XƏBƏRLƏR

ABŞ səfirinin tərcüməçisi tələbələrlə görüşüb

24 may, 2019

May ayının 23-də Amerika səfirinin tərcüməçisi Xaqani Əliyev Tərcümə fakültəsinin tələbələrilə görüş keçirib. Xaqani Əliyev tərcümənin növləri, tərcümə prosesi zamanı yol verilən səhvlər, şifahi və yazılı tərcümə, sinxron və ardıcıl tərcümə arasındakı oxşar və fərqli cəhətlər, tərcümənin mərhələləri, tərcümə prosesində tələb olunan bacarıqlar haqqında məlumat verib.

O, sinxron tərcümədə vaxt məhdudiyyəti mövzusuna toxunub və bu zaman səhv düzəltmə, yenidən soruşma və s. kimi halların yolverilməz olduğunu qeyd edib. O, sinxron tərcümədə beynin informasiyanı sürətli formada ötürməli olduğunu və bu zaman onun 3 mərhələdən keçdiyini deyib. Bu mərhələlər aktiv dinləmə, emal etmə və məlumatın ötürülməsidir.

O, sinxron tərcümə zamanı məlumatı proqnozlaşdırmaq və fikri yığcam ifadə etməyin tələb olunan bacarıqlar arasında olduğunu və söz ehtiyatının hər iki dildə zəngin olmasının mütləq olduğunu deyib. Xaqani Əliyev əlavə edib ki, tərcüməçi hazırlıqlı, səliqəli və düzgün geyinmiş olmalıdır.

Görüş tələbələrin sual-cavabı ilə yekunlaşıb.