XƏBƏRLƏR

ADU-da Rektoryanı şuranın genişləndirilmiş iclası keçirilib

16 aprel, 2021

Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı şuranın genişləndirilmiş iclası keçirilib. Universitetin rektoru akademik Kamal Abdulla iclasın gündəliyi haqqında məlumat verib, müzakirə olunacaq məsələlərə öz münasibətini bildirib.

Rektor qeyd edib ki, universitet əməkdaşlarının Koronovirusa (Covid-19) yoluxmasının qarşısını almaq üçün vaksinləşmə prosesi davam edir. Struktur rəhbərləri vaksinləşmə ilə bağlı əməkdaşlar arasında maarifləndirici söhbətlər aparmalı, onları vaksinin zəruriliyinə təşviq etməlidirlər.

İclasda Kadrlar şöbəsinin müdiri Ağamusa Səfiyev “ADU-da  çalışan  işçilərin COVİD-19 xəstəliyi  əleyhinə  vaksinasiya işinin təşkili  və  peyvənd olunma vəziyyəti barədə geniş məlumat verib. O, bildirib ki,  Azərbaycan  Dillər Universitetinin ölkədə  başlanmış  vaksinasiya  prosesinə vaxtında qoşulması, müxtəlif yaş  kateqoriyaları üzrə əməkdaşların məlumatlandırılması və təşkilatı işlərin görülməsi məqsədilə Kadrlar şöbəsi tərəfindən mərhələli  şəkildə bir sıra tədbirlər görülmüşdür. Eyni  zamanda vaksinasiya işinin müxtəlif yaş kateqoriyaları üzrə mərhələli  şəkildə aparılmasının təmin edilməsi məsədilə ADU-nun bütün struktur bölmə və şöbələrinin rəhbərlərinə müvafiq  bildirişlər göndərilib.

40 yaşdan aşağı işçilərin vaksinasiya  olunması üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yaradılan “Peyvənd məntəqəsinə” müraciət  etmələri  barədə də bildiriş  göndərilib.

Həmin bildirişlərdə struktur bölmə rəhbərlərindən qeyd olunan yaş kateqoriyası üzrə əməkdaşların peyvəndlənmə  tədbirləri ilə bağlı məlumatlandırılması üçün təşkilati-izahat işlərinin aparılması və peyvəndlənmə barədə  məlumatların Kadrlar şöbəsinə təqdim edilməsi xahiş edilib.

Magistratura şöbəsinin müdiri Füruzə Rzayeva Magistratura pilləsində müdafiəyə təqdim olunan dissertasiya işlərinin elmi səviyyəsi haqqında məlumat verib. O bildirib ki, 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsində I kursa 41 ixtisas üzrə 276 tələbə qəbul olub. II kursda 40 ixtisas üzrə 260 tələbə təhsil alır.

I kurslarda tədris planına uyğun dərslər davam edir, II kurslar elmi tədqiqat və pedaqoji təcrübədə iştirak edirlər. Həmçinin II kurslar magistr dissertasiya işlərini tamamlayıblar.

Magistrlik dissertasiyalarının müdafiəsi üzrə 12 ixtisaslaşmış şura təsdiqlənib.

Daha sonra Əlavə təhsil və təcrübə şöbəsini müdiri Məmməd İsmayılov ADU-da pedaqoji təcrübənin gedişi haqqında məlumat verib. Qeyd olunub ki, universitetdə mövcud olan pedaqoji ixtisaslar üzrə 883 tələbənin pedaqoji təcrübəsinin təşkili pandemiya şəraitinin tələblərini nəzərə alaraq 64 məktəb və liseydə məsafədən təşkil olunur. Bundan başqa, məktəblərdə dərslərə məsafədən qoşulma ilə bağlı texniki çətinliklərin olmasını da nəzərə alaraq, tələbələr universitetin 1-ci kurslarının dil dərslərində də iştirak edərək öz peşə bacarıqlarının artırılmasına çalışırlar. Fakültələr üzrə onlayn qruplar təşkil olunur. Məhdud sayda da olsa təcrübəçilər 1-ci kursların dərslərinə artıq qoşulur. Məktəblərdə təcrübə ilə bağlı isə çətinliklər hələ də qalmaqdadı.

Univeristetin istehsalat təcrübəsi keçən 558 tələbəsi təcrübələrini pandemiya vəziyyətinin tələblərini nəzərə alaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsildə Keyfiyyətin Təminatı Agentliyi, AMEA Qafqazşünaslıq İnstitutu, AMEA Tarix İnstitutu, AMEA Beynəlxalq Əlaqələr şöbəsi, Azərbaycan  Həmkarlar İttifaqı Konfedarasiyası, İctimai TV və İctimai Radio, Avto FM, Teleqraf.com saytı, Səs TV, Xəzər TV, eləcə də universitetdə fəaliyyət göstərən mərkəz və institutlarda, fakültə və şöbələrdə keçirlər.

ADU-nun rektoru tədris hissəsinə pedaqoji təcrübənin onlayn şəkildə təşkili ilə bağlı təkilflər hazırlamağı tapşırıb.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova, kafedra müdirləri Nigar Zeynalova, Sevdagül Əliyeva və başqaları müzakirə olunan mövzularla bağlı fikir və təkliflərini bildiriblər.