ADU-nun rektoru Filologiya fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
Sentyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla 2021-2022-ci tədris ilində universitetin Filologiya fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb.
Görüşdə, prorektorlar, dekanlar, kafedra müdirləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.
Rektor tələbələri universitetə qəbul olmaları münasibətilə təbrik edib, yeni tədris ilində onlara uğurlar arzu edib. Azərbaycan Dillər Universitetini seçmələri və qəbul olduqları ixtisasları barədə danışan rektor hər bir tələbənin yüksək səviyyədə bilik və bacarıqlarının artırılması üçün geniş imkanların olduğunu qeyd edib:
“Universitetimizdə zəngin kitabxana, elmi baza mövcuddur. Tələbələri maraqlandıran layihələr, tədris proqramları, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi mövcuddur. Bu kimi məsələlər hər bir tələbəni öz üzərində işləməsi və bacarıqlı mütəxəssis olması üçün əlverişli şəraitin yaradılması deməkdir. Çalışmaq lazımdır ki, bilik və bacarıqlarınızı hər zaman artırasınız, dünya təhsil sisteminə inteqrasiya oluna biləsiniz. Beləliklə, siz həm də gələcək Azərbaycanın daha güclü, daha inkişaf etmiş bir dövlətinə çevrilməsinə təkan vermiş olarsınız.”
ADU-nun Tədris işləri üzrə prorektoru Sevinc Zeynalova tədrislə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb. Qeyd olunub ki, dərslər pandemiya şəraitinə uyğun şəkildə keçiriləcək. Tələbələrin və müəllimlərin sağlamlığının qorunması və tədrisin keyfiyyətli şəkildə keçirilməsi əsas məsələlərdən biridir. Həmçinin tələbələrin dərsdənkənar maraqlarını və şəxsi inkişaflarını təmin edəcək bir sıra layihələr mövcuddur. Auditoriya plus proqramı bu qəbildən olan proqramlardandır.
Görüşün davamında rektor akademik Kamal Abdulla tələbələri maraqlandıran sualları cavablandırıb.