XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti Türk Universitetlər Birliyinin Baş Assambleyasında təmsil olunub

01 may, 2019

22-25 aprel tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Universitetlər Birliyinin IV Baş Assambleyası keçirilib. Assambleyada Azərbaycan Dillər Universitetini rektorun ictimai məsələlər üzrə müşaviri Sərraf Hüseynov təmsil edib. Azərbaycan Dillər Universitetinin üzv olduğu Türk Universitetlər Birliyi hazırda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın 25 nüfuzlu  universitetini birləşdirir.

Türk Universitetlər Birliyi öz ətrafında birləşdirdiyi universitetlər arasında tələbə, magistrant, doktorant mübadiləsinə, akademik müstəvidə müxtəlif layihə və tədbirlərin keçirilməsinə şərait yaradan bir platforma olmaqla yaxın gələcəkdə digər türkdilli ölkələrin də universitetlərini əhatə etməyi hədəfləyir.

Assambleyanın təşkil olunduğu Əhməd Yasəvi Universiteti keçirilən görüşlər çərçivəsində Azərbaycan Dillər Universiteti ilə birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalamaq təklifi ilə çıxış edib və bu təklif ADU rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Universitetdə təşkil olunan imzalanma mərasimində ADU ilə Əhmət Yasəvi Universiteti arasında qeyd edilən memorandum imzalanıb, xatirə hədiyələri təqim edilib. Memorandum iki universitet arasında təhsil alanların mübadiləsinə, birgə layihə və konfransların keçirilməsinə imkan  verir.

Səfər çərçivəsində birlikdə təmsil olunan digər universitetlərlə də ADU-nun gələcəkdə birgə əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.