XƏBƏRLƏR

Azərbaycan aliminin yeni uğuru

30 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov beynəlxalq miqyasda nüfuz qazanmış alimlərdəndir. O, bir sıra şəhər və ölkələrdə - İrəvanda, Almaniyada, Fransada, Türkiyədə keçirilən beynəlxalq elmi konfrans və qurultaylarda respublikamızı layiqincə təmsil edib, Rusiya, İran, Türkiyə və Serbiyada məqalələri (10 məqalə), Sankt-Peterburq (2012), Moskva (2013), Amerika Birləşmiş Ştatları (2016), Fransa (2015), Almaniya (2016), İngiltərə (2016), Kanada (2016), Hindistan (2017), İsveçdə (2018) monoqrafiyaları (ABŞ-da 3, Rusiyada 2) işıq üzü görüb. Dünya şöhrətli alimlər Boris Starkov, Rudolf İvanov (Rusiya), Jan Lui Bake Qrammon, Arno Laster (Fransa), Eldar Vəliyev (Ukrayna), habelə Nəzmi Ağıl (Türkiyə) və Samir Kazımoğlu  alimin yaradıcılığına yüksək qiymət veriblər. Bir sıra xarici ölkələrdə bu zəhmətkeş tədqiqatçının yaradıcılığı haqqında məqalələr dərc olunub, onun əsərlərinə istinad edilib.

Bu günlərdə isə həmyerlimiz yeni bir uğura imza atıb, Türkiyənin paytaxtı Ankarada Türk Dünyada Araşdırmaları Dövlətlərarası Elmlər Akademiyasının akademiki seçilib. Xatırlatmaq lazımdır ki, bu, azərbaycanlı alimin üzv olduğu dördüncü ölkədir. Bundan əvvəl o, ABŞ-ın məşhur Nyu-York Elmlər Akademiyasının, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki və Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü seçilib.