XƏBƏRLƏR

Belqrad Universitetinin professoru ADU-da ustad dərs keçib

14 may, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Serbiya dili və mədəniyyəti mərkəzində  Belqrad Universitetinin professoru Ema Mijikovic (Petrovic) “Serbiya-Azərbaycan elmi-mədəni əlaqələri”(“Serbian-Azerbaijan scientific-cultural relations”) adlı ustad dərs keçib.

Professor Ema Mijikovic Serbiya Azərbaycan əlaqələrindən, ADU-da təsis edilən Serbiya dili  və mədəniyyəti mərkəzinin fəaliyyətindən məmnunluq duyduqlarını qeyd edib. Ulu öndər Heydər Əliyevin  xatirəsinə həsr edilmiş konfransın işini yüksək qiymətləndirdiyini, Azərbaycanda həyat tərzinə çevrilmiş  dünyaya örnək multikultural siyasətə rəğbət bəslədiklərini bildirib. Daha sonra Belqrad Universiteti və orada fəaliyyət göstərən fakültələr, şöbə və mərkəzlər haqqında məlumat verərək, universitetin strukturu ilə bağlı lazımi məqamları vurğulayıb.

Eyni zamanda Erasmus proqramı çərçivəsində müəllim və tələbə mübadiləsinin perspektivləri barədə danışaraq, elmi əməkdaşlığın gələcəkdə də davam etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini söyləyib. Serbiya-Azərbaycan arasında qarşılıqlı əlaqələr barədə danışan professor  Serbiyadakı Azərbaycan  səfirliyinin rolunu xüsusilə vurğulayıb. O, bildirib ki, Belqrad Universitetində də həmçinin “Azərbaycan mədəniyyəti və mərkəzi” fəaliyyət göstərir. Mədəniyyətimizin təbliğində Zərifə Əlizadənin rolu və fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirən Ema Mijikovic növbəti ildən etibarən universitetdə Azərbaycan dilinin tədris olunacağını qeyd edib. O, elmi əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə nəzərdə tutulan planlardan bəhs edib, universitet nəzdində fəaliyyət göstərən nəşriyyat və ödənişlər barədə məlumat verib.

Ustad dərsdə universitetin professor-müəllim heyəti ilə yanaşı, doktorant və dissertantlar, həmçinin Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.