XƏBƏRLƏR

Polad Bülbüloğlu Kamal Abdullaya təbrik məktubu göndərib

11 fevral, 2021

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullaya “Şərəf” ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik məktubu göndərib. 

Həmin məktubu təqdim edirik: 

Hörmətli Kamal müəllim! 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif olunmağınız münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirəm.  

İlk növbədə vurğulamaq istərdim ki, Siz öz təkrarolunmaz üslubu olan yazar, dramaturq kimi müxtəlif janrlarda qələmə aldığınız və oxucular tərəfindən sevilərək oxunan çoxsaylı bədii əsərlərinizlə Azərbaycan ədəbiyyat tarixində özünəməxsus yeri olan əsl xalq yazıçısı adını qazanmısınız.

Bununla yanaşı, ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edən dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdüyümüz çoxsaylı önəmli təşəbbüslərin uğurla həyata keçirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq mühitinin dünyada təbliği, multikulturalizmin nəzərə əsaslarının hazırlanması və tədrisi sahələrində peşəkar dövlət və elm xadimi kimi Sizin müstəsna xidmətləriniz olmuşdur.

Uzun illər ərzində həyata keçirdiyiniz məhsuldar pedaqoji fəaliyyətinizlə və Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti kimi nüfuzlu ali məktəblərə rəhbərlik edən şəxs kimi ölkəmizdə təhsilin inkişafına, tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə, bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə, universitetlərimizin elmi bazasının gücləndirilməsinə böyük  töhfələr verməkdəsiniz.

Çoxşaxəli səmərəli fəaliyyətiniz yalnız qeyd edilən istiqamətlərlə məhdudlaşmamışdır. Siz eyni zamanda filologiya, ədəbiyyatşünaslıq, türkologiya kimi sahələrdə dəyərli elmi tadqiqatlara, monoqrafiyalara, dərsliklərə və məqalələrə müəlliflik etmisiniz. Gördüyünüz faydalı və genişmiqyaslı işlər həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda hər zaman layiqincə qiymətləndirilmiş, Azərbaycan dövləti və bir sıra xarici ölkələr, o cümlədən müxtəlif ictimai təşkilatlar, fəaliyyatində yaxından iştirak etdiyiniz beynəlxalq elmi qurumlar tərəfindən çoxsaylı nüfuzlu mükafatlarla təltif olunmusunuz.

Fürsətdən istifadə edərək, ötən illər ərzində Moskva şəhərində Sizin dəstəyinizlə hayata keçirdiyimiz birgə layihələrə görə təşəkkürümü bildirirəm. Bu xüsusda Moskva Dövlət Linqvistik Universitetində şəxsən iştirakınızla Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışını ayrıca qeyd etmək istərdim.

Bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirəm”.