XƏBƏRLƏR

Ruan Universitetinin şöbə müdiri ADU-nun qonağı olub

12 oktyabr, 2021

Erasmus+ proqramı çərçivəsində Fransanın Ruan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Camille Bruni ADU-nun qonağı olub. Səfər çərçivəsində Camille Bruni öz universiteti və rəhbərlik etdiyi şöbə haqqında geniş məlumat verib, o cümlədən iştirakçılara kataloq, buklet təqdim edib. Eyni zamanda, ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin işi ilə tanış olan qonaq universitetdə yerləşən müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətini yaxından izləyib. Bundan əlavə, ADU-nun Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası, Təhsil 2 fakültəsi nəzdində Fransız dilinin metodikası və üslubiyyatı, Tərcümə fakültəsi nəzdində Roman dilləri kafedralarında keçirilən görüşlərdə müxtəlif mövzular üzrə müzakirələrdə, həmçinin Təhsil 2 fakültəsinin IV kurs tələbələrinin Akademik oxu və yazının tədrisi dərsində iştirak edib.

Fransalı qonaqla görüşlərdə əməkdaşlığın genişləndirilməsinə dair bir sıra məsələlər müzakirə olunub. Yekunda xanım Bruni öz tövsiyyə və təkliflərini də verib.

Səfər çərçivəsində qonağın Bakının tarixi yerlərinə səfəri də təşkil olunub.

Qeyd etmək lazımdır ki, Erasmus+ mübadilə proqramı çərçivəsində hazırda ADU-nun beş nəfər tələbəsi Fransanın Ruan Universitetində müxtəlif ixtisaslar üzrə təhsil alır, üç müəllim və üç tələbənin isə təcrübə mübadiləsinə qoşulması nəzərdə tutulub.