XƏBƏRLƏR

Səfir: İndoneziya Ermənistanın Tovuz istiqamətində təcavüzünü kəskin şəkildə pisləyir

21 iyul, 2020

Son günlər Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən silahlı qarşıdurmanı yaxından izləyirəm. 12 iyuldan Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədindən Azərbaycan mövqelərini atəşə tutması hərbçilər və dinc əhali arasında itkilərə səbəb olmuşdur. Bu, çox kədərlidir və təəssüf doğurmaya bilməz. Gözlənilməz hücumun məhz Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunda baş verməsi diqqətimi xüsusilə cəlb etdi. Azərbaycan-Ermənistan münaqişəsi Dağlıq Qarabağla bağlı olsa da, hücum Dağlıq Qarabağdan 200–250  km məsafədə yerləşən Tovuzda baş vermişdir.

Xarici mətbuatda məhz Azərbaycanın Ermənistana qarşı hərbi təxribat törətdiyi barədə verilmiş məlumatları cəfəngiyyat hesab edirəm. Azərbaycan hərbi əməliyyatlara başlamaq arzusunda olsa idi, bunu Tovuzda deyil, Ermənistanın işğal etmiş olduğu Dağlıq Qarabağ ərazisində həyata keçirərdi. Ona görə də Azərbaycanın belə təxribat törətməsi mümkün deyildir.

Hazırda Azərbaycanın düşməninin zorakılığına məruz qaldığını görürəm. Azərbaycan ərazisinin 20%-i erməni işğalı altındadır. İndoneziya Respublikasının Konstitusiyasında da təsbit edildiyi kimi, işğalçılıq bütün dünyadan tamamilə yox edilməlidir. İndoneziyanın Azərbaycandakı səfiri kimi onu qeyd etməliyəm ki, İndoneziya Azərbaycanı dost və qardaş ölkə hesab edir və tam dəstəkləyir. Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan İndoneziya Ermənistanın Tovuz istiqamətində təcavüzünü kəskin şəkildə pisləyir. İndoneziyanın Azərbaycana qarşı bu mövqeyi dəyişməzdir.

Mövcud münaqişənin öz həllini hərb yolu ilə deyil, diplomatiya yolu ilə tezliklə tapacağına ümid edirəm. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul olunmuş qətnamələri vardır. Bunu Ermənistana xatırlatmaq lazımdır, çünki hərbi təxribata məhz Ermənistan başlamışdır.   

Baş vermiş hadisəyə münasibətdə ölkələr arasında qütbləşmə müşahidə edirəm: bir tərəfdə Azərbaycan və onun müttəfiqləri olan Türkiyə və Pakistan da daxil olmaqla Cənubi Asiya ölkələri, digər tərəfdə  Ermənistan və onun müttəfiqi olan Rusiya və MDB üzvü olan başqa ölkələr. Fikrimcə, Tovuz hadisələri davam etdirilərsə, vəziyyət daha da kəskinləşə bilər. Bu məsələnin tezliklə sülh yolu ilə həll olunacağına ümid edirəm. 

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri

Husnan Bey Fananinin İndoneziya Araşdırmalar Mərkəzinə müsahibəsindən