XƏBƏRLƏR

ADU tələbəsinin rəsm yaradıcılığı

19 aprel, 2019

Aytac Süleymanovanın 19 yaşı var. 2017-ci ildə 265 saylı orta məktəbi bitirib. Hazırda Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin “İtalyan dili-Azərbaycan dili üzrə tərcüməçilik” ixtisasında təhsil alır. Rəsmə olan həvəsi isə uşaqlıqdan başlayıb: "Hələ balaca olanda rəngli karandaşlar, təbaşir ilə rəsm çəkməyi sevirdim. Məktəbdə oxuduğum müddətdə rəsm müəllimlərinin sevimli şagirdi olmuşam.  Əslində məqsədim rəssamlıq, dizaynerlik üzrə oxumaq olsa da, müəyyən səbəblərdən edə bilmədim. Həmçinin universitet hazırlığı illərində də rəsmdən çox uzaqlaşdım. Amma sonda rəsmə olan sevgimi boğa bilmədim.  Artıq 8-9 aydır ki, mütəmadi olaraq rəsmlə məşğul oluram. Karandaş, kömür, sangina, akvarel, akril, yağlı boya ilə rəsmlər çəkməyi bacarıram" - deyir, Aytac. O, bu günə kimi bir çox sərgilərdə iştirak edib. Aprelin 3-də Azərbaycan Dillər Universitetinin İtalyan dili Mərkəzinin 10 illiyinə həsr olunmuş tədbirdə İtaliyaya aid tablolar çəkib. Aprelin 7-də "Gəl, danış" sosial təşəbbüs komandasının təşkil etdiyi rəsm sərgisində isə 1-ci yerə layiq görülüb. Son olaraq aprel ayının 9-10-da ADU TGT Rəsm klubunun keçirdiyi "Relflect your soul" adlı sərgidə iştirak edib. Bu sərgidə də rəsmləri böyük maraqla qarşılanıb.