XƏBƏRLƏR

“Azərbaycanda dinlər və multikultural yanaşma” seminarı keçirilib

24 may, 2019

Mayın 23-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Multikulturalizm Elmi tədqiqat laboratoriyasının, Tələbə  Elmi  Cəmiyyətinin, İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Səmavi dinlər sərgisinin nümayişi ilə” “Azərbaycanda dinlər və multikultural yanaşma” adlı növbəti seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın qədim və zəngin multikulturalizm ənənələrindən danışıb. Respublikamızda multikultural mühitin qorunmasının ölkə rəhbərliyi tərəfindən həmişə diqqət mərkəzində saxlandığını deyən Rəvan Həsənov Azərbaycanın multikulturalizmin inkişafında və təbliğindəki mövqeyinin digər ölkələrə nümunə olduğunu qeyd edib: “Multikulturalizm Azərbaycanda dövlət siyasəti, xalqımızın ənənəvi yaşam formasıdır. Azərbaycan dövləti ölkəmizdə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır”.

Azərbaycan Dillər Universitetinin Multikulturalizm ETL-nin aparıcı elmi işçisi Əli Fərhadov “XIX-XX əsrin əvvələri Azərbaycanda islam” mövzusunda çıxış edib: “Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, islami dəyərlər gətiribdir. Bu dəyərlər – müqəddəs kitabımız “Qurani-Kərim”dən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edib. Məlumdur ki, Qafqazda yaşayan xalqlar islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə malik olublar. İslamın dini-mənəvi dəyərləri Qafqaz xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil ediblər.”

Azərbaycan Dillər Universitetinin İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin mütəxəssisi Günay Səfərova “Azərbaycanda yəhudilik” mövzusunda çıxış edib. Natiq çıxışında söyləyib ki,Azərbaycanda üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ  yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında yəhudilərin də iştirakını söyləyən Günay Səfərova Azərbaycanın milli qəhrəmanı Albert Aqanurovun qəhrəmanlığından danışıb.

Seminar tələbələrin sualları ilə başa çatıb.