Müharibə dövründə bizim universitetin gəncləri, kollektivimiz fəal çalışdılar. İnformasiya müharibəsində universitetin müxtəlif dillər öyrənən və tədris edən gəncləri dünyanın nüfuzlu media orqanlarına, dövlət təşkilatlarına, universitetlərə Azərbaycan həqiqətlərindən ibarət 5000-dən çox məktub ünvanladı. Bununla da biz xalqımızın həqiqəti deməyi bacaran, sülhsevər xalq olduğunu sübut etdik”. 

Rektor  tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını hər zaman ölkəmizin inkişafı naminə səfərbər etmələri, üzərlərinə düşən vəzifələrini vicdanla, məsuliyyətlə icra etmək üçün qüvvə və bacarıqlarını əsirgəməmələri barədə tövsiyyələrini də verib. 

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova bildirib ki, 2 fevral - Gənclər günü Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən elan edilib. O, həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti haqqında məlumat verib:  

“Ulu öndər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb. Bu gün həmin siyasət Heydər Əliyev məktəbinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda böyük intellektual səviyyəyə malik olan, vətənini sevən, onun üçün canını fəda edən gənclik formalaşıb. Azərbaycan gənci öz təhsili və vətənpərvərliyi ilə həm ölkəsinin inkişafında mühüm rol oynayır, həm də xaricdə Azərbaycanı layiqincə təmsil edir. Lazım gələndə Azərbaycan gənci həyatını vətəni uğrunda fəda edir. Hər bir Azərbaycan gənci bu gün dövlətin qayğısını öz üzərində hiss edir. Prezidentin apardığı uğurlu siyasət nəticəsində gənclərin bütün təbəqələri bu qayğı ilə əhatə olunublar”.

ADU-nun Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli gənclər günü ilə bağlı çıxış edərək fikirlərini bölüşüb, gənclərin qarşısında duran vəzifələrdən bəhs edib. 

Tədbirdə Filologiya fakültəsinin tələbəsi Nəzrin Hüseynzadə  “44 Günlük Vətən müharibəsində Azərbaycan gənclərinin vətənpərvərliyi bir daha sınaqdan çıxdı”, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Rəhman Məmmədov  isə “İlham Əliyev siyasəti: Azərbaycan gəncliyinin bayraqdarı” adlı  mövzularla çıxış ediblər.

Eyni zamanda Ulu Öndər Heydər Əliyev və prezident İlham Əliyevin gənclərlə bağlı çıxışlarından ibarət video-çarxlar nümayiş olunub.