XƏBƏRLƏR

Sevda Məhərrəmovanın “İndoneziya iqtisadiyyatı” adlı dərs vəsaiti işıq üzü görüb

12 sentyabr, 2021

Azərbaycan Dillər Universitetinin əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məhərrəmovanın “İndoneziya iqtisadiyyatı” adlı dərs vəsaiti işıq üzü görüb.  Kitabın elmi redaktoru professor Sadiq Salahovdur. Dərs vəsaitinin rəyçiləri Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Şəfəq Abdullayeva, AMEA-nın iqtisadiyyat üzrə fəlsəfə doktoru Ə Sarıyevdir. 

Kitab beş fəsildən ibarətdir. Birinci fəsildə İndoneziyanın ümumi xarakteristikası və ölkə haqqında  ümumi məlumat verilib. İkinci fəsildə ölkənin iqtisadiyyatının başlıca cəhətlərindən - sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, turizm və  səhiyyənin xüsusiyyətlərindən bəhs edilir. Üçüncü fəsildə İndoneziyanın maliyyə-kredit və bank sisteminin xüsusiyyətlərindən bəhs edilir. Dördüncü fəsildə ölkənin sosial-iqtisadi problemləri haqqında açıqlama verilir. Beşinci fəsildə İndoneziyanın dünya iqtisadiyyatında yeri və rolu, beynəlxalq və regional təşkilatların ölkənin iqtisadiyyatına təsiri öyrənilir.

Dərs vəsaitindən bakalavr və magistrantlar, dissertant  və doktorantlar, habelə beynəlxalq iqtisadi münasibətlər və regional iqtisadiyyat tədrisi məsələləri ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.