XƏBƏRLƏR

ADU-nun dosenti Alman Dili Birliyinin qurultayında ölkəmizi təmsil edib

09 iyul, 2019

Azərbaycanda Alman Dili Birliyinin (ABD) rəhbəri, Azərbaycan Dillər Universitetinin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərova bu beynəlxalq təşkilatın Hallendə keçirilən qurultayında ölkəmizi təmsil edərək çıxış edib.

O, çıxışında qeyd edib ki, vaxtilə bütün dünyada olduğu kimi Azərbaycanda da alman dili birinci əsas xarici dil kimi keçirilməsinə baxmayaraq, artıq ingilis dilinə göstərilən maraq üstünlük təşkil edir. Buna baxmayaraq, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU-da alman dilinin inkişafı üçün xeyli  işlər görüb. Onun təşəbbüsü ilə ADU-da Germanistika İnstitutu yaradılıb. Almaniyada universitetlərlə əlaqə yaradılması istiqamətində müəyyən işlər görülüb. ADU-da Germanistika İnstitutunun direktoru xanım professor Hartmannın rəhbərliyi ilə bir çox tədbirlər keçirilir.

Gülənbər Pirnəzərova çıxışında əlavə edib ki, hər il ADB Alman dili gününə  həsr olunmuş tədbir keçirir. O, Beynəlxalq Müəllimlər Birliyinin Azərbaycandakı sədri Lətifə Qurbanova ilə sıx əməkdaşlıq etməyə səy göstərir. Çünki hər iki Birliyin məqsədi alman dilinin inkişaf etdirilməsi, yayılmasıdır.

Çıxışda orta məktəblərdə və Azərbaycanın müxtəlif bölgələrində də Alman Dili Gününə həsr olunmuş tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Eyni zamanda Ştefani Matzer və Maraliza Gezerin də ADU-da bir çox seminarların və tədbirlərin təşkilindəki rolu xüsusilə vurğulanıb.

Qeyd edək ki, ADB Almaniyada 1997-ci ildə yaradılıb, dünyada  təxminən 36.000 üzvü var.

Azərbaycanda isə ADB 2004-cü ildən yaradılıb, 400-dən çox üzvü var.