XƏBƏRLƏR

Professor Gülnar Hüseynzadənin əziz xatirəsinə - BAŞSAĞLIĞI

10 mart, 2021

Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin nəzdindəki Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Gülnar Hüseynzadə 10 Mart 2021-ci il tarixində haqq dünyasına qovuşub. Universitetimizin rektoru, akademik Kamal Abdullanın və professor-müəllim heyətinin adından Gülnar xanımın vəfatından kədərləndiyimizi bildirir və onun əzizlərinə dərin hüznlə başsağlığı veririk. Böyük alim, gözəl və mehriban insan Gülnar Hüseynzadənin əziz xatirəsi onu tanyanların qəlbində əbədi qalacaqdır!

Allah rəhmət eləsin! Ruhu şad olsun! 

Gülnar Hüseynzadə 13 may 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1960-1970-ci illərdə Bakı şəhərində 23 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsinə qəbul olunmuş və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. G.Hüseynzadə İnstitut Elmi Şurasının qərarı ilə 1 saylı ingilis dilinin leksikası kafedrasında laborant saxlanılmış və aspiranturaya tövsiyyə edilmişdir. O, 1976-cı ilin dekabr ayında Xarici dillərin metodikası kafedrası üzrə əyani aspiranturaya qəbul olunmuş, 1980-cı ildə oranı bitirmişdir. G.Hüseynzadə 1980-1989-cu illərdə 1 və 2 saylı İngilis dilinin leksikası  kafedralarında saathesabı  müəllim, 1989-1991-ci illərdə Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim, 1991-ci ildən baş müəllim vəzifələrində işləmişdir.

Pedaqoji işi özünə həyat amili seçmiş Gülnar xanım institutda saxlandığı ilk günlərdən tələbələrə səmimi münasibət bəsləmiş, öz bilik və bacarığını maksimum dərəcədə onlara öyrətməyə çalışmışdır. İllər keçdikcə, pedaqoji ustalığı artdıqca bu münasibət daha doğma və mehriban olmuş və o, birmənalı olaraq tələbələrin sevimlisinə çevrilmişdir. Təsadüfü deyildir ki, hələ 90-cı illərin əvvəllərində işlədiyi ingilis dili fakültəsində məşğələlərin keyfiyyəti baxımından tələbələr arasında aparılmış sorğunun nəticələrinə görə Gülnar xanım ən yüksək bala layiq görülmüşdür. 20 ildən artıq kafedra müdiri vəzifəsində işlədiyi dövrlərdə tələbələrlə yanaşı gənc müəllimlərə də daima qayğı göstərmiş, onların inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Kafedra üzvlərinin dərs prosesində dünyanın aparıcı ali məktəblərinin qabaqcıl təcrübələrindən istifadə etmələrinə xüsusi fikir vermiş, xarici ölkələrə ezamiyyət vaxtı müşahidə etdiyi səmərəli metodları kafedra üzvləri ilə müzakirə etdikdən sonra yerli şərait nəzərə alınmaqla tətbiq edilməsinə çalışmışdır.

G.Hüseynzadə pedaqoji fəaliyyətin səmərəli olmasında elmi yaradıcılığın nə qədər böyük əhəmiyyət kəsb etdiyini yaxşı bildiyi üçün hələ 1976-1980-cı illərdə Leninqrad Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil aldığı zaman tədqiqat obyekti kimi seçdiyi xarici dillərin metodikası ilə ciddi məşğul olmağa başlamış, topladığı zəngin materiallar əsasında 1989-cu ildə Leninqradda (indiki Sankt Peterburq) «Совершенствование лексико-синтаксической стороны устной английской речи на старших курсахв национальной аудитории языкового вуза» mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır.

Elmi axtarışlarını daim davam etdirən alim 90-cı illərdən başlayaraq müntəzəm şəkildə sanballı məqalələr dərc etdirmiş, tədris etdiyi mövzu ilə bağlı metodiki işləmələr, dərslik, dərs vəsaitləri, proqramlar hazırlamışdır. Gülnar xanımın namizədlik dissertasiyası müdafiəsinə qədər müxtəlif elmi konfranslarda etdiyi məruzələri tezislər şəklində çap olunaraq oxucuların istifadəsinə verilmişdir. Onun 1980-cı il dekabr ayının 15-17-də Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda Azərbaycan ali məktəb aspirantlarının III Respublika konfransında «К вопросу о сочетаемости слов и словосочетаний» mövzusunda, 1981-ci ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) keçirilmiş V Respublika konfransında «К вопросу оразвитии речевого умения новоком-бинирования у студентов IV курса азербайджанской аудитории языкового вуза»mövzusunda, 1983-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər institutunda keçirilmiş “Dilçiliyin konfrontativ problemləri” mövzusunda respublika elmi konfransında «О некоторых психологических предпосылках совершенствования умения новокомбинирования в иноязычной речи», 1984-cü ildə Moskvada keçitilmiş «Актуальные проблемы семантики, лингвистической типологии и лингводидактики» adlı konfransda «Некоторые проблемы обучения неподготовленной иноязычный речи на продвинутом этапе в языковом вузе» mövzularında etdiyi məruzələrin tezisləri həmin konfransların materialları kimi çap edilmişdir.

Gülnar xanım sonrakı illərdə də istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilmiş  elmi konfranslarda - Moskvada Dilşilik məsələlərinə həsr olunmuş konfransda,  Rumuniyada Tətbiqi dilçiliyə həsr olunmuş konfransda, Kembricdə Brish Council-in təşkil etdiyi  konfransda, “İATELF ” in illik konfranslarında (İrlnandiya 200-ci il, Birləşmiş Krallıq 2001-2003) və bir çox  dünya səviyyəli konfranslarda müntəzəm şəkildə iştirak edərək, bir çoxunda ən aktual mövzularda çıxışlar etmişdir. 2008-ci ildə Tbilisi şəhərində «Вербальные коммуникативные технологии» mövzusunda keçirilmiş  beynəlxalq elmi konfransda G.Hüseynzadənin “Cross-cultural awareness in foreign language teaching” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. 2010-2014-cü illər ərzində o, “Tempus” poqramı çərçivəsində  müxtəlif ölkələrdə (Birləşmiş Krallıq, Türkiyə) keçirilən peşəkar səviyyəli seminarların fəal iştirakçısı və məruzəçisi olmuşdur.

Azərbaycan Dillər Universiteti 2018-ci ildə Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda konfrans keçirmişdir. Konfransın bölmə iclasları  Azərbaycanla yanaşı Almaniya, İtaliya, Serbiya, Portuqaliya, Rusiya, Ukrayna, Belarus, Çin, Türkiyə və Gürcüstan universitetlərində təşkil olunmuşdur. Professor Gülnar Hüseynzadə 16 aprel 2018-ci ildə Puşkin adına Rus Dili Universitetində, 18 aprel 2018-ci ildə Moskva Dövlət Linqvistik Universitetində keçirilmiş bölmə iclaslarında “XXI əsrdə multikulturalizm” mövzusunda məruzələrlə çıxış etmişdir. 

Azərbaycan Dillər Universitetinin aparıcı mütəxəsislərindən biri kimi, dünyanın ən böyük ali təhsil müəssisələrində dəfələrlə ezamiyyətdə olmuş Gülnar xanım orada əxz etdiyi yenilikləri tədris prosesində tətbiq etməklə yanaşı ümumiləşdirərək Azərbaycan auditoriyası üçün kitablar, məqalələr çap etdirmişdir. Onun «Методические рекомендации по обучению английским многозначным словам в азербайджанской аудитории языкового вуза» adlı kitabı 1994-cü ildə, yuxarı kurs tələbələri üçün yazdığı “Communicate” kitabı 2012-ci ildə,  «Обучение речевой коммуникации на иностранном языке» adlı məqaləsi 2000-ci ildə “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Gülnar xanım orta məktəblər üçün dərsliklər yazılması prosesində də fəal iştirak etmişdir. Onun R.Əliyeva, A.Rasulova, N.Əliyeva ilə birlikdə orta məktəblərin V sinifləri üçün tərtib etdikləri “English”adlı dərslik 2002-ci ildə çapdan çıxmışdır.

60-dan çox elmi əsərin müəllifi olan G.Hüseynzadənin «Некоторые проблемы обучения речевой коммуникации на изучаемом языке»adlı məqaləsi 2000-ci ildə ADU-da nəşr olunmuş humanitar elm sahələri üzrə məqalələr toplusunda, «О некоторых путях преодоления проблем, возникающих в процессе внедрения нововведений», «Распределение ролей в процессе обучения иностранному языку» adlı məqalələri Moskvada nəşr olunan «Вопросы гуманитарных наук» jurnalının 2002-ci il 1-ci, «Использование видео материалов и процессе обучения речевой коммуникации на изучаемом языке» «О некоторых путях обучения  чтения в коммуникативном классе» adlı məqalələri 2003-cü il 6-cı nömrələrində işıq üzü görmüşdür.

Diçiliyin əsas istiqamətləri üzrə apardığı eimi tədqiqatları, cəsarətli mülahizələri, irəli sürdüyü orijinal ideyaları ilə Azərbaycan dilçiləri arasında böyük nüfuz qazanmış gənc alim «Лингво-дтдактический анализ речевой коммуникации на английском языке» adlı doktorluq dissertasiyası üzərində işini tamamlayaraq, 2004-cü ildə uğurla müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi almışdır. O, 2008-ci ildə müsabiqədən keçdiyi üçün universitet Elmi Şurasının qərarı ilə Xarici dillərin metodikası kafedrasının professoru vəzifəsini icra etməyə başlamışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının  2014-cü il tarixli qərarı ilə ona linqvodidaktika kaferdası üzrə professor elmi adı verilmişdir.

Məlumdur ki, tədris proqramları olmadan tədrisi təşkil etmək mümkün deyildir. Kafedra müdiri işlədiyi uzun illər ərzində G.Hüseynzadə həm özü müstəqil, həm də universitetin təcrübəli mütəxəsisləri ilə birlikdə kafedranın profilinə uyğun proqramlar hazırlamışdır. Onun 2003-cü ildə İ.Məmmdov, N.Dyatlova, M.Əliyevlə birlikdə “Xarici dillərin metodikası” fənni üzrə(bakalvr pilləsi üçün) proqram, 2009-cu ildə N.Kazımov, M.Həmzəyev,M.Məmmədov, Ə.Şirəliyevlə birlikdə “Orta məktəblərdə xarici dillər üzrə pedaqoji təcrübənin təşkili və aparılmasına dair proqram, 2010-cu ildə İ.Səfiyev, Ə.Şirəliyevlə birlikdı “Xarici dillərin tədrisi” fənnindən (bakalavr pilləsi üçün)  çap etdirdikləri proqramlar bu gün ADU-da istifadə olunur. Gülnar xanım eyni zamanda bir çox görkəmli dilçi alimin əsərlərinin redaktoru olmuşdur.

ADU-nun inkişafında xüsusi xidmətləri olan Gəray Yusifovun 1991-ci ildə nəşr olunmuş “İngilis dilində mürəkkəb tamamlıq funksiyalı bəzi məsdər tərkiblərinin Azərbaycan dilində ifadə vasitələri” X.Novruzovun 2006-cı ildə işıq üzü görmüş “Reading English Newspapers: ev oxusu” adlı kitablarının redaktə oluması məsələsi məhz G.Hüseynzadəyə etibar edilmişdir. Gülnar xanım zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublika dilçiləri arasında boyük nüfuz sahib olduğundan bir çox təşkilatların, qurumların, mətbuat orqanlarının idarə heyətlərinin üzvü seçilmişdir. O, Azərbaycan Respublikası Təhsil nazirliyinin elmi-metodik şurasının Avropa dilləri və ədəbiyyat bölməsinin, Təhsil problemləri institutunun pedaqogika və psixologiya problemləri üzrə Elmi Şurasının, ADU-nun Elmi Şurasının, ADU-nun nəzdində doktorluq dissertasiyası Şurasının, ADU-nun nəşri olan “Elmi əsərlər”in idarə heyətinin üzvü olmuşdur.

İctimai işlərdə fəallığını və tədris prosesindəki nailiyyətlərinə görə o, dəfələrlə Təhsil Nazirliyinin və ADU rəhbərliyinin mükafatlarına layiq görülmüşdür.