XƏBƏRLƏR

20 Yanvar faciəsi xalqımızın müstəqillik yolunda şərəf və qəhrəmanlıq səhifəsidir

19 yanvar, 2021

Azərbaycan Dillər Universitetində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn “Dəyirmi masa” təşkil edilib.

 Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının təşkilatçılığı ilə “20 Yanvar faciəsi xalqımızın müstəqillik yolunda şərəf və qəhrəmanlıq səhifəsidir”  mövzusunda onlayn keçirilən tədbiri ADU-nun rəhbərliyi adından Tədris işləri üzrə prorektor, professor Sevinc Zeynalovanın salamları çatdırılıb və uğurlar arzulanıb. Tədbirdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, millət vəkili Tamam Cəfərova iştirak edib. Tədbirdə şəhidlərimizin xatirəsi hörmətlə anılıb.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri v.i.e., dosent Qorxmaz Mustafayev tədbiri açaraq 20 Yanvar faciəsinin ağır olduğu qədər, xalqımızın şərəf və qəhrəmanlıq tarixi olduğunu, müstəqilliyin ilk illərində işğal olunmuş torpaqlarımızın 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə azad edildiyini qeyd edib. Tədbir dos. Q. Mustafayevin moderatorluğu ilə davam edib.

Giriş sözü ilə çıxış edən Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, t.e.d. İbrahim Kazımbəyli 20 Yanvar faciəsinin xalqımızın taleyində oynadığı rolu təhlil edib. O, Bakıda və respublikamızın müxtəlif bölgələrində törədilən qanlı hadisələrə SSRİ-nin Müdafiə naziri D.Yazovun və digər güc strukturlarının rəhbərlik etdiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet hökumətinin törətdiyi bu qanlı hadisəyə siyasi qiymət verib, həmin faciəli gündən sonra xalqımızın bütün əngəllərə baxmayaraq şərəflə mübarizəsini davam etdirib müstəqillik əldə etdiyini, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində 44 gündə azad edildiyini qeyd edib.

Sonra çıxışçılara söz verilib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova "20 Yanvar" faciəsinin törədilməsi və ona  hüquqi-siyasi qiymətin verilməsi mövzusunda çıxış edərək 20 Yanvar qırğınının törədildiyi şəraiti, həmin dövrdə beynəlxalq vəziyyəti təhlil edib. Bakıda törədilən qırğınların Mərkəzi hakimiyyətin planlı tədbiri olduğunu, M.Qorbaçovun 1990-cı il yanvarın19-da SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR-i Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq əliyalın xalqa qarşı bir qırğın siyasəti yeritdiyini qeyd edib. Bakıya qoşun yeridilən ilk gün 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfərin qanunsuz həbs olunub. 20 Yanvardan sonra bu qanlı hadisəyə Ulu öndər tərəfindən hüquqi qiymət verilməsi sahəsində görülən tədbirlər haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.

AMEA Tarix İnstitutundan seminara qonaq kimi dəvət edilən Sovet dövrü tarixi şöbəsinin müdiri İlqar Niftəliyev “Sovet rəhbərliyinin  Bakı hərbi əməliyyatı rəsmi  sənədlərdə və  xatirələrdə” mövzusunda çıxış edib. O, Sovet dövlətinin M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə həyata keçirdiyi “yenidənqurma” siyasəti, onun mahiyyəti, nəticədə mərkəzdənqaçma meyllərinin güclənməsi haqqında geniş məlumat verib. 1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlməsi ilə həyata keçirilən yenidənqurma siyasəti milli münaqişələrə şərait yaradıb, bu münaqişələrin kökü həm etnik, həm də sosial-siyasi amillərdən qaynaqlanıb. SSRİ-nin dağılmasında Baltik və Qafqaz modellərindən danışan tarixçi, sovet hərb maşınının xalqımızın azadlıq ruhunu boğmaq, öz dəmir təkərləri altında əzmək, mübarizə yolundan döndərmək istiqamətində əməllərini, Sovet rəhbərliyinin Bakıda keçirdiyi qanlı əməliyyatı hadisələrin iştirakçılarının xatirələri və rəsmi mənbələr əsasında dinləyicilərin diqqətinə çatdırıb.

Tədbirə dəvət edilən digər qonaq, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə “20 Yanvar hadisələrinin məntiqi nəticəsi və dərsləri” mövzusunda çıxış edərək 1990-cı ilin 20 yanvarında baş verən qanlı hadisələrdə müxtəlif tərəflərin maraqları olduğunu qeyd edib. Bakıda baş verən hadisələrə münasibətdə ABŞ və onun müttəfiqlərinin gözləmə mövqeyi hadisələrin SSRİ-ni süquta aparadığını görmələri idi. Sovet imperiyası isə Bakı qırğınını planlaşdıranda onun ideoloji, təbliğati tərəfini əvvəlcədən planlayıb, SSRİ sərhədlərin dağılması  hadisələrinin dini ekstremist qrupların fəallaşması kimi qələmə verib. Sovet hökumətinin üç sütun üzərində dayandığını qeyd edən  natiq, 20 Yanvar qırğınından sonra bu ideoloji sütunların yıxıldığını, Qanlı Yanvarın xalqımızı daha da birləşdirdiyini, azadlıq ruhunu gücləndirdiyini və nəticədə 1991-ci ilin 18 oktyabrında müstəqillik əldə etdiyini  qeyd edib.

Müzakirələrdə dos. Bəhmən Əliyev Sovet ordusunun Əfqanıstandan və Şərqi Avropadan çıxarılmasından sonra onların yerləşdirilməsi ilə baş verən hadisələrin əlaqəsini qeyd edib. Sonra dos. Ədalət Abdiyeva çıxışlara öz münasibətini bildirib.