XƏBƏRLƏR

“Poeziya çələngi” toplusu Azərbaycan və ingilis dillərində nəşr olunub

26 aprel, 2019

Azərbaycan ədəbiyyatı nümunələri ingilis dilinə tərcümə olunaraq kitab şəklində çap edilib. “Poeziya çələngi” adlı yeni tərcümə kitabında  yer alan şeirləri Azərbaycan dilindən ingilis dilinə tanınmış şair-tərcüməçi, Azərbaycan Dillər Universitetinin məsləhətçi dosenti Sabir Mustafa tərcümə edib.

Kitabın tərtibatçısı Səminə Sabir qızı, redaktoru professor Qılıncxan Bayramov, ön sözün müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent Fialə Abdullayeva və professor Şahin Xəlillidir.

 “Poeziya çələngi” toplusunun nəşri Azərbaycan və ingilis mədəniyyəti arasında yeni körpüdür.

Ön sözün müəllifləri qeyd edirlər ki, Sabir Mustafa “Poeziya çələngi” toplusunda Azərbaycan ədəbiyyatının ürəkləri vəcdə gətirən poetik nümunələrini ingilis dilinə tərcümə etməklə Azərbaycan klassik və müasir poeziyasının yaxın və uzaq meridianlarında əks-sədasını yaratmağa cəhd göstərib. Şübhəsiz ki, onun tərcümə missiyası uğurlu alınıb, insan ömründən çox-çox uzun olan zamanın ədəbi estafetini qazanıb. 

Folklor və Azərbaycan klassik poeziyasının bir çox nümünələrinin Azərbaycan türkcəsindən ingilis dilinə poetik tərcümələrini yaradan Sabir Mustafanın tərcümələrini onun mənalı və yaradıcı ömrünün dekorasiyaları da adlandırmaq olar.

Kitab Mədəniyyət Nazirliyi tərəfindən Şərq-Qərb nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, uzun illər tərcümə sənəti ilə məşğul olan Sabir Mustafa Şekspirin ölməz faciələrini - "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet" və s., o cümlədən bir çox məşhur müəlliflərin əsərlərini ingilis dilindən Azərbaycan dilinə tərcümə edib.