XƏBƏRLƏR

ADU və Yaponiyanın “Nippon Academy” Təhsil Müəssisəsi arasında anlaşma müqaviləsi imzalanıb

12 oktyabr, 2020

Yaponiyanın “Nippon Academy” Təhsil Müəssisəsi ilə Azərbaycan Dillər Universiteti arasında tələbə mübadiləsi üzrə anlaşma müqaviləsi imzalanıb.

Tələbə mübadiləsi müqaviləsinə görə ADU-nun yaponşünaslıq ixtisasında təhsil alan və N4 yapon dili səviyyəsinə malik olan tələbələr 6 ay və yaxud 1 il müddətində “Nippon Academy” Təhsil Müəssisəsinin nəzdində fəaliyyət göstərən “Yapon dili” məktəbində təhsil ala biləcəklər. Tələbələr təhsil aldığı müddətdə ixtisasına uyğun gələn sahələrdə işləyib əmək haqqı da ala biləcəklər. Bu da tələbələrə Yaponiyada yaşadığı və təhsil aldığı müddətdə yaşayış və təhsil xərclərinin böyük hissəsinin qarşılanmasına imkan verəcək. Tələbələr “Nippon Academy” Təhsil Müəssisəsinin nəzdində olan yataqxanalarda qala bilərlər. 

Yuxarıda göstərilənlərdən başqa müqaviləyə əsasən hər iki tərəf aşağıdakı sahələrdə də əməkdaşlıq edə biləcəklər:

Birgə elmi-tədqiqat fəaliyyətinin reallaşdırılması.
Müəllif hüquqlarının qorunması şərti ilə informasiya və elmi nəşrlərin mübadiləsi.
Birlikdə elmi tədbirlərin keçirilməsi.
Hər iki tərəfin təklifi və razılığı ilə digər fəaliyyət və tədbirlərin keçirilməsi.

Bundan başqa müqaviləyə görə gələcəkdə tələbələrin yapon dilinə və mədəniyyətinə maraq yaratmaq məqsədi ilə həftədə 1 dəfə olmaqla onlayn yapon dili dərslərinin də keçirilməsi nəzərdə tutulur.