XƏBƏRLƏR

Kəlbəcər məktəbində “Heydər Əliyev və müasir Azərbaycan” bölmə iclası keçirilib

08 may, 2019

Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 1 saylı köçkün tam orta məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II Beynəlxalq elmi konfransın “Heydər Əliyev və müasir Azərbaycan” adlı I bölmə iclası keçirilib.

 İclasın moderatorları ADU-nun dosenti Tofiq Quliyev və Kəlbəcər rayon 1 saylı köçkün məktəbinin direktoru Nazim Qafarov olub. Moderator Tofiq Quliyevin təklifi ilə ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bölmə iclasında Gəncə şəhər YAP-ın Gənclər mərkəzinin sədri Naqif Təhməzov da iştirak edib.

Sonra moderator çıxış üçün sözü müəllimlərə verib. Kəlbəcər rayon 1 saylı köçkün məktəbinin direktoru Nazim Qafarov “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm” mövzusunda, Kəlbəcər rayon 1 saylı köçkün məktəbinin müəllimi Şaiq Əhmədov “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” mövzusunda, ADU-nun dosenti Tofiq Quliyev “Xarici dillərin tədrisində multikultural yanaşma” mövzusunda, ADU-nun dosenti Elxan Yusifov “Almaniyada xristianlığın yayılmasında latın dilinin təsiri” mövzusunda çıxış ediblər.

Bölmə iclasında Gəncə şəhər YAP-ın Gənclər mərkəzinin sədri Naqif Təhməzov çıxış edib. İclasda iştirak edən müəllimlər də öz fikirlərini bildiriblər.

Bölmə iclasından sonra Tofiq Quliyev və Elxan Yusifov YAP-ın Gənclər mərkəzinə dəvət olunublar. YAP-ın Gənclər mərkəzinin sədri Naqif Təhməzov gələcəkdə belə mötəbər iclasların Gəncə şəhərində yerləşən bütün məcburi köçkün məktəblərinin müəllimlərinin iştirakı ilə məhz bu mərkəzdə keçirilməsini təklif edib.