XƏBƏRLƏR

Professor Əsgər Zeynalov: "Qitələr, okeanlar qurtarıb, yaradıcılıq isə davam edir" - MÜSAHİBƏ

26 aprel, 2019

Qitələr, okeanlar qurtarıb, yaradıcılıq isə davam edir...

Müsahibimiz filologiya elmləri doktoru, professor, ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, beynəlxalq aləmdə alim kimi özünü təsdiq etmiş  Əsgər Məmməd oğlu Zeynalovdur.

- Əsgər müəllim, öncə istərdik ki, özünüz haqda qısa məlumat verəsiniz.

- Mən 1951-ci il sentyabr ayının 27-də İrəvan yaxınlığındakı Zəngibasar mahalının (Uluxanlı) Yuxarı Necili kəndində anadan olmuşam. Vaxtıyla böyük ədib Cəlil Məmmədquluzadənin dərs dediyi Uluxanlı (Zəngibasar) orta məktəbini bitirmişəm. Uşaqlıqda mütaliəni çox sevərdim. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirərək bir il Ağdərə rayonunun Manikli və Xatınbəyli kəndlərində, sonra isə doğma Yuxarı Necili və qonşu Dəmirçi kəndində fransız dili müəllimi kimi fəaliyyət göstərmişəm. 1976-77-ci illərdə Buryatyanın paytaxtı Ulan-Ude şəhərində hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən sonra 1988-ci il Qarabağ hadisələri başlayana qədər kəndimizdə müəllimlik etmişəm. Həmin hadisələrlə bağlı evimizi Xırdalana dəyişib, burada məskunlaşmışıq.

 - Yəqin ki, o yerləri tez-tez xatırlayırsınız.

- Bəli, tez-tez yox, hər gün, kəndi ana qolları kimi qoynuna alan Qara su və Haramı çaylarını, kəndimizin füsunkar təbiətini, bulaqlarını, məhəllələrini, gözəl insanlarını, bayram günlərini, məclislərini, el şənliklərini, məktəb yoldaşlarımı və ən çox müəllimlərimi. Bu müəllimlərin sayəsində neçə-neçə dövlətlərin müxtəlif idarə və təşkilatlarında, ali məktəblərində, elm sahəsində çalışan insanlar, ona qədər elmlər namizədi, iki elmlər doktoru, professor və bir Milli Qəhrəman – Sahil Məmmədovu yetişdi. Müəllimlərim kənd mühitində inkişaf edə bilmədilər. Bəlkə də onların çoxusu indi çoxdan elmlər doktoru, professor, akademik idilər.

 Kiçik bir haşiyəyə çıxmaq istəyirəm. 1989-cu ildə professor Mirəli Seyidovu qonaq dəvət etmişdim. Kəndimizdə mənim məktəb direktorum və ədəbiyyat müəllimim olmuş Qadir Məmmədovu da çağırdım. Söhbət əsnasında müəllimim Mirəli müəllimin yaradıcılığını necə təhlil etdisə, görkəmli mifoloq alim səmimiyyətlə etiraf etdi ki, hələ heç kəs mənim əsərlərimi belə təhlil etməmişdi. Ertəsi gün Mirəli müəllim məni görəndə dedi ki, heyif belə adamlar kənd mühitində müəllim olaraq qalmışlar, halbuki belə ziyalılar elmin inkişafına böyük töhfə verə bilərdilər.

Yəqin ki, deyəcəyim ikinci hadisə də maraqlı olar.

- Qadir müəllimin də, mənim də Yuxarı Necili kəndində şagirdim olmuş hal-hazırda Moskva şəhərində Rusiya Tibb Elmlər Akademiyasının Ağ ciyər Cərrahiyəsi şöbəsinin müdiri tibb elmləri doktoru, professor Məmmədbağır Bağırov mənə söhbət etdi ki, 1986-1987-ci illərdə Moskvada dissertant olarkən bir xəstənin diaqnozu barədə müzakirə gedirdi – 3 elmlər doktoru, 3 elmlər namizədi, bir dissertant (Məmmədbağır). Hər kəs öz fikrini dedi. Mənə də inciməyim deyə adi bir tərzdə öz fikrimi söyləməyi bildirdilər. Mən isə söylədim ki, mənim fikrimcə, içəridə daxili qanaxma var. Bu sözümə görə hamı gülümsədi, heç kəs inanmadı. Bir  gündən sonra aparılan müayinə mənim dediyimi təsdiq etdi. Həmin alimlər mənə yaxınlaşıb dedilər: “Yəqin ki, sənə dərs deyən alimlər akademik olarlar.”

Bəli, mən indi də bu fikirdəyəm ki, onlar akademik səviyyəsində olan müəllimlər idi. Müəllimlərdən İbrahim Xəlilov Qərbi Azərbaycandakı nə qədər kəndləri oymaq-oymaq gəzib atalar sözlərini toplayıb nəşr etdirmişdi. Gözəl şeirlər yazan, neçə-neçə oçerkin müəllifi olan İ. Xəlilova ən çox şöhrət qazandıran onun şərikli yazdığı “Ermənicə-azərbaycanca lüğət” kitabı idi. Onun “Qalan olmadı” şeiri o yerləri məcburi tərk edənlər üçün bir elegiya idi.

Uluxanlıda kimya müəllimim olmuş Əsəd Məmmədov çox hərtərəfli savada malik idi. Erməni dilini çox gözəl bilirdi. Çox şirin bir dillə tərcümələr etmişdi. Onların hər ikisi məktəb direktoru olmuşdur.

Şair Musa Yaqub şeirlərinin birində yazır:

Uşaq aldatmağa bir noğul idi

Dillərdə söylənən bir ağıl idi

Yaxşı adamlar da bir nağıl idi

Daha nağıllara inanmıram mən.

Bəli, bizim müəllimlər də bir nağıl idi...

 - Əsgər müəllim, tələbəlik illərinizi necə xatırlayırsınız?

- Tələbəlik illərim mənalı keçib. Güclü mütaliə etmişəm.  Təzə nə kitab nəşr olunurdusa, onu alıb oxuyurdum. Tez-tez futbola gedərdim. Konsertlərə müntəzəm olaraq gedərdim: Qulu Əsgərov, Əlibaba Məmmədov, Süleyman Abdullayev, Rübabə Muradova, Elmira Rəhimova, Teymur Mustafayev, Nəzakət Məmmədovanın, Sabir Mirzəyevin “Çahargahı”na, “Bəstə-Nigar”ını xüsusilə sevdiyim üçün onun konsertlərinə daha tez-tez gedərdim. “Əsli və Kərəm”ə, “Gəlin qayası”na, “Şah İsmayıl”, “Leyli və Məcnun”a müxtəlif ifalarda baxmışam... Dram Teatra və Musiqili Komediya tamaşalarına getmişəm.

 - Əsgər müəllim, indi isə sizin elmi fəaliyyətinizə qayıdaq. 400-dən artıq elmi-publisistik məqalənin və 40-a qədər kitabın müəllifi Əsgər Zeynalov. Siz Azəbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçısınız ki, namizədliyi bir qaynaqla, doktorluğu isə başqa bir qaynaqla bağlı yazmısınız. Yəni, namizədlik dissertasiyasını erməni qaynaqları, doktorluq dissertasiyasını isə fransız qaynaqları əsasında. Bu barədə fikirlərinizi bilmək maraqlı olar. Necə oldu ki, belə müxtəlif mövzulara müraciət etdiz? Öncə erməni qaynaqları...

- Keçmiş müəllimlərimlə birlikdə işləyərkən məktəbdə tez-tez elmi müzakirələr gedərdi. Xüsusilə, akademik Məmməd Cəfərin, AMEA-nın müxbir üzvü Azadə Rüstəmovanın, professorlar Əkbər Ağayevin, Rüstəm Əliyevin, Qəzənfər Əliyevin, Arif Hacıyevin, Mirəli Seyidovun məqalələrini və s. Təbii ki, mən də bu müzkirələr də iştirak edirdim. Hər müzakirədən sonra müəllimlərim, xüsusilə də Qadir müəllim mənim elmi iş götürməyimi təkid edirdilər. Onların təkidi və vasitəsilə Bakıya gəlib mövzu götürdüm, uzun çək-çevirdən sonra professor Mirəli Seyidov və professor Teymur Əhmədovun rəhbərliyi altında 1991-ci ildə “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda dissertasiya müdafiə etdim. Qarabağ hadisələrin başlanması ilə əlaqədar mövzunun həm adı, həm də məzmunu dəyişməli oldu. Təxminən 10 il erməni qaynaqlarında – Ermənistan Qədim Əlyazmalar İnstitutunda – Matenadaranda, Ermənistan Xalq Yaradıcılığı Evində, İrəvanda Ədəbiyat və İncəsənət muzeyində axtarışlar apararaq sübut etməyə çalışdım ki, ermənilərdə bayatı olmamış, onlar məclislərində uzun əsrlər boyu Azərbaycan bayatılarından istifadə etmişlər. Erməni qaynaqlarından 550-dən artıq Azərbaycan bayatısı toplamışdım. Eyni zamanda bu qaynaqlarda Füzulinin, Xəstə Qasımın, Vaqifin şeirlərinə, təxminən 3000 səhifədən artıq Azərbaycan dastanlarına, Molla Nəsrəddinin lətifələrinə təsadüf etdim. Cəlil Məmmədquluzadənin redaktor olduğu “Yeni yol” qəzetinin 12 ardıcıl nömrəsini və Sayat Novanın Azərbaycan dilində yazdığı 11 şeirini erməni qaynaqlarından tapıb nəşr etdirdiyimi də bura əlavə etmək olar. Hələ nə qədər erməni aşığının Azərbaycan dilində yazdığı şeirlərini demirəm.

 - Yəqin ki, axtarışlar zamanı erməni şovinistlikləri ilə çox rastlaşmısınız.

- Əlbəttə. Bir dəfə Matenadaranda Azərbaycan bayatılarını axtararkən artıq mənimlə bir neçə gün idi ki, axtarış aparan ermənilərdən biri soruşdu: “Sən nə üzərində işləyirsən?” Cavab verdim ki, bayatılar axtarıram. Mənə dedi ki, nə demək istəyirsən? Demək istəyirsən ki, ermənilərdə bayatı olmayıb? Cavab verdim ki, bəli. Təxminən 55-60 yaş arasında olan bu erməni mənim sözümü eşidən kimi əsəbindən az qaldı oradaca sönsün. Mən rayon kitabxanasından götürüb, özümlə Matenadarana apardığım Q. Ağayanın “Seçilmiş əsərləri”ndən bir yeri ermənicə ona oxudum və göstərmək istədim ki, sizin folklorşünaslar bu sözü deyir, tək mən yox. Sonra o məndən soruşdu ki, ixtisasın nədir? Cavab verdim ki, fransız dili müəllimi. O, lovğa-lovğa, əda ilə yerişlə mənə tərəf gələrək fransızca “Nə isə fransızca de” dedikdə mən isə ona tərəf bir-iki addım atıb, “Çoxdandır ki, fransız dilində danışmaq üçün bir adam axtarıram tapa bilmirəm” deyə fransız dilində cavab verdim. Fransız dilində “Aydındır” dedi. Sonra əlavə etdi ki, belə də iş olar, biz sizə bu qədər əlyazma saxlayırıq, siz isə görün nə edirsiniz.

Sonra Bakıya gəlib M. Seyidova bu əhvalatı danışdıqda, o , “sən axı, ağıllı oğlansan, belə səhvlik etmək olar? Deyəydin ki, tədbir hazırlayacağıq ona görə bayatı toplayıram. Onlar səni orada məhv də edə bilərdilər” dedi. Bəli, bu mənim gənclik səhvim idi. Onu da vurğulayım ki, həmin gün Matenadaranın qapısında duran polis (o zamankı milis) də oradan çıxarkən məni saxlayıb, sumkamı yoxladı. Q. Ağayanın içəriyə keçirdiyimi mənə irad tutdu.

Ermənilər qaynaqlarda uydurma “Böyük Ermənistan” xəritəsini vurub, lovğa-lovğa bu iddialardan, xəritədən danışırdılar. 1985-ci ildə həmin xəritədən birini professor Mirəli Seyidova gətirdim, 1988-ci ildə o, Meydan hadisələri zamanı mitinqlərdə bu xəritəni göstərərək əsl erməni xislətini, ermənilərin iç üzünü açıb göstərirdi.

 - Əsgər müəllim, necə oldu ki, doktorluq dissertasiyası yazarkən tamamilə başqa bir mövzuya üz tutdunuz – fransız ədəbiyyatına?

- Doğrusu, mən elmi rəhbərlərimlə məsləhətləşib, “XX əsr İrəvan ədəbi mühiti”ni doktorluq dissertasiyası kimi işləmək istəyirdim. Hətta, bu barədə professor Teymur Əhmədovla bir neçə dəfə söhbət də etmişdik. Namizədliyim təsdiq olunan kimi professor M. Seyidov dedi ki, indi doktorluğu nə fikirləşirsən. Cavab verdim ki, fransız ədəbiyyatından. Dedi ki, bəlkə 1850-1920 Azərbaycan-Erməni münasibətləri ilə bağlı bir dissertasiya üzərində işləyəsən? Dedim ki, görmədiniz namizədlik dissertasiyasında başımız nələr çəkdi? Beş il dissertasiya müxtəlif səbəblərlə dayandırılırdı. Artıq fikrimi qətiləşdirib, fransız ədəbiyyatına üz tutdum.

“Fransız ədəbiyyatında Şərq mövzuları” mövzusunda dissertasiya üzərində işləməyə başladım. Bir təsadüf nəticəsində Volter yaradıcılığına müraciət etdim. Azərbaycan Ensiklopediyasının VII cildində oxumuşdum ki, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı “Xeyir və Şər” hekayəti Volterin “Zadiq, yaxud tale” əsərindəki “Paxıl” novellası ilə səsləşir. Öncə, bu oxşarlıq barəsində bir məqalə yazıb “Hikmət” qəzetində nəşr etdirdim. Mən Volter yaradıcılığına baş vurandan sonra Şərqi yaxından tanıdım. Volter yazır ki, beş min il əvvəl hindlilər özlərinin

Hanskrit və ya Sanskrit dillərində Veda və Kasta adlı kitablarını yaratdılar. Dörd min il əvvəl özlərinin poeziyasını dünyaya bəxş etmişdilər.

Onu da etiraf etmək lazımdır ki, 4-5 min il əvvəl demək olar ki, hələ dünyanın yarısı kəşf olunmamışdı, ancaq Şərq özünün belə yüksək mədəniyyətini yaratmışdı.

Volter esselərində türklər haqqında da ağız dolusu danışır. O, türklərdən danışarkən yazır ki, türklər, tatarlar, skiflər eyni kökə mənsubdurlar, Atillanın da bu kökə mənsubluğunu nəzərə alsaq, onda görərik ki, onlar bütün yer üzünü işğal etmişdilər. Onların buna mənəvi haqları da var idi. Çünki, onlar hamıdan güclü, qüvvətli və sərt idilər. Volter onu da xüsusi vurğulayır ki, türklər ifrat dərəcədə məğrurdular. Ümumiyyətlə, Volter hindlilər, türklər, ərəblər onların yaratdıqları mədəniyyət haqqında ürəkaçıqlığı ilə ağızdolusu danışır. İran mədəniyyəti də unudulmur. Bunları oxuduqca dahi türk şairi Nazim Hikmətin sözləri yada düşür: “Mən Avropaya lap heyranam, ancaq fəxr edirəm ki, mən Şərqin oğluyam.”

 - Əsgər müəllim, siz ki Volter yaradcılığından belə vurğunluqla danışırsınız, bu dahi fransız ədibinin yaradıcılığında Azərbaycanla bağlı nəsə öz əksini tapmışdırmı?

- XVIII yüzilliyin ən böyük yazıçısı, Avropanı heyran edən, özü Şərqə heyran olan Volterin yaradıcılığında Azərbaycanla da fikirlər geniş yer tutmuşdur.

Skiflərin Midiyanı işğal etməsi, Astiaq əfsanəsi, Zərdüştliklə, Nadir şahla bağlı və s. fikirləri Volterin 1756-cı ildə qələmə aldığı “Millətlərin adətləri və düşüncə tərzi haqqında esse” əsərində öz əksini tapmışdı.

Böyük mütəfəkkir yazıçı Astiaq əfsanəsini Rablenin “Qarqantua və Pantaqruel” əsəri ilə müqayisə etmiş, birincidəki hadisələrin ikinciyə nisbətən daha real olduğunu göstərmişdi.

Apardığımız tədqiqatdan aydın olur ki, Volter “Zadiq və yaxud Tale” əsərində “Avesta”dan nümunələr gətirmiş, “Millətlərin adətləri və düşüncə tərzi haqqında esse” əsərinin II cildində “Avesta”dan müəyyən parçaların tərcüməsini verməklə Anketil dü Perronun tərcüməsini təxminən, 25 il qabaqlamışdı. Ancaq Volterin fikirlərini ehkam kimi qəbul etməmiş, lazım gəldikdə öz münasibətimizi də bildirmişik.

 - Əsgər müəllim, əgər sirr deyilsə, hansı məqamlarda fransız ədibi ilə razılaşmamısınısız?

- Əlbəttə, burada heç bir sirrli söz yoxdur. Məsələn, Volter Hindistanı dəqiq elmlərin vətəni kimi göstərir və onu “Esse”lərin ayrı-ayrı hissələrində əsaslandırmağa çalışır. Ancaq, o, V-VI əsrdə yaşamış Aryabaxtanın elmə gətirdiyi yeniliklərdən heç nə demir. Aryabaxta ilk dəfə olaraq çevrə uzunluğu ilə diametrinin arasında olan mütənasibliyin qiymətini göstərmişdir.: п=3,1416

Müəllif bəzən alleqorik əsərləri, təmsilləri, hətta şahmat oyununu da incəsənət əsərləri kimi təqdim etmişdir. Ancaq Hindistanın türk hökmdarları Əkbər şahın (1605-27) dövründə tikilmiş “daş nağılı”, “daş möcüzə” olan Fəthluo-Zikri və

 Cahan şahın (1627-38) öz xanımının şərəfinə tikdirdiyi, bütün dünyada məşhur olan Tac-mahal məqbərəsi barəsində heç bir söz demir.

Yaxud, Volter orta əsrlər Şərq mədəniyyətindən geniş surətdə söhbət açır, ancaq çox təəssüf ki, Şərqin yetirdiyi dahilərdən bir kəlmə də olsun danışmır: Nə Əl-Cahizdən, nə Əl-Fərabidən, nə İbn-Sinadan, nə Əbu Reyhan Əl-Birunidən, nə Firdovsidən, nə Ömər Xəyyamdan, nə Nizamidən, nə də Hafizdən.

İranda mədəniyyətin yüksək səviyyədə inkişaf etdiyini göstərən, bəzən incəlikləri ilə açıqlayan fransız mütəfəkkiri, bu ölkənin inkişafında böyük rol oynamış azərbaycanlıların bu qədim dövləti idarə etməsindən heç bir söz söyləmir.

 - Əsgər müəllim, siz doktorluq dissertasiyasını Volter yaradıcılığından müdafiə edib, bir sıra dahi fransız ədibləri – Balzak, Aleksadr Düma, Stendal, Jorj Sond, Merim, Flober, Mopassan haqqında məqalələr yazsanız da, beynəlxalq aləmdə Hüqonun mütəxəssisi kimi tanınmısınız.

- Mənə verdiyiniz suallardan mənim yaradıcılığıma yaxından bələd olmanız məlum olur. Bəli, 2001-ci ildə Volter və Hüqo haqqında Bakıda monoqrafiyalarımı nəşr etdirdim. Bu həmin ədiblər haqqqında respublikamızda ilk monoqrafiyalar idi. 2010 və 2014-cü ildə Hüqo haqqında monoqrafiyamı təkmilləşdirərək yenidən nəşr etdirdim. 2014-2015-ci illərdə “Hüqo” monoqrafiyası fransız və ingilis dilində Bakıda işıq üzü gördü. 2013-cü ildə Bakıda fransız dilində nəşr olunan “Hüqo-fransız ədəbiyyatının milyarderi” 2015-ci ildə təkmilləşmiş nəşrdə Fransada çapdan çıxdı.

 - Əsgər müəllim, görünür bu kitabın ayağı uğurlu oldu. Tezliklə digər kitablarınız dünyanının nəhəng ölkələrində nəşr olunmağa başladı.

- Bəli, 2016-cı ildə Amerika Birləşmiş Ştatlarında “Hüqo”, Almaniyada “Hüqo-fransız ədəbiyyatının milyarderi”, İngiltərədə “Hüqonun Şərq baxışı”, Kanadada “Volter və Hüqonun Şərq baxışı” əsərlərim nəşr olundu. 2017-ci ildə Hindistanda iri həcmli “Şərq Volter yaradıcılığında”, 2018-ci ildə isə İsveçdə “Volter və Hüqonun Şərq dünyası” əsərim çap edildi. Hindistanda kitabın nəşri təxminən bir il çəkdi. O qədər ciddi redaktə edirdilər ki, az qala hər sözün, hər hərfin, hər cümlənin mənasını dəqiqliklə öyrənmək istəyirdilər. Redaktə o qədər uzun çəkdi ki, lap nəfəsim kəsilmişdi, sözün xoş mənasında az qalırdı nəşrdən imtina edim. Bu yerdə böyük fizioloq alim, professor Qəhrəman Qəhrəmanovun tez-tez işlətdiyi bir kəlam yada düşür: “Elmin kökü acı, meyvəsi isə şirindir.”

 - Əsgər müəllim, səhv etmirəmsə, sizin xaricdə 9 məqaləniz və xarici ölkələrdə 11 kitabınız nəşr olunmuşdur. Mənim üçün maraqlıdır ki, bu kitablar yalnız nəşr olunduğu ölkələrdə məhdudlaşıb, yoxsa ki, digər ölkələrə də yayılmışdır?

- Çox maraqlı sualdır. Məlumat üçün deyirəm ki, mənim ABŞ-da nəşr olunmuş “Hüqo-fransız ədəbiyyatının milyarderi” və İngiltərədə nəşr olunan “Hüqonun Şərq baxışı” kitablarım Çilidə, Braziliyada, ABŞ-da, Kanadada, Cənubi Afrika Respublikasında, Avstraliyada, Hindistanda, Portuqaliyada, İspaniyada, Fransada, Alaniyada, İngiltərədə, Hollandiyada, Çexiyada, İrlandiya, Polşa və Norveçdə, Kolumbiyada, Meksikada, Çində, Kombocada, Qvineyada, Yeni Zellandiyada satışa çıxarılmışdır. Tədqiqatçıların qeyd etdiyi kimi qitələr, okeanlar qurtarıb, yaradıcılıq isə davam edir. Son yeddi, səkkiz ayda internet səhifələrini izləmədiyim üçün daha hansı ölkələrə yayılmasından xəbərsizəm.

 - Əsgər müəllim, sizin əsərlərinizdən respublikamızda nə qədər dissertant, doktorant və tədqiqatçılar istifadə etmişlər. Bəs xarici alimlərdən də sizin yaradıcılığınıza müraciət edən olmuşmu?

- Bəli, əsərlərimdən istifadə edənlərin sayı kifayət qədərdir. Hətta, bir fəlsəfə doktoru Kəmalə Məmmədovanın yazdığı dissertasiyanın təxminən 50 faizindən çoxu mənim yaradıcılığıma həsr olunmuşdu. Xarici alimlərə gəlincə, bir dəfə yaradıcılığımla bağlı internet saytlarını izləyərkən bəlli oldu ki, Bosniya Hersoqovinadan olan alim akademik Enes Kariç adlı bir alim 2017-ci il iyul ayının 1-də öz ölkəsində nəşr olunmuş “Preporod” adlı qəzetdə “Viktor Hüqo Məhəmməd Peyğəmbər haqqında”  məqaləsində bir neçə yerdə mənim əsərimə istinad etmişdir.

 - Hansı əsərinizə?

- 2016-cı ildə İngiltərənin paytaxtı Londonda “Hüqonun Şərq baxışı” monoqrafiyam nəşr olundu. Əsərdə mən faktlarla sübut etməyə çalışmışam ki, Hüqo İslam dinini qəbul etmişdir. Hətta, dahi fransız ədibi ömrünün son günlərində dəfələrlə “Qurani-Kərim”in “Əl-Fatihə” surəsindən “Tanrı, özün bizə doğru yol göstər” kəlamını deyib ağlayarmış. Enes Kariç istinad edərkən Londonda nəşr olunmuş əsərimizə söykənmişdir.

- Əsgər müəllim, sizin əsərləriniz beynəlxalq miqyasda geniş yayıldığı üçün bir çox dünya şöhrətli alimlər, o cümlədən Jan Lui Bakke Qrammon, Arno Laster, Boris Starkov, Rudolf  İvanov və s. yaradıcılığınız barədə fikirlər söyləmişlər. Bu barədə nə deyə bilərsiniz?

- Doğrudan da  bu alimlərin hamısı dünya miqyasında öz sözünü demiş, özünü təsdiq etmiş alimlərdir. Hüqonun mütəxəssisi olan Arno Laster dünyanın 30-dan çox ölkəsində beynəlxalq konfransda olmuşdur. Eləcə də Jan Lui Bakke Qrammon. Qrammon Osmanlı dövrünə qədər və Osmanlı dövrünə üzrə Beynəlxalq Komitənin, Arno Laster isə Hüqonun Dostları Cəmiyyətinin prezidentidir. Bunların hər ikisi yerləşir.

Fransanın ən nüfuzlu orqanlarından olan “L’est republician” qəzetində 2007-ci il avqust ayının 11-də və 2014-cü il iyul ayının 24-də mənim haqqımda yazı dərc olunmuşdur və 2013, 2015, 2016-cı illərdə Parisdə fəaliyyət Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində yaradıcılığımla bağlı yazılar işıq üzü görmüşdü.

Bu barədə sizin redaktor olduğunuz “Milli irs” jurnalında professor Çəmən Babaxanovanın “Paris Azərbaycan alimindən danışır” adlı məqaləsi dərc olunmuşdur.

Onu da qeyd etmək istərdim ki, Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində bütün dünyada 2016-2014-cü illərdə (onlar 2014-2016 yox, 2016-2014 kimi təqdim edir.-Ə.Z.) Hüqo haqqında dərc olunmuş monoqrafiyaların siyahısı verilmişdir, ikinci yerdə Azərbaycanın adı təqdim olunmuşdu.

 - Əsgər müəllim, son illərdə fransız ədəbiyyatı ilə bağlı daha hansı uğurlarınızı qeyd etmək istərdiniz?

- Dissertantlarım fransız ədəbiyyatından müdafiə etmiş, bir neçə kitabım nəşr olunmuşdu. Ancaq məncə, fransız ədəbiyyatından son illərdəki ən böyük uğurlarımdan biri 2015-ci ildə bir təsadüf nəticəsində Fransadan tapıb gətirdiyim fransız şərqşünası, yazıçısı, diplomatı Josef Artur dö Qobinonun “Şamaxı rəqqasəsi” əsəridir. Onu Qrönobl şəhərində əlcəzairli Hakim adlı bir oğlanın kitabxanada mənə təqdim etdiyi kitabla əldə etdim. Əsərdəki hadisələr bizim Şamaxı şəhərində baş verir. Bu əsərdə Azərbaycana məxsus adət-ənənələr, xüsusilə musiqi alətlərimizin eynilə dilimizdəki kimi təqdim olunması diqqəti cəlb edir və fərəh hissi doğurur: tar, kamança.

- Siz doğrudan da bir sıra ilklərə imza atmısız. Bu, bir danılmaz reallıqdır. Dissertasiyalarınızı müxtəlif dillərlə bağlı yazmısız, Volter və Hüqo haqqında ilk monoqrafiyalar və s. Ancaq gəlin səmimi etiraf edək ki, siz respublikamızda daha çox “İrəvan ziyalıları” kitabı ilə tanınmısız. Necə oldu ki, belə bir kitabı yazmaq qərarına gəldiniz?

- Hələ məktəbdə işləyərkən müəllimlərim İrəvanda Mirzə Hüseyn Ağa adlı böyük bir şərqşünas alimin yaşaması barədə söhbət edər, ancaq heç bir əsərinin qalmadığını, hətta onun dəfələrlə Moskva, Sankt-Peterburq Universitetlərinə dəvət olunduğunu ancaq, doğma şəhərini tərk etmədiyini söyləyirdilər.

1988-ci ilin son ayları idi. Bakıya bir-iki ay idi gəlmişdik, daha doğrusu, evimizi dəyişdirib, məskunlaşmışdıq. Onun övladlarının Bakıda yaşadığını eşidib, Binə, Bilgəh kənd və sanatoriyasına, Yer Quruluşu İnstitutuna üz tutdum, onun övladları ilə görüşdüm, təxminən iki illik axtarışdan sonra “Mirzə Hüseyn Ağa” adlı yazımı “Vətən səsi” qəzetinə təqdim etdim. Qəzetin o zamankı redaktoru, professor Teymur Əhmədov həmin iri həcmli yazımı 1991-ci il iyulun 14-də “İrəvan ziyalıları” rubrikası altında nəşr etdirdi. Bundan sonra onun özü məni bu sahəyə istiqamətləndirdi. On bir illik ciddi axtarışlardan sonra “İrəvan ziyalıları” kitabı ərsəyə gəldi. “İrəvan ziyalıları” sözü T. Əhmədovun tapıntısıdır.

 - Tədqiqatçıların qeyd etdiyi kimi bu kitab sizin nə namizədlik, nə də doktorluq dissertasiyasıdır. Bu, torpaq borcunuzdur. Və haqqınızda yazanlardan biri M. Məmmədovun vurğuladığı kimi, hamı İrəvana torpaq kimi baxdı, Əsgər Zeynalov Vətən kimi.

- Bəli, bu kitabı yazarkən min kilometrlərlə yol getmişəm. Nə qədər insanlarla görüşmüş, onların evlərində olan arxiv, hətta Moskva arxivinin sənədləri ilə tanış olmuşam. Bakının nə qədər arxivlərində axtarışlar aparmışam, Gəncədən üzübəri nə qədər rayonlarda İrəvandan olan yaşlı nəsillərlə görüşmüşəm. Gündüzlər axtarışlar aparır, gecələr isə İrəvanı göz önünə gətirə-gətirə kitabı yazırdım. Yaza-yaza heyrətlənirdim, həm də həsrətini çəkirdim. Nə qədər böyük ziyalı nəsillər yetirmişdi. İrəvanilər, Mirbabayevlər, Qazıyevlər, Makinskilər, Məmmədzadələr, Topçubaşovlar, Muğanlinsklilər, Susidzadələr, Erivanskilər. Əslində 200 illik bu nəsillərin içərisində elə şəxsiyyətlər var ki, onların həyat və fəalliyəti ayrıca monoqrafiyanın mövzusudur. Məsələn, Dilçi Miryusif Mirbabayev, İsmayıl bəy Qazıyev, Mirzə Qədim İrəvani, Mustafa bəy Topçubaşov, Hüseyn Seyidzadə, Səid Rüstəmov, Heydər Hüseynov, Əhməd Cəmil, Əziz Əliyev və s.  uzun illərin axtarışından sonra 1999-cu ildə “İrəvan ziyalıları” kitabı T. Əhmədov redaktorluğu və ön sözüylə işıq üzü gördü.

- Əsgər müəllim, necə oldu ki, belə milli ruhda, torpaq təəssübkeşliyi ilə yazılmış bir kitabı beynəlxalq miqyasa çıxara bildiniz?

- “İrəvan ziyalıları” kitabına ömrümün ən yaxşı illərini sərf etmişəm. On bir il müddətinə həmin kitabı ərsəyə gətirmişəm. “Maneə” deyərkən bunu iki mənada başa düşmək olar. “Birincisi, bu ziyalıların axtarışında olarkən həmin nəsillərin övladları, qohumları, nümayəndələri ilə görüşərkən, mən on dəfə gedirdim, bunlar bir dəfə reaksiya vermirdilər. Əgər, onlar mənim verdiyim reaksiyanın yarısını göstərsəydilər, “İrəvan ziyalıları” kitabı yəqin ki, min səhifədən artıq olardı. İndi isə “İrəvan ziyalıları”nın xarici nəşrlərinə qayıdaq. Öncə bu kitabı Bakıda 2011-ci ildə rus və ingilis dillərində nəşr etdirdim. Həmin ildə qeyrətli eloğlumuz, müəllimim Nəriman Məmmədovun 2012-ci ildə Sankt-Peterburqda və 2013-cü ildə isə Yuxarı Necili kəndində şagirdim olmuş, atamın əmisi nəvəsi Sərdar Bağırov “İrəvan ziyalıları” kitabını Moskvada nəşr etdirdi. Sankt-Peterburq nəşrinə ön söz yazmaq üçün nə qədər rus aliminə müraciət olunsa da, onların hamısı imtina edib, bir bəhanə ilə boyun qaçırmışdılar. Bəziləri isə fikirlərini açıq deyib, ehtiyat etdiklərini bildirdilər. Dünya şöhrətli rus alimi, tarix elmləri doktoru, professor, Rusiyanın əməkdar elm xadimi, Universitetin kafedra müdiri, Edinburq Universitetinin fəxri doktoru Boris Starkov heç nədən çəkinməyib, kitaba çox cəsarətli bir ön söz yazdı. Moskva nəşrinə isə Rusiya EA Şərqşünaslıq institutunun şöbə müdiri, Azərbaycan xalqının yaxşı tanıdığı professor  Rudolf  İvanov ön söz yazdı. R. İvanovun ön sözü daha geniş idi. – 13 səhifədən ibarət idi. Mən Moskvalı alimə belə möhtəşəm ön sözə görə təşəkkür məktubu göndərəndə o, cavabında yazmışdı: “Əziz Əsgər! Siz təşəkkürsüz əhəmiyyətli bir əsər yazmısınız. Belə möhtəşəm əsərə görə sağ olun!” Mən isə bu rus alimlərinin öz sözlərilə “İrəvan ziyalıları” kitabını 2016-cı ildə ABŞ-da ingilis dilində nəşr etdirdim. Çox çəkmədi ki, bu kitabın sorağı dünyanın bir çox ölkələrindən gəldi. Braziliyadan Kanadaya, Avstraliyadan, Hindistandan tutmuş Portuqaliya, Fransa, İspaniya, Polşa, Norveçə qədər. Düzü kitabın belə geniş yayılacağını gözləmirdim.

 - Əsgər müəllim, fikrinizcə, bu əsərin belə geniş yayılmasının səbəbi nədir?

- Kitabın yayılma səbəbləri çox olsa da, onlardan biri də burada rus alimlərinin ön sözlərinin əksini tapmasıdır. Bəlkə də bunu yalnız azərbaycanlı alimlər yazsaydı, diqqəti o qədər də cəlb etməzdi.  Xatırlatmaq istərdim ki, “İrəvan ziyalıları” kitabının əvvəlində rus alimləri ilə yanaşı, Sankt-Peterburq və Moskva nəşrlərində professor Teymur Əhmədov və ABŞ nəşrində professor Əfqan Abdullayevin də yazıları təqdim olunmuşdu.

- Əsgər müəllim, uzun illərdən sonra siz yenidən həmin mövzuya qayıtdınız və 2016-cı ildə “İrəvan xanlığı... gerçəkliyin aydınlığı” əsərin işıq üzü gördü. Necə oldu ki, bu fikrə gəldiniz?

- Əvvəlki nəşrdə demək olar ki, yalnız İrəvan şəhərində yetişən ziyalı nəsillər, ziyalılar haqqında yazmışdım. Sonrakı nəşrdə isə İrəvan xanlığı ərazisindən – İrəvan şəhəri ilə yanaşı, xanlığa daxil olmuş Zəngibasar, Vedibasar, Dərəçiçək, Göyçə və digər mahalların ziyalı övladları haqqında da yazmışam.

- Sizin əsərləriniz Rusiyada rus dilində, Fransada fransız dilində, ABŞ, İngiltərə, Hindistan və digər ölkələrdə isə ingilis dilində nəşr olunmuşdur. Necə oldu ki, siz 600 səhifədən də çox olan “İrəvan xanlığı... gerçəkliyin aydınlığı” kitabınızı ABŞ-da Azərbaycan dilində nəşr etdirmək qərarına gəldiniz? Əgər, mümkünsə, bir neçə kəlmə bu barədə söyləyərdiniz.

- Dahi fransız ədibi Volter deyir ki, həyatda təsadüfi heç nə yoxdur. Həyat öz axarı ilə gedir, insanlar elə bilir ki, hadisələr təsadüfən baş verir. Belə bir fikrə gəlməyim də təsadüfi deyildi. Təxminən 5-6 il əvvəl Hollandiyadan bir nəfər azərbaycanlı mənim yanıma gəlmişdi. “İrəvan ziyalıları” kitabının sorağıyla. Tanışlardan biri ona belə bir kitabın olmasının və müəllifin iş yerinin ünvanını söyləmişdi. Gəldi, görüşdük, o, Hollandiyada çoxlu azərbaycanlıların yaşadığını və belə bir kitaba ehtiyacları olduğunu söylədi. Bu kitabın Bakıdan sonra ABŞ-da çap olunmasını qərara aldım. Əsərin əvvəlində yazılmışdı: “Kitab dünya azərbaycanlıları üçün nəzərdə tutulur.” Azərbaycan dilində olmasına baxmayaraq “İrəvan xanlığı... gerçəkliyin aydınlığı” kitabı da get-gedə yayılmağa başladı.

 - Əsgər müəllim, sizin İrəvanla özünüzün vurğuladığınız kimi həsrət dolu kövrəkliklə xatırladığınız” o yerlərlə bağlı yazılarınız, məqalə kitablarınız çox olsa da, bunlardan birini ayrıca qeyd etmək lazım gəlir: “Hara gedir bu qatar?” Bu kitabın özü balaca olsa da, dəyəri çox böyük oldu. Sürətlə yayıldı. Nə qədər insanları kövrəltdi. Bu yazıyla bağlı düşüncələriniz?

- Elə kitablarım var ki, onları ağlın, fəhmin gücüylə, elə əsərlər də var ki, bunları sözün əsl mənasında qanımla yazmışam. “İrəvan ziyalıları”, “Hara gedir bu qatar?” və bir sıra məqalələrim ikinci qismə aiddir. 2001-ci ildə professor Məhəmməd Teymurlu ilə İrəvanda keçirilən “Cənubi Qafqazda təhsil problemi” adlı beynəlxalq  konfransda iştirak etdim. Doğma İrəvanla, qonşu kəndlərlə, dünyaya göz açdığım Yuxarı Necili ilə 13 illik ayrılıqdan sonra yenidən görüşdüm. Bu tale qisməti idi. Doğma Uluxanlı məktəbilə görüşürdüm. Mənim 50, məktəbin isə həmin ildə 120 yaşı tamam olurdu. Sanki, tale məni yubileyi olan məktəbi təbrik etmək üçün göndərmişdi. Çox təəccüblüdür ki, üç gün İrəvanda olarkən qeydlərimi götürsəm də, yalnız beş ildən sonra bu balaca kitabı ərsəyə gətirə bildim. Bəli, kitab kövrək hisslərin altında yazılmışdı. Hər qarışına bələd olduğum İrəvanı, Qaraqışlaq, Dəmirçi, Zəngilər, Yuxarı Necili, Aşağı Necili, Zəngibasar, Sarvanlar kəndlərini, kövşənlərini, Ağrı, Alagöz dağlarını görüb kövrəlmişdim. “Hara gedir bu qatar? Mən bu qatarı tutub, öz əllərimlə saxlayıb, doyunca-doyunca kəndimizə baxmaq istəyirəm!”. Tələbəlik dostum, layiqli araşdırıcı Misgər Məmmədov bu kitabla bağlı deyir ki, onu yüzlərlə əsərə dəyişmərəm və əgər bu kitabı sıxsan oradan Əsgərin qanı töküləcəkdir.”

 - Əsgər müəllim, son onilliklərdə Azərbaycanın həyatında Qarabağ hadisələri, deportasiyalar, soyqırımlar, 20 Yanvar faciəsi, Xocalı faciəsi və digər hadisələr baş verdi. Siz bu hadisələrin heç birinə biganə qalmadınız. Sözün əsl mənasında “qələminizi süngüyə” çevirdiniz. Bu hadisələrin hamısı sizin yazılarınızda öz əksini tapdı.

- Görkəmli simalardan biri deyir ki, sən şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan. Bunlar mənim vətəndaşlıq borcumdur. Təkcə yazılarla kifayətlənməyib Murovdağda, Tərtərdə, Marağada əsgərlərlə görüşlərdə olmuşam. Xarici ölkələrə gedəndə çox vaxt günorta naharını Rübabə Muradovanın “Heydər baba ildırımlar şaxanda” mahnısı ilə başlamış, Məmmədbağır Bağırzadənin “Azərbaycan oğluyam” mahnısı ilə isə yuxuya getmişəm.

 - Siz geniş yaradıcılıq diapazonuna maliksiniz. Tədqiqatçıların qeyd etdiyi kimi sizin əsərlərinizin adları bunu əyani surətdə təsdiq edir: “Fransız ədəbiyyatında Şərq”, “İrəvan ziyalıları”, “Şərq Volter yaradıcılığında”, “Viktor Hüqo”, “Azərbaycan bayatıları Qafqaz regionunda”, “Orda, bu yurd var uzaqda”, “Hara gedir bu qatar?”, “Hüqonun Şərq baxışı” və s. Əlbəttə, bu siyahını istənilən qədər uzatmaq olar. Tədqiqatçıların bu fikrilə razısınızmı ki, sizin bir neçə dildə - Azərbaycan, rus, erməni, fransız dillərində tədqiqat apara bilməniz yaradıcılığınız üçün geniş zəmin yaratmışdır.

- Əlbəttə, bu teorem deyildir, aksiomadır. Arxiv materiallarından istifadə və bir neçə dildə tədqiqat apara bilmə elmi əsərin dolğun olması üçün şərait yaradır. Təkcə əsərdə yox, yazılmış əsəri bir neçə dildə müqayisəli surətdə təqdim edəndə də xüsusilə beynəlxalq konfranslarda, simpoziumlarda.

- Konfranslardan söz düşmüşkən, siz respublikamızı bir sıra beynəlxalq konfrans və simpoziumlarda da ləyaqətlə təmsil etmisiniz. Bizcə, onları da sizin elmi fəaliyyətinizin mühüm bir hissəsi hesab etmək olar.

- Bəli, Bakıda, İrəvanda, Almaniyada, Türkiyədə, Fransada keçirilən beynəlxalq konfrans, qurultay və təkmilləşmə kurslarında  iştirak etmişəm. Əlbəttə, onların hər biri yadda qalan hadisədir. Ancaq, ümumiyyətlə, bu ölkələrlə yanaşı Belçika, İsveçrə, İtaliya, İspaniya, Rusiya və İranda da olmuşam.

 - Əsgər müəllim, xarici ölkələrdə olarkən təsadüf etdiyiniz xoş hadisələrdən bir epizod danışa bilərsiniz? Məsələn, 2007-ci ildə Fransanın Bezanson şəhərində siz fransız ədəbiyyatından danışandan sonra fansız alimi, “Gəl mənim yerimdə əyləş” deyə öz yerini sizə göstərdi. Yəni, ədəbiyyatımızı bizdən yaxşı bilirsən. Yaxud, Türkiyədə beynəlxalq konfransda (2009) məruzə edəndən sonra, daha doğrusu, məruzənizi qurtaranda, iclasın sədri “Sizə 15 dəqiqə ayrıldığı üçün biz utanırıq, biz sizi saatlarla dinləməyə hazırıq” demişdi. İndi isə sizin özünüzdən bir epizodu dinləmək istəyirik.

- 2007-ci ildə Fransada təkmilləşmə kursunda  olarkən, müəllimə hər kəsin öz ana dilində bir şeir deməsini təklif etdi. Yaponiyadan, ABŞ-dan Yəməndən olan müəllimlər hərəsi hər kəs öz dilində bir şeir dedi. Biz beş nəfər azərbaycanlı özümüzdən asılı olmayaraq hamımız bir ağızdan Səməd Vurğunun “Azərbaycan” şeirindən “El bilir ki, sən mənimsən” bəndini dedik. Bizdən sonra növbə mənim yanımda əyləşmiş, Belçikada təhsil almış, İzmirdə işləyən türk qızına çatdı. O, isə “bilmirəm” deyə cavab verdi. Həmin modulda təxminən 20-ə qədər ölkənin nümayəndəsi iştirak edirdi. Cavab mənim üçün gözlənilməz idi. Müəlliməyə dedim ki, olar, mən söyləyim. Milliyətcə fransız olan müəllimə mənə dedi ki,  türk dilində? Dedim “Bəli, türk dilində.” İkinci, üçüncü dəfə müəllim Llorka eyni sualı mənə verib, eyni cavabı aldıqda bir az əsəbi şəkildə “Deyin” söylədi. Mən Nazim Hikmətin bir şeirindən dörd misra söylədim:

Ben bir ceviz ağacıyam Gülhanə parkında

Ne sen onun farkındasın, nə polis farkında

Başımda bulud köpük-köpük

İçimde – dışımda deniz.

Və bir də çoxdan bildiyim türk şarkısından bir bənd dedim

Mandalini ber bana

Şarkı söyleyim sana

Ne ben öldüm qurtardım

Ne sen geldin imana

Söylə-söylə beni heçmi sevmedin.

 Beləliklə türk qızını çətin vəziyyətdən çıxardım.

- Əsgər müəllim, sizin “Azərbaycan bayatıları erməni qaynaqlarında”, “Musiqimizin təsir dairəsi” çıxışlarınız radionun qızıl fonduna daxil olmuşdur. Televiziyada bir-birindən fərqli mövzularda çıxışlar etmisiniz. Hüqonun “Səfillər” romanı, “Akademik Heydər Hüseynov”, “Görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidov”, “Rejissor Hüseyn Seyidzadə”, “Romantizm”, “Molyer” və s. Eyni zamanda “Uluxanlı-125”, “Torpağımız, taleyimiz”, “İrəvan və irəvanlılar”, “Mustafa Topçubaşov”, “Bir şair ömrü” (Əhməd Cəmil haqqında) sənədli filmləri sizin birbaşa iştirakınızın və ya əsərlərinizdən istifadə əsasında çəkilmişdir. Bu qədər vaxtı necə tapmısınız? Mən təəccüblənirəm. Bu qədər zəngin yaradıcılıqla sizinlə hər dəfə görüşəndə elə görünürsünüz ki, sanki heç bir şey etməyibsiniz, hər şey yenidən başlamalıdır.

- Evdə də, işdə də, stolumun üstündə Qurani-Kərimin “Loğman” surəsindən bir kəlam var: “Heç zaman təkəbbürlü olma, Allah təkəbbürlü adamları sevmir.” Bu mənim həyat devizimdir. O ki qaldı “Bu qədər vaxtı haradan tapırsınız?” sualına, dəfələrlə bu sualı mənə veriblər. 2001-ci ildə İrəvanda beynəlxalq konfransda olanda Tiflis Pedaqoji Universitetinin fransız dili kafedrasının müdiri Maya Çivadze məndən soruşdu ki, müdafiədən sonra neçə əsəriniz nəşr olunub, bir həftədən sonra 3-sü çap ediləcək. O da eynilə həmin sualı mənə verdi: “Bu qədər vaxtı haradan tapırsınız?” Çünki, onun özü 1987-ci ildə müdafiə etsə də, bundan sonra cəmi 7 məqaləsi nəşr olunmuşdur.

 - Əsgər müəllim, siz həm də fransız ədəbiyyatından tərcümələr etmisiniz.

- Bəli, Viktor Hüqo və Lui Araqondan tərcümələr edib əvvəlcə dövrü mətbuatda, sonra isə kitab şəklində nəşr etdirmişəm.

 - Mən həyatınızı öyrənəndən sonra belə qənaətə gəldim ki, siz çox iradəli insansınız. 1988-ci ildə öz dədə-baba yurdunuzu tərk etmisiniz. On ildən artıq müxtəlif  bəhanələrlə namizədlik və doktorluq dissertasiyanız dayandırılıb. Ancaq bu maneələrə baxmayaraq, siz bu dissertasiyaları müdafiə edib, professor adını almısınız.

- Görkəmli fizioloq, professor Qəhrəman Qəhrəmanov bir kəlamı tez-tez işlədərdi: “Elmin kökü acı, meyvəsi isə şirindir.” Bir də bir filmdə deyildiyi kimi “Həyat bizi sınayır.” Bəli, həyat bizi sınayırdı. Qorki də yazır ki, biz şahinlərin çılğınlığına nəğmələr oxuyuruq.  Namizədliyim dayandırıldıqca məqalələr, doktorluğum dayandırıldıqca kitablar nəşr etdirmişəm.

 - Əsgər müəllim, siz üç dəfə Dövlət Mükafatına, iki dəfə isə AMEA-nın müxbir üzvlüyünə namizəd olmusunuz. Bunlar da əsaslı surətdə təsdiq edir ki, siz elmə təsadüfi gələn və ömrünü elmdə boş keçirən adam deyilsiniz. Arzu edərdik ki, bu arzularınız çin olsun.

- Əgər, qismətimizdə varsa, bunlar da həyata keçəcək. Qismətdən artıq heç nə mümkün deyil. Mən tale qismətinə inanıram. Onu da xatırladım ki, Dövlət Mükafatına təqdim olunmuş əsərlərin birincisi Rusiyada (“İrəvan ziyalıları”-2012), ikincisi Bakıda (“Hüqo”-2014) və üçüncüsü ABŞ-da (“İrəvan ziyalıları” ingilis dilində, “İrəvan xanlığı... gerçəkliyin aydınlığı”-2016) nəşr olunmuşdur. Dördüncü dəfə altı dövlətdə nəşr olunan kitabları təqdim etmişdim. Ancaq bir neçə aydan sonra Nazirlər Kabinetindən 2018-ci il Dövlət Mükafatının təxirə salındığı bildirildi. Sənədləri geri götürdüm.

 - Hobbiniz nədir?

- Sevdiyim müğənnilərin mahnılarına qulaq asmaq. Ailə üzvləri ilə gəzintiyə, respublikamızın dilbər guşələrinə səyahət etmək. Nəvələrimə pianinoda çalmaq, böyük nəvəmlə şahmat oynamaq. Həm aşıq musiqisini, həm də muğamı çox sevirəm. Ailə üzvlərimlə tamaşalara, konsertlərə getmək.

 - Əsgər müəllim, bu il doğma yerlərinizi tərk etməyinizin 30 ili tamam olur. İndi o yerləri necə xatırlayırısınız?

- Düzü o yerləri heç unutmuram ki, xatırlayım da. Xəyalən hər gün o yerlərə qayıdıram. O yerləri tez-tez yuxuda görürəm. İçimdən qovrula-qovrula məqalələr yazıram. Xaricdə nəşr olunan kitabların həm əvvəlində, həm də sonunda kəndimizin adını vurğulayıram. Son illərdə Fransada olarkən telefonda “İrəvanda xal qalmadı” mahnısını dönə-dönə dinləyirdim. O yerlərdən, eləcə də kəndimizdən danışanda həmişə türk şairi Əhməd Qudsi Tecərin məşhur şeiri yada düşür:

Orda, bir kənd var uzaqda

O kənd bizim kəndimizdir.

Getməsək də, tozmasaq da

O kənd bizim kəndimizdir.

Orda, bir ev var uzaqda

O ev bizim evimizdir

Yatmasaq da, qalxmasaq da

O ev bizim evimizdir.

Orda bir yol var uzaqda

O yol bizim yolumuzdur.

Varmasaq da, dönməsək də

O yol bizim yolumuzdur.

İnşallah, Ulu Tanrının köməkliyi ilə o yerlərə qayıdacağıq.

  • Əsgər müəllim, müsahibə üçün sağ olun.
  • Şəfiqə xanım, Sizə, “Mili irs” jurnalının əməkdaşlarına uğurlar arzulayıram.

Müsahibəni apardı:

“Milli irs” jurnalının baş redaktoru, ADU-nun pedaqogika kafedrasının müəllimi, pedaqogika  üzrə fəlsəfə doktoru Şəfiqə Tahirova