XƏBƏRLƏR

ADU-nun əməkdaşı Yaponiyada yay kursunda iştirak edib

21 avqust, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının yapon dili müəllimi Xanım Xəlilova Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Yapon fondu tərəfindən təşkil olunan və maliyyələşdirilən “Yapon dilini tədris edən müəllimlər üçün Yapon dili tədrisi metodları  proqramı ” nın yay kursunda iştirak edib.

Proqram Yaponiyanın Saytama şəhərinin Urava Beynəlxalq İnstitutunda keçirilib. Proqramda 26 ölkədən 36 yapon dili müəllimi iştirak edib. Müəllimlər yüksək səviyyəli mühazirələrdə iştirak edib, çoxsaylı yeni metodlar öyrənib, bir sıra layihələr hazırlayıb, Yaponiyanın bir çox təhsil ocaqlarına gedərək, dərs proseslərini müşahidə edib, proqramın sonunda isə beynəlxalq sertifikatlarla təltif olunublar.

Proqram çərçivəsində hər müəllim fəaliyyət göstərdiyi universitet haqqında geniş məlumat verib. Xanım Xəlilova da ADU və universitetin nəzdindəki Yaponiya Araşdırmalar Mərkəzi haqda təqdimatla çıxış edib.

Yaponiyanın Tokyo, Yokohama, Kamakura, Saytama və digər şəhərlərinə də ekskursiyalar təşkil olunub. Müəllimlər dil biliklərini dərinləşdirib, eyni zamanda Yaponiyanın mədəniyyətini, incəsənətini və digər sahələri ilə də yaxından tanış olublar.

Xanım Xəlilovanın yay kursunda iştirakı, qazandığı biliklərdən faydalanaraq, yeni dərs metodlarını tədbiq etməsi onun daha da yüksək səviyyəli dərs prosesi təşkil etməyinə, eləcə də tələbələrin motivasiyalarının artmasına böyük təsirini göstərəcəkdir.