XƏBƏRLƏR

Nardaran məktəbində tədbir təşkil olunub

17 aprel, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə Nardaranda yerləşən 295 saylı məktəbdə tədbir təşkil olunub.

Tədbirdə çıxış edən fakültə dekanı dosent Bənövşə Məmmədova universitet və fakültə haqqında geniş məlumat verib. O, bildirib ki, fakültədə 6 ixtisas üzrə tələbələr təhsil alır və onlar müxtəlif dillərlə bərabər həmin ölkələrin mədəniyyətini, tarixini, incəsənətini də öyrənirlər. Dekan bu gün ADU tələbələrinin həm ölkə daxilində, həm də ölkə xaricində ADU- nu layiqincə təmsil etdiyini diqqətə çatdırıb.

Sonra fakültənin tələbələri intellektual yarış təşkil ediblər. Yarışda suallara doğru cavab verən şagirdlərə hədiyyələr təqdim olunub.

Daha sonra B.Məmmədova “Azərbaycan multikulturalizmi”, “Azərbaycan Tərcümə Ensiklopediyası” kitablarını məktəbə hədiyyə edib, həmçinin məktəbin şagird və müəllim heyətini 19 aprel 2019-cu il tarixində ADU-da təşkil olunacaq Tələbə Elmi Cəmiyyətinin konfransına dəvət edib.

Sonda məktəb kollektivi ADU-nun müəllim və tələbə heyətinə öz təşəkkürünü bildirib.