XƏBƏRLƏR

Məşhur telejurnalist ADU tələbələri ilə görüşüb

16 may, 2019

Mayın 16-da Azərbaycan Dillər Universitetində (ADU) məşhur telejurnalist Ceyhun Əli universitetin Tərcümə fakültəsinin tələbələri ilə görüşüb. Görüşün əsas mövzusu tərcümədə nitq mədəniyyətinin rolu və tərcümə zamanı nitqdə yaranan problemlər olub. O, nitqdə jestlərin, mimikaların, emosiyaların və bədən dilinin ən önəmli məsələlərdən olduğunu vurğulayıb.

Ceyhun Əli nitqin zahiri və daxili tərəflərinin olduğunu və bunun tərcümədə böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, tərcümənin tərcümə prosesində bir dildən digər dilə, bir mədəniyyətdən digərinə keçid təşkil etdiyini, mədəniyyətlər oxşar olduğu halda nitqin daha melodik olduğunu sözlərinə əlavə edib.

Ceyhun Əli tələbəlik illərində A.Borxesin “Qılınc əlin davamıdır” deyimini əsas tutaraq nitqin də ruhun davamı olduğunu və şüuraltı məqamlarla sıx bağlı olduğunu qeyd edib. O, tərcüməni nitqin sifarişi kimi göstərərək nitqin sürətliliyinin fikrin zənginliyi ilə bağlı olduğunu və birbaşa beyinlə əlaqəli olduğunu deyib. Ceyhun Əli tərcüməçinin uğurlu tərcümə etməsi üçün öz ana dilini mükəmməl bilməsinin çox vacib olduğunu və bu sahədə Azərbaycan dilini inkişaf etdirmək üçün görkəmli Azərbaycan yazıçıları Anar və Elçinin əsərlərini oxumağı tələbələrə tövsiyə edib.

Görüş tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.