XƏBƏRLƏR

Rafiq Həşimovla görüş keçirilib

16 may, 2019

ADU-nun Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlının təşəbbüsü ilə Filologiya və jurnalistika fakültəsinin tələbələrinin Azərbaycan Dövlət Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti Rafiq Həşimovla görüşü keçirilib.

Görüşdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov, Filologiya və jurnalistika fakültəsinin dekanı professor Şahin Xəlilli, Qafqazşünaslıq kafedrasının müdiri Əsgər Zeynalov və Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı iştirak ediblər.

Tədbiri giriş sözü ilə akademik Muxtar İmanov açaraq bu tipli görüşlərin davamlı olacağını vurğulayıb. Akademik Muxtar İmanov jurnalistika ixtisasında təhsil alan tələbələrlə peşəkar jurnalistlərin görüşünə ehtiyac olduğunu xüsusi qeyd edib.

Rafiq Həşimov ADU-nun jurnalistika ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərsi keçib. Ustad dərsi  “Televiziyada nitq mədəniyyəti” mövzusuna həsr edilib. Rafiq Həşimov öz çıxışında intonasiya, pauza və məntiqi vurğunun gözlənilməsinin telejurnalistlərin nitqində vacib şərtlər olduğunu qeyd edib.

Görüşün sonunda Rafiq Həşimov tələbələrin suallarını cavablandırıb.