XƏBƏRLƏR

ADU-nun əməkdaşının yeni kitabı

11 may, 2020

Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Aynur Səfərlinin Xalq şairi Rəsul Rza yaradıcılığına həsr olunmuş “Məhəbbətə açılan könül” kitabı çap olunub.

Şair Dayandur Sevginin redaktorluğu ilə çap olunan kitabda  müasir Azərbaycan sərbəst şeirinin ilk yaradıcılarından olan, müstəqil poetik istiqamətin formalaşmasında ardıcıl, sistemli axtarışlar aparan xalq şairi Rəsul Rza haqqında müəllifin əhatəli elmi məqaləsi ön söz olaraq qeyd olunub.  

Kitabın – “Xalq şairi elmi tədqiqatlarda” adlı  ikinci hissəsində Rəsul Rzanın həyat və yaradıcılığı tədqiqatçıların elmi baxış bucağında təqdim edilib.

Növbəti “Rəsul Rza xatirələrdə” adlı hissədə isə şairlə bağlı kövrək fikirlər və xatirələr  yer alıb. “Rəsulun Nigarı” adlı hissədə isə müasirlərinin Nigar Rəfibəyli haqqında fikirləri yer alıb. Kitabın “Rəsmlər xoş xatirələrin əksi kimi” hissəsində isə xalq şairinin ailəsi – anası, xanımı, övladları və şair dostları  ilə səmimi fotoları əks etdirilib.