XƏBƏRLƏR

ADU-da Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

18 oktyabr, 2021

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə  təşkilatçılığı ilə “Müstəqilliyin 30 ili; uğurlar və prespektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş sözü ilə açan Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli tədbir iştirakçılarına əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, daha sonra isə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin tarixi barədə geniş məlumat verib:

“Qarabağ zəfəri Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik qərarlarının nəticəsi, 17 illik hakimiyyəti dövründəki mübarizənin bəhrəsi idi. İşğaldan azad etdiyimiz torpaqlarımızın səbəbkarları, ərazi bütövlüyümüzün qəhrəmanları olan qazilərə Allahdan can sağlığı, şəhidlərə rəhmət diləyirəm. 44 günlük Vətən müharibəsində bizim universitetin 3 məzun şəhidi var. Onlardan biri - fakültəmizin  məzunu olan şəhid Elvin Bayramova ehtiram olaraq yaxın zamanda universitetdə  “Elvin Bayramov  auditoriyası” yaranacaq”.

Qafqaz və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev “Müstəqilliyin bərpası uğurunda mübarizənin sonuncu mərhələsi (1991-ci il)” mövzusunda çıxış edərkən Azərbaycan müstəqilliyinin mürəkkəb yolu,  milli azadlıq hərəkatı  və ümummilli lider Heydər Əliyevin siyasətə gəlişi haqqında geniş məlumat verib.

O, müstəqilliyə gedən yolun qarşısının alınması məqsədi ilə törədilən 20 Yanvar faciəsi barədə  danışarkən ulu öndərin yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi nəticəsində maneələri aşdığını və Azərbaycanın dövlət müstəqilliyini yenidən qurduğunu bildirib.

Universitetin Beynəlxalq münasibətlər kafedrasının dosenti Mehriban Babaxanova  “Müstəqilliyin bərpası hüquqi aspektdə” mövzusunda olan çıxışında müstəqillik haqqında Konstitusiya aktının hüquqi tərəflərindən danışıb, dövlət varisliyi haqqında məlumat verib.

O, həmçinin 18 oktyabr tarixinin cari ildən etibarən “Müstəqilliyin Bərpası Günü” kimi qeyd edilməsini hüquqi aspektdən təhlil edib.

“Azərbaycanın müstəqilliyi və enerji siyasəti” mövzusunda çıxış edən həmin kafedranın müəllimi Aysel Bağırova  Ulu Öndər Heydər Əliyevin xalqın təkid və tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və müxtəlif sahələrdə inkişafa nail olunması istiqamətində gördüyü əsaslı işlər haqqında məlumat verib.