XƏBƏRLƏR

ADU-da yeni Komissiya yaradılıb - Rektoryanı Şuranın onlayn iclası

09 iyul, 2020

Kamal Abdulla: "Komissiyanın işi ilə bilavasitə mən də maraqlanacağam, iclaslarında iştirak edəcəyəm. Altı nəfərdən ibarət Komissiya müstəqil şəkildə universitetin proqramlarla bağlı qarşısında duran istənilən məsələni qəbul edərək həll edilməsinə dair bütün işlərlə məşğul olacaq. Komissiya bu məsələlərə aydınlıq, elmilik və çeviklik gətirmək məqsədilə yaradılır”. 

 

Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı Şuranın onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan universitetin rektoru, akademik Kamal Abdulla COVİD-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin tələblərindən irəli gələrək təlim-tərbiyə və tədris prosesinin dayandırıldığını, artıq bir neçə aydır ADU-nun öz işini onlayn şəkildə uğurla davam etdirdiyini diqqətə çatdırıb. Ölkədə baş verən proseslərin universitet əməkdaşlarını da məsuliyyətli olmağa çağırdığını deyən rektor bu istiqamətdə prezident İlham Əliyevin gördüyü işlərin böyük nümunə olduğunu diqqətə çatdırıb: 

“Cənab Prezident dünyada gedən prosesləri diqqətlə və yaxından izləyir, onlara xüsusi münasibət göstərir. Ölkə başçısının BMT-nin baş katibi və digər dünya ölkələrinin liderləri ilə müzakirələri, ölkə daxilində görülən işlər, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə, mədəniyyət sahəsində atdığı addımlar bizim hamımıza təskinlik və ruh yüksəkliyi verir ki, bu günlər yaxın gələcəkdə arxada qalacaq və biz yenə normal həyatımıza dönə biləcəyik”. 

Magistratura pilləsinə qəbulun başa çatdığını deyən rektor, bu prosesin universitet üçün uğurlu olduğunu bildirib. İki ay müddətində universitetin alimləri və universitetin tədris məsələləri üzrə aidiyyatı şəxslərinin bakalavriat səviyyəsində ixtisas üzrə təhsil proqramlarının hazırlanması ilə bağlı ciddi işlər gördüyünü deyən akademik Kamal Abdulla mütəxəssislərin çoxsaylı müzakirələri, görüşləri nəticəsində universitetin özünün tədris proqramını tərtib etdiyini və müvafiq Komissiyaya göndərildiyini vurğulayıb: 

“Biz universitet daxilində öz mənafeyimizi bundan sonra da qoruyacağıq. Seçmə fənlərlə bağlı kreditlərin bir sıra ixtisas fənlərində azaldılması məsələsi narahatlıq yarada bilər. Amma buna əsas yoxdur. Çünki həmin saatlar kreditlərin azalması ilə seçmə fənlərdə cəmləşirlər. Bu seçmə fənlər tədris proqramını bütöv şəkildə qoruyub saxlamaq üçün ən güclü vasitədir. Kreditlərin azalmasının tənzim edilməsi seçmə fənlər vasitəsilə həyata keçiriləcəkdir. Lakin zaman-zaman bu və digər məsələlərlə bağlı hallar yenidən ortaya çıxa bilər. Bununla əlaqədar olaraq, yeni ideyalar irəli sürə bilərik”. 

Rektor diqqətə çatdırdığı məsələlərlə bağlı Təhsil proqramlarının, fənn proqramlarının, sillabusların, seçmə fənnlərin hazırlanmasına dəstək Komissiyasının yaradıldığını qeyd edib: 

“Bu Komissiya Tədris işləri üzrə prorektorluğun nəzdində olacaq. Komissiyanın işi ilə bilavasitə mən də maraqlanacağam, iclaslarında iştirak edəcəyəm. Altı nəfərdən ibarət Komissiya müstəqil şəkildə universitetin proqramlarla bağlı qarşısında duran istənilən məsələni qəbul edərək həll edilməsinə dair bütün işlərlə məşğul olacaq. Komissiya bu məsələlərə aydınlıq, elmilik və çeviklik gətirmək məqsədilə yaradılır”. 
Kamal Abdulla Komissiya sədri və üzvlərini Rektoryanı Şura üzvlərinə təqdim etdikdən sonra Komissiyanın qarşısında duran məsələlər haqqında danışıb, işlərində uğurlar arzulayıb. 

Tədris məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova yeni yaradılan Komissiyanın işi ilə bağlı fikirlərini bildirib. O, Azərbaycanda təhsilin keyfiyyətinin göstəricisinin artırılması üzrə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirən Tvininq layihəsinin uğur qazanması haqqında danışıb: 

“Tvininq layihəsi bu gün ictimaiyyət və dövlət başçısı tərəfindən bir sıra sektorlarda ən uğurlu layihə kimi qeyd olunub. Ona görə də onlar tərəfindən təqdim olunan məsələlərə çox ciddi yanaşmalıyıq”. 

S.Zeynalova yeni tədris ilində gözlənilən və aktual məsələ olan distant təhsil haqqında gələcək planların universitet üçün labüd məsələ olduğunu qeyd edib. 

Elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov çətin pandemiya şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, rəhbərlik etdiyi bölmənin gördüyü işlərin uğurlu nəticələr verdiyini deyib: 

“İşlər onlayn formada davam etdirilib. Əsasən də doktorantura pilləsində təhsil alan doktorant və disserantlarla əlaqələr onlayn şəkildə qurulub, mövzular, qarşıda duran vəzifələr, mövzuların təsnifi haqqında müzakirələr aparılıb”. 

N.Məmmədov magistratura pilləsindəki göstəriciləri də iclas iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, kafedraların fəaliyyəti ilə bağlı onlayn görüşlərin keçirildiyini deyən prorektor əlavə edib ki, qərarların qəbul edilməsində uğurlu addımlar atılıb. “Elmi xəbərlər” jurnalının 2019-cu il üçün 3-cü və 4-cü nömrəsinin artıq çapdan çıxdığını deyən N.Məmmədov Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” konfransının materiallarının toplanıldığını və yaxın günlərdə çapdan çıxmasının nəzərdə tutulduğunu bildirib. 

Yaradılan Komissiyanın rəhbəri, ADU Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov, Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərov, Pedoqogika kafedrasının müdiri Nigar Zeynalova və başqaları qeyd olunan məsələlər bağlı atılan operativ addımları yüksək qiymətləndirib, rektor Kamal Abdullaya təşəkkür ediblər. 
Onlay iclas müzakirələrlə yekunlaşıb.