ADU-da “Oğullar getdi ki, qayıtsın qürur” adlı tədbir keçirilib
Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Vətən müharibəsinin şəhidi, Sabah qruplarının tələbəsi şəhid Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş “Oğullar getdi ki, qayıtsın qürur” –adlı tədbir keçirilib.
Univeristetin Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səslənməsi və şəhidlərin əziz xatirəsinə etiram olaraq bir dəqiqəlik sükutla başlayıb.
Tədbirdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimləri fil.f.d. Nuridə Muxtarzadənin “Oğullar getdi ki, qayıtsın qürur”, fil.f.d. Mehriban Mövlamovanın “Vətən kimlərə oğul deyir?” və universitetin tələbəsi Sənəm Qasımovanın “Hamı oğul böyütmüşdü” adlı məruzələri dinlənilib, şəhid Rəşad Mehdiyevin bioqrafiyasına həsr edilmiş videoçarx nümayiş olunub.
Şəhidlərin əziz xatirəsinə həsr olunan belə tədbirlərin təqdirə layiq olduğunu deyən şəhidin atası, Qarabağ müharibəsi iştirakçısı qazi Rəhman Mediyev tədbirin keçirilməsinə görə universitetin rəhbərliyinə və tədbir təşkilatçılarına minnatdarlığını bildirib.
“Rəşad çox vətənpərvər övlad idi. Bizə məxsus torpaqların düşmən əsarətində olması onu hər zaman narahat edirdi. Mənfur düşmənə olan sonsuz nifrəti, intiqam hissi bu müharibə zamanı ona qisas almaq fürsəti verdi. Vətənin azadlığı uğrunda könüllü iştirak edən oğlum bu gün öz arzusuna çatdı və şəhidlik adlı uca zirvəyə ucaldı. Onunla fəxr edir, qürur duyuram. Vətən sağ olsun! ”- deyən şəhidin atası oğlunun qısa ömür yolundan və təhsil sahəsində əldə etdiyi uğurlarından danışıb.
Tədbirdə Beynəlxalq jurnalistika şöbəsini müdiri Nərgiz Qurbanlı hər iki müharibə ilə bağlı müqayisəli fikirlər səsləndirib. "Şəhidlər unudulanda ölür!"- deyən Nərgiz Qurbanlı Qarabağ müharibəsində şəhid olan qardaşı Elçin Qurbanlı ilə bağlı xatirələrini də bölüşüb.
Tədbir zamanı Qarabağ müharibəsi şəhidi Elçin Qurbanlının bioqrafiyasını həsr olunmuş videoçarx da nümayiş olunub.
Tədbirdə həmçinin şəhid Rəşad Mehdiyevin tələbə yoldaşları və dostları onun haqqında xatirələrini danışıblar. Tədbirin sonunda tələbələr şəhidlərlə bağlı şeirlər səsləndiriblər.
Qeyd edək ki, şəhid Rəşad Mehdiyev 24 aprel 1997-ci ildə Abşeron rayonunda anadan olub.
O, orta təhsilini Xırdalan şəhəri 9 nömrəli məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə alıb.
Ali təhsilini Azərbaycan Texniki Universitetinin "Sabah" qruplarında alan şəhid Rəşad Mehdiyev buranı fərqlənmə diplomu ilə bitirib. Elektron Hökumətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışıb.
Vətən müharibəsinin könüllüsü Rəşad Mehdiyev 20 oktyabr 2020-ci ildə Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.