ADU-da 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib
Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının və Azərbaycanşünaslıq ETL birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsi barədə danışıb, qanlı hadisənin qurbanlarından birinin də ADU-nun tələbəsi Ülvi Bünyadzadə olduğunu söyləyib.
O, həmçinin faciə nəticəsində Azərbaycan xalqının təfəkkürünün dəyişildiyini qeyd edib, bu hadisəni törədənlərin hərbi cinayətkar olduğunu bildirib, həmçinin 20 Yanvar hadisəsinə ilk siyasi-tarixi qiymətin məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyi də diqqətə çatdırıb.
Universitetin əməkdaşları - Beynəlxalq münasibətlər kafedrasının dosenti Samirə İmanova "20 Yanvar faciəsinin səbəbləri: milli, regional və geosiyasi amillər", Regionşünaslıq kafedrasının müəllimi Orxan Nəbiyev "Azərbaycanda milli oyanış və 20 Yanvar hadisələri", Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov "20 Yanvar ərəfəsində siyasi vəziyyət və Sovet qoşunlarının Bakıda qırğın törətməsi" adlı məruzələri ilə çıxış ediblər.
Digər iştirakçılar - Beynəlxalq münasibətlər kafedrasının müdiri dosent Aida Yusifzadə, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Aqşin Rüstəmov, ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının professoru Əli Məmmədov, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev və digər əməkdaşlar Qanlı 20 Yanvar faciəsi haqqında öz fikirlərini bölüşüb, mövzuyla bağlı fikir mübadiləsi aparıblar.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.