Professor Fikrət Cahangirov – 50
ADU-nun Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov 50 illik yubileyini qeyd edir. Bu münasibətlə ADU rektorunun müşaviri Ələddin Əliyevin Fikrət Cahangirov haqqında yazdığı məqaləni təqdim edirik.
Anadan olmasının 50-ci baharı tamam olan respublikanın tanınmış dilçi alimlərindən biri, hörmətli Fikrət Cahangirov özünün zəngin elmi-pedaqoji fəaliyyəti ilə dilçilik elminin inkişafına müstəsna töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Onun german dilləri, dil nəzəriyyəsi, ingilis və Azərbaycan dillərində modallığın struktur və semantik aspektdən tədqiqi, koqnitiv dilçilik, diskurs təhlili və linqvokulturologiya problemləri kimi aktual mövzularda nəşr etdirdiyi elmi əsərlər xarici ölkə alimləri tərəfindən də qəbul edilmiş və yüksək dəyərləndirilmişdir. Alimin əsərləri dünyanın bir çox ölkəsində vaxtaşırı nəşr olunmuş və dilçi alimlər tərəfindən istifadə edilmişdir.
Fikrət Cahangirov 1 Aprel 1971-ci ildə Puşkin rayonunun Konstantinovka (indiki Biləsuvar rayonunun İsmətli) kəndində anadan olub. 1988-ci ildə İsmətli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1989-1991-ci illərdə orduda hərbi xidmət edib. 1991-1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki ADU) hazırlıq şöbəsində təhsil alıb. 1992-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-fransız dilləri fakültəsinə qəbul olub və 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə Universitetdə saxlanılıb. Həmin ildən o, Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikası və ölkəşünaslıq (2013-cü ildən isə İngilis dilinin üslubiyyatı) kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. İngilis, fransız, rus və türk dillərində sərbəst danışan alimin əsas tədqiqat sahəsi german dilləri, dil nəzəriyyəsi, müqayisəli-tipoloji dilçilik, müqayisəli-tarixi dilçilikdir.
2000-ci ilin dekabrında «İngilis dilində perfekt zamanlar sistemi və onun Azərbaycan dilində ifadəsi» mövzusunda namizədlik, 2006-cı ilin dekabrında «İngilis və Azərbaycan dillərində modallığın struktur-semantik tədqiqi» mövzusunda iki ixtisas- “5704.01- Dil nəzəriyyəsi” və “5708.01- German dilləri” ixtisasları üzrə doktorluq dissertasiyasılarını müdafiə edib. Bu tədqiqat işlərinə görə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyası Komissiyası ona 2001-ci ildə elmlər namizədi, 2007-ci ildə filologiya elmləri doktoru alimlik dərəcələri, 2005-ci ildə dosent, 2014-cü ildə professor elmi adlarını vermişdir. Namizədlik işinin elmi yeniliyi ondan ibarət olmuşdur ki, ingilis dilindəki perfekt zaman formalarının Azərbaycan dilində ifadəsi tipoloji baxımdan ilk dəfə hərtərəfli öyrənilmiş, onların məna xüsusiyyətləri, cümlədəki sintaktik rolu, müxtəlif funksional üslublarda yeri, üslubi imkanları və s. araşdırılmış, ilkin elmi nəticələr də əldə edilmişdir. Doktorluq işinin elmi yeniliyinə gəlincə, onu söyləmək olar ki, Azərbaycan dilçiliyində ilk dəfə olaraq flektiv-analitik quruluşlu ingilis və aqqlütinativ quruluşlu Azərbaycan dillərində modallıq kateqoriyasının təzahür formaları sistemli şəkildə araşdırılmışdır. Bundan əlavə, Azərbaycan dilində modallıq kateqoriyası həm məzmun, həm də ifadə vasitələri baxımından öyrənilmişdir. Müxtəlifsistemli Azərbaycan və ingilis dillərində modallığın ifadə vasitələri müəyyənləşdirilmiş, tərcüməsi yolları göstərilmişdir.
O, 2001-2007-ci illərdə ADU-nun Roman-german filologiyası fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb. F.F.Cahangirov Fakültə Elmi Şurasının 08 may 2007-ci il tarixində keçirilən genişləndirilmiş iclasında Azərbaycan Dillər Universitetinin Roman-german filologiyası (2009-cu ildən isə Filologiya) fakültəsinin dekanı seçilib və 2013-cü ilin fevralına kimi həmin vəzifədə ışləyıb. Elə həmin ildən də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 2016-2019-cı illərdə sədr müavini, 2020-ci ildən sədri olub.
2013-2014-cü illərdə ADU-da İngilis dilinin üslubiyyatı kafedrasının müdiri vəzifəsində işləyib. 2014-cü ildən Azərbaycan Dillər Universitetində Təhsil fakültəsinin dekanı və İngilis dilinin üslubiyyatı kafedrasının professoru vəzifələrində çalışmaqdadır.
Fikrət müəllim elmi kadrların yetişdirilməsi istiqamətində də səmərəli işlər görür. Onun elmi rəhbərliyi altında 5 nəfəri artıq fəlsəfə doktoru elmi dərəcəsini almış, 15-dən yuxarı fəlsəfə doktorluğu dissertasiyasına opponentlik etmişdir. O, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən doktorluq Dissertasiya Şurasının və eləcə də “Elmi Xəbərlər”,“Azərbaycanda xarici dillər” jurnallarının Redaksiya Şuralarının üzvüdür.
Azərbaycan dilçilik elminin inkişafında öz xidmətləri olan professor müntəzəm şəkildə respublika və beynəlxalq səviyyəli seminar, simpozium və konfranslarda iştirak edir. O, 2003-cü ildə Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitututunda keçirilmiş Beynəlxalq konfransda, 2007-ci ildə ADU-da “Dilçiliyin və dillərin tədrisinin aktual problemləri” mövzusunda keçirilmiş Beynəlxalq elmi konfransda, 2008-ci ildə Belçikanın Antverpen şəhərində TEMPUS proqramı çərçivəsində “Ali təhsildə keyfiyyətə təminat” üzrə beynəlxalq seminar-treyninqdə, 2010-cu ildə ADU-da “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər”mövzusunda Beynəlxalq elmi konfransda, 2011-ci ildə ADU-da, “Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq” Respublika Elmi-praktiki konfransında, həmin il Almaniyanın Frayburq şəhərində “International Journal of Arts and Sciences” jurnalının təşkil etdiyi Beynəlxalq illik konfransda, 2016-cı ildə ADU-da keçirilmiş “Koqnitivlik və tətbiqi dilçiliyin aktual problemləri” adlı Beynəlxalq elmi konfransda, 2020-ci ildə Oxfordda keçirilmiş United Kingdom (England), University of Oxford, “15th International Conference on Interdisciplinary Social Science Studies- ICISSS 2020” konfransda və digər elmi tədbirlərdə fəal iştirak edibdir.
F.Cahangirov elmi yaradıcılığının ilkin mərhələsində əsasən İngilis və Azərbaycan dillərində zaman və modallıq kateqoriyalarının öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparıb.
2000-ci ildə nəşr etdirdiyi “Perfekt zamanlar” adlı ilk monoqrafiyası ingilis dilinin fel sistemində mühüm yer tutan perfekt zaman formalarının qrammatik və semantik xüsusiyyətlərinin elmi şərhinə və onların Azərbaycan dilində ifadə üsullarının açıqlanmasına həsr olunmuşdur. Kitabda irəli sürülən əsas elmi müddəalardan biri odur ki, müasir ingilis dilindəki perfekt zamanların sərbəst sintaktik birləşmə hesab olunan konstruksiyalardan törəməsi onun Azərbaycan dilindəki ifadə vasitələrində də müşahidə edilir. Perfekt zaman formaları qrammatik məzmunca istər Azərbaycan, istərsə də ingilis dilində semantik baxımdan tərz kateqoriyası ilə bağlıdır.
Alim tədris prosesinə kömək məqsadilə 2003-cü ildə I, II kurslar üçün “İngilis dilindən leksik çalışmalar toplusu” (Bakı, “Nurlan”, 122 səh.) adlı metodik vəsait çap etdirmişdir. Tədris-metodik vəsaitə qısa məlumatverici materiallar, habelə ingilis dilini öyrənərkən leksik vahidlərin düzgün işlədilməsinə yönəldilmiş çalışmalar toplusu daxil edilmişdir.
İran İslam Respublikasının Sərab Universitetində 2003-cü ildə Fikrət Cahangirovun ingilis dilində “Modality in English: Semantic, pragmatic and psycholinguistic approaches”(İR of İran,Tabriz,”Akhtar Publication İnc.) kitabı işıq üzü görmüşdür. Monoqrafiyada müəllif ingilis dilində modallığın ifadə vasitələrindən olan modal fellərin işlənilməsi üzərində apardığı müşahidələrinə əsasən modallıq kateqoriyasının nəzəri məsələlərinin həlli üçün əldə olunan dəyərli nəticələrdən bəhs edir. İngilis dilində modal vasitələrin təhlilində bir sıra yanaşma üsullarını nəzərdən keçirən F.F. Cahangirov həmin üsulların modal vasitələrin semantikası ilə bağlı olması qənaətinə gəlir. Çoxsaylı nümunələr əsasında ingilis modal fellərinin başlıca mənalarını dəqiqləşdirir, bunlarla birgə diskursun bağlayıcı vasitələrindən olan “although”, “but” sözlərinin epistemik (qnoseoloji) təhlilini verir. O, ingilis dilində modallığın ifadə vasitələrindən olan modal felləri semantik, praqmatik və psixolinqvistik planda təhlil edərək modal vasitələrə münasibətdə öz mövqeyini müəyyənləşdirir. Modal vasitələrin təkmənalı linqvistik məzmunlu olduğunu, situasiya və kontekstlə bağlılığını işçi fərziyyə kimi qəbul edir.
Fikrət Cahangirovun 2005-ci ildə işıq üzü görmüş “İngilis və Azərbaycan dillərində modallığın struktur-semantik tədqiqi” adlı monoqrafiyası ingilis və Azərbaycan dillərində modallığın struktur və semantik aspektdən tədqiqinə həsr olunmuşdur. Əsasən funksional-semantik kateqoriya kimi şərh olunan modallığın fonetik, leksik, morfoloji, sintaktik ifadə vasitələri və semantik təhlili tədqiqatda öz geniş izahını tapmışdır. Məlum olduğu kimi, son dövrlərə qədər modallıq müxtəlif elmlərin qovuşma nöqtəsində fəlsəfi, məntiqi, psixoloji və linqvistik kateqoriya kimi tədqiq olunurdu. Sözügedən monoqrafiyada isə modallıq nəzəri dilçiliyin müasir səviyyəsində sırf linqvistik kateqoriya kimi araşdırılmış, onun linqvistik statusu müəyyənləşdirilmişdir.
2006-cı ildə “The problem of modality in Germanic and Turkic Languages” adlı monoqrafiyası «Elm» nəşriyyatında nəşr olunmuşdur. Əsər german dilçiliyində və türkologiyada modallıq kateqoriyasının tədqiqinə həsr edilmişdir. İstər türk, istərsə də german dillərində modallığın ifadə vasitələri ən ümumi şəkildə seçilmir. Modallıq əsasən morfoloji, leksik, leksik-sintaktik, leksik-frazeoloji, prosodik vasitələrlə əmələ gəlir. Türk dilləri ilə german dilləri arasındakı fərq bu vasitələrin məzmununda və struktur tiplərinin müxtəlifliyindədir. German dilçiliyində modallığın ifadəsinin analitik və sintetik üsullarının tədqiqi məsələsi mühüm, həlli vacib problemlərdən hesab olunur. Qeyd olunmalıdır ki, bu məsələ linqvistik olmaqla bərabər, həm də fəlsəfi-məntiqi səciyyə daşıyır.
2007-ci ildə “İngilis dilində perfekt zamanlar sistemi və onun Azərbaycan dilində ifadəsi” adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya ingilis dilinin zaman formalarından biri olan perfektin qrammatik-semantik və üslubi xüsusiyyətlərinin şərhinə həsr olunmuşdur. Kitabda dillə təfəkkürün vəhdəti zəminində fəlsəfi və qrammatik zaman kateqoriyalarının əlaqəsi kimi ümumi dilçilik məsələlərinə toxunulur və müxtəlifsistemli dillərdə qrammatik zaman kateqoriyasının özünəməxsusluğu yeni konkret dil materialları əsasında açıqlanır.
Elmi yaradıcılığının son dövrlərində prof. F.F.Cahangirov koqnitiv dilçilik, diskurs təhlili və linqvokulturologiya problemləri ilə də məşğul olmaqdadır. 2014-cü ildə onun “Dil və mədəniyyət” kitabı çapdan çıxmışdır. Dərslik antroposentrik paradiqma prizmasından dil və mədəniyyətin əlaqəsi məsələlərinə həsr olunmuşdur. Dil mədəniyyətlə sıx bağlıdır: o mədəniyyətə daxil olur, orda inkişaf edir. Bu ideyanın əsasında 20-ci əsrin 90-cı illərində dilçilikdə formalaşan müstəqil istiqamət hesab olunan yeni “Dil və mədəniyyət” fənni meydana gəldi. Əgər mədəniyyətşünaslıq insanın təbiəti, cəmiyyəti, tarixi, incəsənəti və digər sosial və mədəni mühitin özünüdərkini tədqiq edirsə, dilşünaslıq dünyanın dil mənzərəsində əqli modellərdə əks olunan və möhkəmlənən dünyagörüşünü öyrənir. “Dil və mədəniyyət” dilçilik və kulturologiyanın kəsişdiyi bir nöqtədə əmələ gəlmiş və xalqın dilində möhkəmlənmiş mədəni təzahürləri tədqiq edən bir dilçilik sahəsidir.
2019-cu ildə onun ali təhsilin magistratura səviyyəsində Dilşünaslıq (ingilis dili üzrə) ixtisaslaşması üçün “Language and Culture”(Coursebook for Master’s degree, Baku, Mutarjim) dərsliyi nəşr olunub. Əsər dilçilik elminin müasir səviyyəsinə uyğun yazıldığına görə geniş oxucu kütləsinin marağına səbəb olub.
Prof. F.Cahangirov altı monoqrafiyanın, bir dərsliyin, üç fənn proqramının, iki metodik vəsaitin və 100-ə qədər elmi məqalənin müəllifidir, əsərləri ABŞ, Almaniya, Rusiya və İranda nəşr olunmuşdur.
Elinə, vətəninə, doğma xalqına qırılmaz tellərlə bağlı olan hörmətli professor yüksək mənəviyyat, nümunəvi əxlaq sahibi, bütün varlığlı ilə dövlətçiliyimizə sədaqətlidir. Hakim partiya olan YAP-ın üzvü kimi, Partiyanın sədri, hörmətli Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti tam dəstəkləyir, bu siyasətin tələbə gənclər arasında izahı və təbliği istiqamətində səmərəli işlər görür. Təsadüfi deyildir k, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçki kampaniyasında təbliğatçı olmuşdur. Rəhbər kadr üçün çox vacib olan təşkilatçılıq, işgüzarlıq, qayğıkeşlik, təvazökarlıq, təşəbbüskarlıq kimi müsbət keyfiyyətləri ilə bütün müəllim və tələbə kollektivinin dərin hörmətini qazanmış Fikrət müəllim səmərəli elmi və pedaqoji fəaliyyətinə görə yuxarı orqanların və universitet rəhbərliyinin müxtəlif mükafatlarına layiq görülmüşdür.