XƏBƏRLƏR

Baş nazir Novruz Məmmədov Çərkəz Qurbanlı və 20 Yanvar faciəsi haqqında xatirələrini bölüşüb

11 sentyabr, 2019

Azərbaycan Dillər Universitetinin fəxri məzunlarından olan, bir müddət bu universitetdə müəllim-professor, kafedra müdiri və dekan kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının  Baş naziri Novruz Məmmədov bu günlərdə SPACE televiziyasına geniş müsahibə vermişdir. Son dərəcə maraqlı müsahibəsində hörmətli Baş nazir Azərbaycan Dillər Universitetində çalışdığı və 20 Yanvar faciəsinin baş verdiyi 1990-cı ili xatırlamış və həmin ildə Azərbaycan Dillər Universitetinin prorektoru vəzifəsində çalışan professor Çərkəz Qurbanlı ilə birlikdə Tbilisiyə yürüş etmələri barədə də söhbət açmışdır. Məsələ burasındadır ki, 1989-cu ilin 9 aprelində sovet rejimi baş qaldıran demokratiya dalğasının qarşısını almaq üçün Tbilisidə qırğın törətmiş, bir müddət sonra isə Bakıda 20 Yanvar faciəsini həyata keçirmişdi. Bu kimi cinayətlərə etiraz əlaməti olaraq, Azərbaycan Dillər Universitetinin iki professoru – Novruz Məmmədov və Çərkəz Qurbanlı Bakıdan Tbilisiyə piyada yürüş etmişdilər. Baş nazir Novruz Məmmədovun vətənpərvərlik, cəsarət və əsl ziyalılıq nümunəsi olan həmin yürüşlə bağlı söylədikləri 1990-cı ildə böyük sensasiyaya səbəb olduğu kimi, bu gün də ciddi maraq doğurur. Baş nazir Novruz Məmmədovun müsahibəsindən Tbilisiyə piyada yürüşlə bağlı hissəni sizlərə təqdim edirik:

“1990-cı ildə 20 Yanvar şəhidlərinin 40 mərasimini qeyd edirdik. Şəhidlər Xiyabanında həddindən çox insan var idi. Biz də bir neçə müəllim sarsılmış vəziyyətdə bir tərəfdə durmuşduq. Orda – şəhidlər arasında uşaqlar, yaşlılar, qadınlar, gənclər, hətta bizim Universitetdən Ülvi Bünyadzadə də var idi. Xiyabanda dayanıb düşünürdük ki, niyə belə oldu? Bir də gördük ki, iki maşından bir neçə adam düşüb əllərində gül dəstələri gəlir. Biz bilmirdik ki, onlar kimdir. Yanımızda tələbələr də var idi. Tələbələr maraqlandılar. Dedilər: “Gürcüstandan qardaşlarımız gəliblər 40 mərasiminə, başsağlığı verməyə”. Belə olanda  Çərkəz Qurbanlı dedi: “Biz neyləyə bilərik? Biz heç nə etməmişik”. Dedim: “Düzdür, etməmişik, amma nə edə bilərik? Bir iş görməyə imkan da yoxdur”. O vaxt Qorxmaz Quliyev Dillər Universitetində rektor, Çərkəz Qurbanlı isə prorektor idi. Çərkəz Qurbanlı dedi: “İndi gəlin belə bir şey edək. Gəlin burdan Tbilisiyə piyada yürüş edək”. Çərkəz Qurbanlı dərhal əlavə etdi ki: “Kim gedə bilər?” Yanımızda başqa müəllimlər də var idi. Hamı susdu. Mənə baxdı, dedi: “Gedirsən?” Dedim: “Gedirəm”. O vaxt mən Dillər Universitetində dekan idim. Razılaşdıq ki, bir-iki günə yola çıxaq. Təcrübəmiz yox idi. Bir neçə paltar, bir az pul götürdük. Məqsədimiz ancaq Tbilisiyə piyada getmək idi. Martın 22-i 20 Yanvar ərazisində görüşdük. Çərkəz müəllimlə qonşusu Sarvan da gəlmişdi. 3 nəfərlə yola çıxdıq. Bizim getməyimizi artıq hamı bilirdi. Düz 19 gün piyada yol getdik. 9 aprelə qədər hər gün 25-28 km yol qət etdik. Rayonlardan bizə qoşulurdular ki, biz də gedək. Təbii ki, razı olmurduq onların getməyinə. Müxtəlif qəzetlərdən, mətbu orqanlardan gəlib bizdən müsahibə almaq istəyirdilər. Heç birinə müsahibə vermirdik”.