XƏBƏRLƏR

ADU tələbəsinin “ikili diplom” uğuru – Nərminlə müsahibə

20 may, 2019

- Nərmin xanım, əvvəlcə, sizi daha yaxından tanıyaq

- 1994-cü ildə Kürdəmirdə anadan olmuşam. Orta təhsilimi 2000-2011-ci illərdə Yenikənd kənd tam orta məktəbində almışam. 2011-ci ildə 621 balla Azərbaycan Dillər Universiteti Tərcümə (ingilis) fakültəsinə qəbul olunmuş, 2015-ci ildə oranı 93 orta balla bitirmişəm. 2017-ci ildə həmin universitetin Magistratura fakültəsinə daxil olmuşam. Hal-hazırda universitetin Sinxron Tərcümə üzrə II kurs magistr tələbəsiyəm.

- Məhz Tərcümə fakültəsini, Azərbaycan Dillər Universitetini seçməyinizin xüsusi bir səbəbi varmı?

- Dillərə marağım uşaqlıqdan böyük olub. Mən həmişə özümü bu sahədə görmüşəm və mənə görə, insanın qərarına təsir edən ən birinci səbəb bu olmalıdır. Həmçinin, qeyd edim ki, qəbul imtahanını Azərbaycan Dillər Universitetinin əsas binasında vermişəm. Hələ də yadımdadır, binanın qarşısında gözləyən zaman anam “İstəyərəm, elə bura da qəbul olasan” demişdi. Amma həmin vaxt ingilis dili öncəlik olsa da, qəti bir qərar yox idi. İmtanandan sonrakı seçim prosesində isə istədiyim ixtisas üzrə ən yüksək keçid balının burda olduğunu nəzərə alaraq, ADU Tərcümə fakültəsini birinci sırada yazdıq və elə həmin yerə də daxil oldum.

- Necə oldu ki, “ikili diplom” layihəsini qazandınız?

- Biz hələ IV kursda oxuyanda Fialə müəllimə tələbəsinin Delokalizasiya Proqramı çərçivəsində Strasburqda oxumasından ürəkdolusu danışırdı. Həmin söhbətlərə həvəslə qulaq assam da, heç vaxt ağlımın ucundan belə keçirməmişdim ki, illər sonra bu proqrama seçilən tələbə olaram. İş orasındadır ki, proqram elə həmin ildən fasilə götürmüş və bir də mən magistraturaya qəbul olan il yenidən fəaliyyətə başlamışdı. 2017-ci ilin oktyabr ayında ilkin seçim turu oldu. Dil cütlüyü ingilis-fransız olan tələbə kimi mən seçildim, sonra Strasburq Universitetində Tərcümə və Beynəlxalq Münasibətlər İnstitutunun (ITIRI) Direktoru Ekart Hötzellə skype vasitəsilə müsahibə oldu. Onun təsdiqindən sonra növbəti mərhələyə keçdim. Hərəsinə 1 saat vaxt ayrılmaqla və 10 dəqiqəlik fasilə ilə 3 yazılı tərcümə imtahanı keçirildi (azərbaycancadan ingiliscəyə, ingiliscədən azərbaycancaya və fransızcadan azərbaycancaya və fransızca olan tərcümə mətni Strasburq Universitetindən göndərilmişdi). Üç həftə sonra Strasburq Universitetindən gələn məktubla Delokalizasiya Proqramına seçilməyin rəsmi olaraq təsdiqləndi. Yanvar ayında Ekart Hötzel üzbəüz görüş üçün universitetimizə gəldi. Bundan sonrakı mərhələ ikinci semestrdə mənə tədris olunacaq fənlərin sayının artırılması idi ki, bu da semester sonunda birlikdə 11 imtahan demək idi. 2018-ci ilin yayı bu mənada mənimçün ağır oldu. İyunun əvvəlindən avqustun sonuna qədər olan müddətdə 11 imtahan verməli oldum. Çox çətin proses oldu, hərtərəfli yoruldum, amma sonda 10 A və 1 B  olmaqla imtahanları geridə qoydum. Noyabrın 9-da Strasburq Universitetindən Master 1 diplomumu aldıqda isə düşündüm ki, belə böyük nəticə üçün zəhmət çəkməyə dəyər. Açığı, Proqramın əvvəlində tərəddüd etdiyim vaxtlar olub, hətta geri çəkilmək istəmişəm, amma Jalə xanım buna razılıq verməyib. İmtina xəbərimi eşidəndə o, “Böyük işlər asan olmur, gün gələr mənə təşəkkür edərsən” demişdi. Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər üzrə prorektoru Jalə Qəribova Delokalizasiya Proqramının təsisçisidir. Və mən bu gün bu uğurum üçün – həm belə bir proqramı yaratdığına, həm də zamanında haqlı olaraq mənə özümdən çox inandığına görə ona dərin təşəkkürümü bildirirəm. Böyük işlər asan olmadığı kimi, tək də olmur. Əslində, heç bir insan heç bir uğuru sözün əsl mənasında tək qazanmır. Bu günə qədər qazandıqlarımda mənə hər zaman hərtərəfli dəstək olmuş valideynlərimin, ailəmin, üzərimdə əməyi olan əziz müəllimlərimin və bu Proqramda onu təsis edən və sona qədər dəstəkləyən Jalə xanımın rolu var. Uğurumda payı olan hər kəsə minnətdaram.

- Qazandığınız kifayət qədər uğur var, bəs sizə görə, uğurun sirri nədədir?

- İnsan heç bir məsələyə dırnaqarası yanaşmamalı, hər şəraitdə əlindən gələnin ən yaxşısını eləməlidir. Eyni zamanda heç kim dana bilməz ki, uğurda şans özü də çox önəmlidir və mənə görə, hər bir insan dürüst olduğu qədər şanslıdır. İnsan uğurlu olmaq üçün daim çalışmalı, ancaq ona çatmadıqda kəsə yollara əl atmamalıdır. Mənə görə əsl uğur xalis zəhmətlə qazanılan uğurdur.

- Təhsillə bağlı həyata keçirmək istədiyiniz planlarınız var? Bu haqda nə deyə bilərsiniz?

- Delokalizasiya Proqramına seçilmək və onun birinci ilini uğurla tamamlamaq mənim üçün böyük qürur oldu. Ümidvaram, bu qürur və sevincin daha böyüyünü Strasburq Universitetindən tam magistr diplomu ilə məzun olanda yaşayaram. İndilik isə əsas məqsədim hazırda üzərində çalışdığım diplom müdafiəsini uğurla başa vurmaq və ADU-nun Sinxron Tərcümə üzrə magistr diplomunu qazanmaqdır.

- Son olaraq belə bir sual: deyirlər, tərcümə qadın kimidir: gözəli dəqiq olmur, dəqiqi isə gözəl. Bəs siz necə tərif verərdiniz bu peşəyə?

- Gözəllik və dəqiqlik bir-birini istisna edən iki keyfiyyət deyil. Mənə görə, bu, qadında da, tərcümədə də belədir. Yaxşı tərcümə o tərcümədir ki, o, orijinalın – məxəz mətnin yaratdığı təsiri yarada bilir. Dillər bizi əhatə edən eyni dünyanı, hadisələri və insanları fərqli şəkildə ifadə edən sistemlərdir. Sadə dillə desək, eyni fikrin iki fərqli dildə söylənilməsi onun fərqli dil vahidlərindən istifadə olunaraq təqdim olunmasıdır. Məzmun isə eynidir. Sadəcə olaraq müxtəlif dillərin bu məzmunu ifadə etmək üçün müxtəlif vasitələri var. Deməli, bir məzmunu başqa bir dilə ötürmək üçün yalnız həmin dildəki ən uyğun ekvivalenti – dil vahidini tapmaq lazımdır. Bu isə bu sənətə mükəmməl yiyələnmiş peşəkar tərcüməçilər tələb edir.