XƏBƏRLƏR

Elmi Şuranın sosial məsələlər üzrə komissiyasının üzvləri tələbə yataqxanasına baş çəkiblər

16 oktyabr, 2021

Elmi Şuranın Sosial Məsələlər üzrə Komissiyasının üzvləri Ələddin Əliyev, Bənövşə Məmmədova və Əmralı Şirəliyev, rektorun köməkçisi Anar Osmanlı, Elmi kitabxana və informasiya xidməti şöbəsinin müdiri Cəmilə Əliyeva, Tələbə Həmkarlar Təşkilatının sədri Zəhra Hüseynova universitet yataqxanasındakı vəziyyətlə tanış olub, tələbə qızların asudə vaxtlarını necə keçirdiklərini, onların dərslərinə hazırlaşmaları üçün yataqxanada şəraitin nə səviyyədə olduğunu öyrəniblər.

Hazırda yataqxanada müxtəlif rayonlardan gəlmiş tələbələrlə yanaşı, xarici ölkə vətəndaşları olan tələbələrimiz də yaşayır. Komissiyanın ümumi rəyinə görə tələbələrin yerləşdiyi hissədə  yaşamaq üçün yaxşı şərait yaradılıb, birinci mərtəbədəki geniş foyedə açıq kitabxana onların istifadəsinə verilib. Yataqxana qaz, işıq, su ilə təmin olunub, müasir standartlara uyğun hamamı var, otaqlarda, mətbəxlərdə, dəhlizlərdə təmizliyə ciddi riayət olunur. Yataqxanada yaşamaq haqqı çox cüzidir, əslində rəmzi məna daşıyır. Otaqlar işıqlı, havalı, yaşamaq üçün tam yararlıdır. Tələbələr onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.