XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbəti onlayn iclası keçirilib

07 iyul, 2021

Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti onlayn iclası keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla yekunlaşan tədris ili haqqında məlumat verib. Rektor 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında danışıb, Müzəffər öndərimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun tarixi qalibiyyətinin bütün xalqımıza unudulmaz hisslər bağışladığını deyib. Kamal Abdulla bildirib ki, haqqında danışılan tədris ili ADU-da böyük nailiyyətlərlə yadda qalıb. Universitetin strateji planı hazırlanıb, kitabxananın fəaliyyəti təkmilləşdirilib, elmi və beynəlxalq istiqamətdə vacib addımlar atılıb: “Vətən müharibəsi dövründə ADU kollektivi bütün potensialını işə salaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox vacib işlər həyata keçirilib. Vətən müharibəsi zamanı universitetdə İnformasiya Qərargahı yaradılıb, erməni təxribatları haqqında 4610 məktub 22 dildə 104 ölkəyə göndərilib. Norveç, Fransa, Çin, Mərakeş, Qazaxıstan, İngiltərə və başqa ölkələrin müxtəlif qurumlarından cavab məktubları alınıb. Bu, onu göstərir ki, bizim işimiz haqq işidir. Mən Elmi Şuranın üzvləri adından İnformasiya Qərargahının işini təşkil edən hər bir əməkdaşa təşəkkürümü bildirirəm”.

Kamal Abdulla daha sonra Elmi istiqamətlə bağlı həyata keçirilən işlər haqqında danışıb. Qeyd olunub ki, ADU-nun layihəsi olan “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının birinci cildi hazırdır: “Bu kitabın hazırlanmasında laboratoriyalar, mərkəzlər və kafedralar birgə iştirak ediblər. İnanıram ki, bu layihə dövlətimiz və ictimaiyyət tərəfindən layiqincə qiymətləndiriləcək. Bundan başqa Universitetimizdə Pakistan dil və mədəniyyət mərkəzinin açılışı planlaşdırılır. Eyni zamanda İslamabadda da Azərbaycan dil və mədəniyyət mərkəzi fəaliyyətə başlayacaq”.

Elmi Şuranın iclasında Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova Dövlət Attestasiya Komissiyalarının işi haqqında məlumat verib.

ADU rektorunun 23.02.2021-ci il tarixli 10 saylı əmrinə əsasən müxtəlif ixtisaslar üzrə bakalavriat səviyyəsində 10 sayda Buraxılış Attestasiya komissiyası yaradılıb.

Nazirlər Kabinetinin 05.06.2021-ci il tarixli 158 saylı qərarına əsasən mövcud vəziyyətlə əlaqədar olaraq bakalavriat səviyyəsində ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunublar.

Buna baxmayaraq, Universitet üzrə müxtəlif ixtisaslarda 93 tələbə onlayn qaydada diplom işi müdafiə edərək Yekun Dövlət Buraxılış Attestasiyasından uğurla keçiblər.

Ümumilikdə Yekun Buraxılış Attestasiyasına buraxılmış 1110 tələbədən 93 nəfəri diplom işi müdafiə etmiş, 1017 nəfəri Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə əsasən attestasiyadan keçib.

Dövlət Attestasiya Komissiyaları işini müvəffəqiyyətlə yekunlaşdırıb.

Pedaqogika kafedrasının müdiri Nigar Zeynalova bildirib ki, hazırda xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların təlim-tərbiyə prosesinin təşkili ölkəmizdə prioritet istiqamətə çevrilib. Azərbaycan Dillər Universiteti inklüziv təhsillə bağlı görülən işlərə həssaslıqla yanaşır. Artıq ADU-da Korreksiyaedici təlim ixtisası üzrə kadr hazırlığına start verilib. Təhsil müəssisəsi həmin ixtisas üzrə Respublikada fəaliyyət göstərən mütəxəssisləri, ekspertləri fəaliyyətə cəlb edib. Universitetin pedaqoji heyəti son dövrdə ölkə daxilində və xaricində çoxsaylı proqram və təlimlərə qatılıb.

Elmi Şurada Pedaqogika kafedrasının nəzdində “İnklüziv təhsil mərkəzi”nin yaradılması məsələsi müzakirə olunub mərkəzin yaradılması haqqında qərar qəbul olunub.

Yeni yaradılan mərkəz proqram üzrə kadr hazırlığını dəstəkləməyə, elmi innovativ yanaşmalar  hazırlamağa, onların nəticələrinin tədris prosesində tətbiqinə təminat verəcək.

İclasda elan olunub ki, Şahin Sərdarlı Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri təyin olunub.

Sonra cari məsələlər müzakirə edilib.