XƏBƏRLƏR

Səfir tələbələrlə onlayn görüşüb

14 may, 2020

Azərbaycan Dillər Universitetinin rumın dilində təhsil alan tələbələri ilə, Rumıniyanın ölkəmizdəki səfiri Dan İancu arasında onlayn görüş təşkil olunub.

Tədbirin təşkilatçısı universitetin nəzdində yaradılmış Rumın dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Jozefina Battodur. “Səfir saatı” rubrikası çərçivəsində keçirilmiş onlayn görüşdə, səfir Dan İancu tələbələrə xarici əlaqələrdən söz açıb, ölkələrarası münasibət, ikitərəfli əməkdaşlıq və mövcud koronavirus pandemiyasının insan fəaliyyətinin müxtəlif sahələrinə ciddi təsiri haqda məlumat verib.

Qeyd edək ki, "Səfir saatı" layihəsinin məqsədi tələbələrə müxtəlif ölkələrin səfirləri və diplomatları ilə birbaşa ünsiyyət qurmaq, Azərbaycanın xarici əlaqələri, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, habelə mövcud vəziyyət, tarix, coğrafiya, mədəniyyət və milli dəyərlər barədə məlumat verməkdir. "Səfir saatı" layihəsi çərçivəsində təşkil olunan görüş tələbələrin dünyagörüşünün inkişafı, habelə beynəlxalq münasibətlər sahəsindəki biliklər baxımından əhəmiyyətlidir.

Səfir Dan İancu Covid-19-un həm Rumıniyada, həm də Azərbaycanda mövcud və gözlənilən təsirindən söz açıb. Diplomat bildirib ki, insanların gündəlik həyatında baş verən çatışmazlıqlara və fəsadlara baxmayaraq, bəzi dəyişikliklər, məsələn, elektron hökumətin genişləndirilməsi üçün yenilənmiş təkan, elektron təhsil və sair sahələrə uzunmüddətli fayda gətirəcək. “Digər tərəfdən, qısamüddətli iqtisadi perspektivdəki qeyri-müəyyənliklər və əmək bazarında artan təzyiqlər insanlardan bacarıqlarını inkişaf etdirmək üçün əlavə səy göstərmələrini tələb edəcək. Xüsusilə də tələbələrdə məktəbdənkənar fəaliyyət və akademik mübadilə ilə məşğul olmaq üçün əlavə stimul yaratmalıdır” deyən səfir, bu müstəvidə Dillər Universiteti tələbələrinin Rumıniyanın təqaüd və təhsil proqramlarında iştirak etmək imkanlarına işarə edib.

Səfir İancu rəhbərlik etdiyi diplomatik korpusun gündəliyindəki əsas prioritetləri diqqətə çatdırıb. Bildirib ki, onlar üçün təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələr genişləndirilməlidir. Amma 2020-ci ilin birinci yarısı üçün nəzərdə tutulan bəzi layihələr, pandemik vəziyyət və səyahət məhdudiyyətləri nəzərə alınmaqla payızadək təxirə salınmalıdır.

Onlayn görüş daha sonra tələbələrlə səfir arasında sual-cavab formatında davam etdirilib.