Anar Rəhimov: “Pakistanla elmi və mədəni əlaqələrimiz bir çox işlərin görülməsinə şərait yaradacaq”
Bir neçə gün əvvəl Azərbaycan Dillər Universiteti rektorunun köməkçisi Anar Rəhimov Pakistana səfər etmişdi. O, faydalı və maraqlı məqamlarla yadda qalan səfərlə bağlı təəssüratlarını bölüşüb. Anar Rəhimovla müsahibəni təqdim edirik.
- Anar müəllim, Pakistana səfərinizlə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirəm.
- Pakistana səfərim hörmətli rektorumuz, akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçdi. Pakistanın ən müasir təhsil ocaqlarından olan Pakistan Müasir Dillər Universitetində Azərbaycan mədəniyyəti mərkəzinin açılışı nəzərdə tutulur. Bildiyiniz kimi bir müddət öncə Azərbaycan Dillər Universitetində də Pakistan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Orda olduğum bir həftə müddətində təhsillə bağlı çox vacib məsələləri müzakirə etdik. Pakistan Müasir Dillər Universitetinin rektoru, istefada olan general-mayor Məhəmməd Cəfərlə, universitetin tədris işləri üzrə prorektoru ilə, həmçinin universitetin beynəlxalq əlaqələr üzrə rəhbəri ilə müxtəlif səpkidə görüşlər keçirildi. Görüşlərdə əsas müzakirə olunan məsələ Azərbaycan mədəniyyət mərkəzinin açılması, Azərbaycan adının tanıdılması, Azərbaycan multikulturalizmi fənninin növbəti semestrdən tədris proqramına salınması idi. Qeyd edim ki, universitetin on iki tədris binası var və bizim mərkəz üçün nəzərdə tutulan bina ən gözəl, ən baxımlı tədris binalarında biridir.
- Təhsil mübadiləsi çərçivəsində hansı addımların atılması nəzərdə tutulur?
- Hörmətli rektorumuzun qarşımızda qoyduğu əsas tapşırıqlardan biri qarşılıqlı tələbə-müəllim mübadiləsi, diplomların tanınması, eyni zamanda qarşılıqlı güzəştlərlə tələbələrin təhsil almaq imkanlarıdır. Bütün bunlar müzakirə olundu. Onu da vurğulayım ki, bu ayın sonunda Pakistan Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər və digər rəhbər şəxslərin ölkəmizə səfəri nəzərdə tutulub. Bu səfər çərçivəsində Azərbaycan Dillər Universitetində də görüşlərin keçirilməsi əsas diqqət çəkən məsələlərdən biridir. Həmin görüşlərdə qarşılıqlı maraq doğuran təhsil məsələləri müzakirə olunacaq, bir çox məsələlərin həll olunacağı gözlənilir.
- Dünya təhsil sistemi ilə Pakistan təhsil sistemi arasında hansı oxşar cəhətlər var?
- Bildiyimiz kimi Pakistan təhsil sistemi Böyük Britaniya təhsil sisteminin ənənələrinə əsaslanır. Böyük Britaniya isə dünyada əsas və aparıcı təhsil sistemi olan ölkələrdəndi. Bu baxımdan Pakistan təhsil sistemindən öyrənəcəyimiz bir çox şeylər var. Ziyarət etdiyim Pakistan Müasir Dillər Universitetinin ölkənin müxtəlif bölgələrində səkkiz filialı var. Pakistan təhsilində ən öndə gedən təhsil ocağı olan Pakistan Müasir Dillər Universitetində yüksək səviyyədə maddi-texniki təchizat var. Həmçinin, universitet 50-60 faiz özünü maliyyələşdirə bilir. Bu da çox önəmli məsələlərdən biridir.
- Qarşılıqlı əməkdaşlıq gələcək üçün hansı perspektivləri vəd edir?
- Qarşılıqlı əməkdaşlıq sferasında fəaliyyətimiz çox gözəl işləri həyata keçirməyimiz üçün münbit şərait yaradır. Bu, istər strateji, istər mədəni, istər elmi və ümumi dəyərlər baxımından çox önəmlidir. Dil, din, tarixi bağlılıq uzun illər qardaşlıq səviyyəsində əlaqələrin qurulması üçün mühüm rol oynayıb. Düşünürəm ki, Pakistanla elmi və mədəni əlaqələrimiz gələcəkdə hələ çox işlərin görülməsinə şərait yaratmış olacaq. Bu, hamımız üçün həm önəmlidir, həm də vacibdir. Pakistan təhsil sistemi müasir dünya təhsili ilə ayaqlaşa bilir. Tədris dövründə həm maddi-texniki hazırlığın, həm də peşəkar kadrlar hazırlığının yüksək səviyyədə olması çox önəmlidir.
Söhbətləşdi: Tural Cəfərli