XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin 97-ci ildönümü münasibətilə onlayn seminar

09 may, 2020

9 may 2020-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Azərbaycan Dillər Universitetinin Təhsil 1 və Təhsil 2 fakültələri Polis Akademiyasının Elmi-tədqiqat şöbəsi ilə birgə onlayn elmi seminar təşkil edib. Qeyd etmək lazımdır ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə hər il Universitetdə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq elmi konfrans ənənəyə çevrilib. Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə 2018-ci ildə təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində keçirilib. Belə ki, konfransın açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində təşkil edilib. Konfransın əhatə dairəsinin genişliyi sayəsində yüksək nəticələr əldə olunub. Ulu Öndərin anadan olmasının 96 illiyi münasibətilə 2019-cu ildə konfransın açılış və bağlanış mərasimi universitetdə keçirildi. Həmçinin konfrans keçən il bölmə iclaslarını nüfuzlu elmi məkanlarla yanaşı, Cəbrayıl rayon 102 nömrəli tam orta məktəbində, N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, Kəlbəcər rayon 1 nömrəli, Ağdam rayon 47 və 1 nömrəli, Xocavənd rayon Xocavənd kənd 1 nömrəli köçkün tam orta məktəblərində və Nardaran kənd 295 nömrəli məktəbdə keçirdi. Bu il mövcud vəziyyət nəzərə alınaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyi ilə əlaqədar onlayn konfranslar və elmi seminarlar ADU-nun müxtəlif fakültələrində təşkil olunub.
Elmi seminarı giriş sözü ilə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov açaraq Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.
ADU-nun Tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova vurğulayıb ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
ADU rektorunun köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən danışandan sonra neft sənayesinin inkişafında xidmətlərini də xüsusi vurğulayıb.
ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov bildirdi ki, Azərbaycanı XX yüzilliyin sonlarında düşdüyü xaos və anarxiyadan çıxaran, ölkədə ictimai-siyasi sabitliyi təmin edən ümummilli lider Heydər Əliyev zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır. Bütün ömrünü dövlətinin, xalqının rifahına, intibahına həsr edən, bu yolda canını belə əsirgəməyən böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas etmiş, millətinin gələcəyini təmin etmişdir. Ulu Öndər öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsl xilaskarlıq nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə xalqa xidmət, vətənə sədaqət ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasında dayanıb. Azərbaycanın iqtisadi, sosial inkişaf səviyyəsinə görə bölgədə liderlik adını qazanması, müasirləşməsi, yeniləşməsi, respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması ümummilli liderimiz Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin bariz nümunəsidir. Ulu Öndərin ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində çoxşaxəli fəaliyyətin əsasında dayanır.
Elmi seminarda çıxış edən Polis Akademiyasının Elmi-tədqiqat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.
Polis Akademiyasının İctimai elmlər kafedrasının rəisi, polis polkovniki Rəhim Məcnunov çıxış edərək deyib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” imzalandı. Bundan başqa, milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, Azərbaycan informasiya blokadasından çıxarıldı.
Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev deyib ki, Azərbaycan xalqının keçdiyi çətin və mürəkkəb inkişaf yoluna işıq saçan, onun bugünkü müstəqilliyinin yaranmasında və inkişafında, müasirləşməsində və yeniləşməsində müstəsna xidmətləri olan Heydər Əliyev fenomenini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivləri ölməz siyasətçinin fədakarlığının nəticəsidir.
Tədbirdə çıxış edən Xarici dillər kafedrasının baş müəllimi Afət Həşimi diqqətə çatdırıb ki, Ümummilli lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Elmi seminarın sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slayd şou göstərilib.