XƏBƏRLƏR

“Azərbaycan türkologiyasının bayraqdarı - Fərhad Zeynalov” mövzusunda seminar keçirilib

25 iyun, 2019

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının nəzdində “Azərbaycan türkologiyasının bayraqdarı - Fərhad Zeynalov” adlı növbəti seminar keçirilib. “Türkologiya” jurnalının elmi seminarlar silsiləsinin davam olan bu seminar görkəmli türkoloq alim Fərhad Zeynalovun anadan olmasının 90 illiyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, iyunun 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən seminara “Türkologiya” jurnalının baş redaktoru, akademik Kamal Abdulla moderatorluq edib.

Tədbiri K.Abdulla açaraq bildirib ki, seminarın əsas məqsədi türkologiya elminin nailiyyətlərini və problemlərini türkoloq alimlərin birgə iştirakı ilə müzakirə etmək, gənc türkoloqları bu elmin görkəmli sələf və xələfləri, onların elmi irsi ilə tanış etmək, türkologiya elminin inkişafına, onun digər elm sahələri ilə əlaqəsinin daha sıx qurulmasına və bu elm sahəsinin şaxələndirilməsinə kömək etməkdir. Fərhad Zeynalovun Azərbaycan türkologiya elminin bayraqdarı olduğunu vurğulayan K.Abdulla qeyd edib ki, o, Azərbaycanda türkoloji araşdırmaların canlanmasında, ölkəmizin sovet məkanında türkoloji mərkəzə çevrilməsində mühüm rol oynayıb, elmi fəaliyyəti ilə “Türkologiya” jurnalının məhz Bakıda çap edilməsinə zəmin hazırlayıb. Akademik, həmçinin qeyd edib ki, bu seminar jurnalın görkəmli alimlərimizin yubileyinə həsr etdiyi ilk tədbirdir. Fərhad Zeynalovun anılması ilə əsası qoyulan bu yeni ənənə davam etdiriləcək və növbəti seminarlar görkəmli alimlərimizin elmi irsinin müzakirəsinə həsr ediləcək.

Fərhad Zeynalovun tələbəsi, Bakı Dövlət Universitetinin professoru Məmmədəli Qıpçaq onun yetişməsində böyük əməyi olan müəllimini xoş xatirələrlə anıb. O qeyd edib ki, Fərhad Zeynalov türkoloji araşdırmalara imkan verilmədiyi bir dövrdə türkologiya kafedrasını qurmaqla, türkoloji sahədə tədqiqatlara böyük əmək sərf etməklə, bu sahəyə gənc tədqiqatçıları cəlb etməklə Azərbaycan türkologiyasına misilsiz töhfələr verib. O dövrdə bu addımı atmaq böyük iradə və cəsarət tələb edirdi. M.Qıpçaq Fərhad Zeynalovun tədqiqatlarının və əsərlərinin bu gün də türkologiya elmi üçün aktuallıq kəsb etdiyini deyib.

Seminarda, həmçinin AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professor Aydın Ələkbərov, Bakı Dövlət Universitetinin professorları Rüfət Rüstəmov, Ramiz Əskər, Vaqif Sultanlı, Məhərrəm Məmmədli və Tofiq Hacıyev, dosent Qızılgül Abdullayeva, Dilçilik İnstitutunun Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, professor Roza Eyvazova Fərhad Zeynalovun Azərbaycan türkologiyasının inkişafında xidmətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.

Fərhad Zeynalovun oğlu Vüqar Zeynallı seminarın yüksək səviyyədə təşkilinə görə jurnalın baş redaktoru Kamal Abdullaya, çıxış edənlərə və seminar iştirakçılarına minnətdarlığını bildirib.

“Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışında Fərhad Zeynalovun türkologiya elminə verdiyi dəyərli əsərlərinin bu gün də dünyanın müxtəlif türkoloji mərkəzlərində maraqla oxunduğunu, türkologiya sahəsindəki tədqiqatlara yol açdığını vurğulayıb. Qeyd edib ki, özü aramızda olmasa da, görkəmli alimin qiymətli fikir və ideyaları daim yaşayacaq.

Seminarda Dilçilik İnstitutunun və “Türkologiya” jurnalının əməkdaşları, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Bakı Avrasiya Universitetinin tələbələri iştirak ediblər.