XƏBƏRLƏR

ADU-da Çin Yeni il bayramı qeyd olunub

31 yanvar, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Yeni ili - Bahar bayramı və Pekində Qış Olimpiya Oyunlarının açılışına həsr olunmuş bayram gecəsi keçirilib.

Gecədə çıxış edən Çinin Azərbaycandakı səfiri Guo Min qonaqları Bahar bayramı münasibətilə təbrik edib, Çin-Azərbaycan dostluq münasibətlərinin mütərəqqi inkişafını, iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndiyini, iqtisadi, mədəni və təhsil sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib.

Səfir həmçinin bildirib ki, Çin Yeni il bayramının qeyd olunmasının Pekində Qış Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşməsi, o cümlədən Azərbaycan idmançılarının yarışlarda iştirakı da Çin və Azərbaycan arasında idman sahəsində əməkdaşlığın möhkəmlənməsinə xidmət etmiş olacaq. 

Tədbirdə çıxış edən ADU-nun elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov Azərbaycan-Çin tarixi əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayaraq, ADU-da Çin dili və mədəniyyətinin tədrisinin vacibliyini qeyd edib. O, həmçinin Çin diplomatlarına Çinin müasir siyasi, iqtisadi və mədəni həyatına həsr olunmuş tədbirlərin keçirilməsindəki köməkliyə görə təşəkkür edib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Rafiq Abbasov qeyd edib ki, qarşıdan gələn Çin Yeni il bayramında Azərbaycan və Çin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyini qeyd edirlər. Ay təqviminə görə Yeni ilin gözəl gələcəyə doğru enerjili irəliləyiş vaxtını təcəssüm etdirən Pələng ili olması da simvolikdir.

R.Abbasov, həmçinin ADU-da çinşünaslıq təhsili və elminin uğurla inkişaf etdiyini vurğulayaraq, ADU-nun Konfutsi İnstitutunun Azərbaycan ictimaiyyətinin Çinin unikal mənəvi mədəniyyəti ilə daha yaxından tanış olması və Tarixən Böyük İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb. 

Sonra ADU-nun çinşünas tələbələri, Çin dili kurslarının tələbələri, ADU-nun Konfutsi İnstitutunun müəllimləri və Çin şirkətlərinin Azərbaycandakı nümayəndələri təbriklər və rəngarəng bədii proqramla çıxış ediblər. Çin mahnıları və şeirləri, Çin fleytasında “Hulusi” və ənənəvi nəfəs aləti “Bau”da xalq melodiyaları ifa olunub.

Sonda tədbirin fəxri qonaqları - Xejou kollecinin müəllimi Xuan Veiveinin ailəsi və Olimpiya Oyunlarının könüllüləri tərəfindən hazırlanmış Azərbaycan-Çin dostluğuna və Pekində keçirilən Qış Olimpiya Oyunlarına həsr olunmuş konsert və idman proqramı təqdim olunub.

Şagirdlər müxtəlif illərin Olimpiya Oyunlarının musiqi mövzularında mahnılar və idman rəqsləri, eləcə də Çinin Quanqsi-Çjuan Muxtar Rayonunun kiçik xalqlarının geyimləri ilə “Gümüş atəşfəşanlıq” rəqslərini ifa ediblər.

Azərbaycan və Çin xalqları arasında dostluq “Dostlar əbədi” mahnılarına və “Azərbaycan futbolu” mövzusunda uşaq çirlidinq komandasının çıxışına həsr olunub.

Tədbirdə Qış Olimpiya Oyunlarının videoçarxları və Xejou Kolleci tələbələrinin olimpiya halqalarını əks etdirən fləşmobu da nümayiş etdirilib.