XƏBƏRLƏR

ADU-da Elmi Şuranın növbəti onlayn iclası keçirilib

02 aprel, 2021

Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti onlayn iclası keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla Elmi Şuranın gündəliyi haqqında iştirakçılara məlumat verib. O bildirib ki, iclasda ADU-nun Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında məlumat veriləcək, təhsil ocağının müəllim həmkarlar təşkilatının hesabatı dinləniləcək. Rektorun sözlərinə görə, eyni zamanda universitetdə 2020-ci ilin elmi tədqiqat işlərinin nəticələri və 2021-ci ilin elmi-tədqiqat işlərinin planlarının təsdiq edilməsi, ADU-nun elmi bazalara daimi abunəsi haqqında məsələlər də müzakirə olunacaq.

Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Elşən Məcidov rəhbərlik etdiyi cəmiyyətin ötən ilki fəaliyyəti haqqında məlumat verib, yenilikləri Şura iştirakçılarının diqqətinə çatdırıb. E. Məcidov bildirib ki, yeni tədris semestri başlayanda Azərbaycan Dillər Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyət strukturunda müəyyən dəyişikliklər edilib. Tələbə Elmi Cəmiyyətinin sədri, assistent, fakültə və şöbələr üzrə sədrlərdən başqa struktura tədbirlər, sənədləşmə, ictimaiyyətlə əlaqələr, tələbə yataqxanası ilə işlər bölmələri əlavə olunub. Eləcə də “Gənc Politoloq” klubu fəaliyyətə başlayıb.

Həmçinin, akademik Kamal Abdullanın və Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədovun təşəbbüsü ilə “ADU tələbələrinin filosofla söhbətləri” adlı layihəyə start verilib.

ADU-nun rektoru TEC-in gələcək fəaliyyəti  ilə bağlı öz tapşırıqlarını verib. O, bildirib ki, bu cəmiyyət tələbələri elmi fəaliyyətə həvəsləndirməyə bütün mümkün şəraiti yaratmalıdır. Kafedralar TEC və tələbələr arasında mütəmadi əlaqənin yaradılmasını təmin etməlidir.

Sonra ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov çıxış edib. Bildirib ki, II Qarabağ savaşı, pandemiyaya qarşı mübarizə, həmkarlar təşkilatının üzvlərinin sosial rifahını nəzarətdə saxlamaq, cəmiyyətin həyatı üçün önəmli hadisələrdə iştirak etmək Komitənin ən başlıca vəzifəsi olub.

ADU HİK bu müddət ərzində pandemiyaya qarşı mübarizə üçün Respublika təşkilatına 2000 min, Milli Orduya Yardım fonduna 4000 min, Yaşat Fonduna 2500 manat pul köçürüb. Universitetin Rektorunun təşəbbüsü ilə yaradılmış və II Qarabağla əlaqədar informasiya müharibəsi üçün vacib olan Azərbaycan həqiqətlərini dünyaya yayan tərcüməçilər qrupuna maliyyə dəstəyi olub. Həmçinin rektor tərəfindən himayəyə götürülmüş şəhid ailəsinə bayram sovqatları göndərilib və ailə üzvlərinin ad günləri müxtəlif hədiyyələrlə təbrik edilib.

Daha sonra ADU-nun rektoru Kamal Abdulla Müdafiə Şurasının fəaliyyətinin gücləndirilməsi ilə bağlı kafedraların vəzifəsi haqqında, Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov ADU-da 2020-ci ilin elmi tədqiqat işlərinin nəticələri və 2021-ci ilin elmi-tədqiqat işlərinin planlarının təsdiq edilməsi barədə danışıb. N. Məmmədov elmi işlərin səviyyəsi, bu sahədə mövcud problemlər, qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib.

ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova isə təhsil ocağının elmi bazalara daimi abunəsi haqqında çıxış edib, bu məsələnin vacibliyinə toxunub.