XƏBƏRLƏR

Pakistanlı rektor akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb

01 noyabr, 2021

Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Azərbaycan Dillər Universitetində bizi səmimi şəkildə qəbul etdiyiniz üçün sizə ürəkdən minnətdarıq. Universitetinizin hər iki binasında keçirilən görüşləri, tədbirləri məmnuniyyətlə xatırlayır, belə görüşlərin hər iki ölkə üçün faydalı olacağına, tələbə-müəllim mübadiləsinin, birgə konfransların təşkilinin, eyni zamanda digər sahələrdə də faydalı qarşılıqlı əməkdaşlığın əsasını qoyacağına ümid edirəm.

Hörmətli akademik Kamal Abdulla, Sizi və rəhbərlik etdiyiniz universitetin nümayəndə heyətinin ölkəmizə gözlənilən səfərini böyük məmnuniyyətlə gözləyir, əsası qoyulan münasibətlərimizin ölkəmizdə də uğurla davam edəcəyinə inanıram.”

Daha sonra məktubda Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, Pakistanın Müasir Dillər Universitetində isə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması yüksək dəyərləndirilib. 

Qeyd edək ki, oktyabrın 13-də Pakistan Müasir Dillər Universitetinin rəhbər heyəti Azərbaycan Dillər Universitetində olub. Görüşdə Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, prorektoru Zubeyir İqbal və dekan Lodhi Sofia iştirak edib. 

Nümayəndə heyəti ADU-nun tələbələrinə mühazirə oxuyub, daha sonra Şamaxıya səfər edərək Vətən müharibəsi şəhidi Əliyev Yusif Asif oğlunun ailəsinə baş çəkib, şəhidin valideynlərinə başsağlığı verib, dərdlərinə şərik olublar.

Səfər proqramı qonaqların Şamaxının qədim qəbiristanlıqlarından olan Şahxəndan qəbiristanlığının ziyarəti ilə başa çatıb. 

Səfər Pakistan mətbuatında geniş işıqlandırılıb.