XƏBƏRLƏR

ADU-nun rektoru akademik Kamal Abdullanın tələbə və magistrantlara müraciəti

04 iyun, 2020

 

Azərbaycan Dillər Universitetinin əziz tələbə və magistrantları,

Bu günlər sizin mənə ünvanladığınız çoxsaylı müraciətləri diqqətlə oxuyuram. Bu müraciətlərdə əsasən imtahana giriş balları, imtahanın keçirilmə forması, imtahan suallarının genişliyi və ən nəhayət təəssüf doğuran bir məsələ - semestr imtahanlarının ləğv edilməsi vurğulanır. Siz bilməlisiniz ki, Universitet öz səlahiyyətləri çərçivəsində tələbələr üçün mövcud vəziyyət nəzərə alınaraq böyük güzəştlər etmişdir. Bu, tələbələrin 50 bala qədər imtahana buraxılması, imtahan suallarının və biletlərin sayının azaldılması, sualların konkret deyil, daha çox ümumi xarakter daşıması, davamedici fənlərdən imtahanların ləğv edilməsi, buraxılış işlərinin ÜOMG ilə əvəzlənməsi və sairədən ibarətdir.

İmtahanların ləğv edilməsi isə Universitetin səlahiyyətindən kənar məsələdir. Azərbaycan Dillər Universitetində semestr imtahanlarının keçirilməsi ilə bağlı müvafiq qaydaları əhatə edən əmr artıq Təhsil Nazirliyi tərəfindən imzalanıb Universitetə göndərilmişdir.

Onu da vurğulamaq istərdim ki, sizin imtahanlarınız mövcud şəraitdə müxtəlif vasitələrlə sizə öyrədilən biliklərə və  pandemiya şəraitində keçirilən onlayn dərslərə uyğun olaraq keçiriləcək. Bundan başqa, siz iyun ayında təşkil olunan imtahandan imtina edib, avqust-sentyabr ayında təşkil olunacaq icmal dərslərdə iştirak edərək sentyabrda imtahan verə bilərsiniz. Bu, sizin hüququnuzdur. Rektor kimi onu deyə bilərəm ki, bütün imtahanlar son dərəcə mülayim şəkildə keçiriləcək. Apelyasiya komissiyasının sədri kimi buna şəxsən özüm nəzarət edəcəm.

Mövcud şəraitdə tələbələr üçün yaradılmış bu humanist imkanlardan istifadə etməyən, ümumiyyətlə imtahansız növbəti semestrə keçmək istəyən tələbələr isə düşünürəm ki, universitet tələbəsi adına layiq deyillər. Bu, müasir dünya təhsil sistemində görünməyən haldır və ali təhsilin ümumi prinsiplərinə birbaşa ziddir.

Sizin hər birinizə imtahanlarda uğurlar arzulayıram! Əminəm ki, hamınız bu imtahanları müvəffəqiyyətlə başa vuracaqsınız.

Hörmətlə,

Rektor akademik Kamal Abdulla