XƏBƏRLƏR

ADU-nun əməkdaşları və tələbələr Cocuq Mərcanlı məktəbində olublar

16 aprel, 2019

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup əməkdaşı - Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova, Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov, Təlimdə innovasiyalar kafedrasının müdiri  Aytən Bayramova və  tələbələr : Quliyev Salman (xəlifə-rektor), Elşad İbadzadə (xəlifə-Tədris işləri üzrə prorektor), Şahverən Babayev (BMİ fakültəsi), Murad Əliyev (Təhsil fakültəsi), Nilufər Məmmədova (Təhsil fakültəsi), Allahverdi İmanlı (BMİ fakültəsi), Vüsalə Hacıyeva (Təhsil fakültəsi), Nəzrin Cahangirova (BMİ fakültəsi), Əlövsət Mabudlu (BMİ fakültəsi) Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məktəbinə səfəri çərçivəsində məktəb kollektivi, şagirdlər və orada  pedaqoji təcrübə keçən ADU tələbələri ilə görüş keçiriblər.

Məktəbin şagirdləri qonaqları maraqlı səhnəciklər və şeirlərlə salamlayıb. Görüş zamanı tələbələr müxtəlif musiqi alətlərində çıxış edib və vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılar səsləndiriblər.  Daha sonra Ş.Şahməmmədova, M.İsmayılov, A. Bayramova çıxış edib, ADU-nun hədiyyə etdiyi avadanlıqları (komputer dəsti, proyektor, proyektor üçün lövhə) məktəb direktoruna təqdim edib, şagirdlərə məktəbli çantaları paylayıblar.

Məktəbin direktoru Zamin Həziyev ADU-nun rektoru akademik Kamal Abdullaya və bütün layihə iştirakçılarına bu faydalı və xeyirxah təşəbbüs üçün öz təşəkkürünü bildirib. O, qeyd edib ki, məktəbin bir otağı xarici dil kabineti kimi fəaliyyət göstərəcək və bütün avadanlıqlar xarici dilin tədrisinin daha da səmərəli təşkil olunmasına xidmət edəcək.

 Bununla yanaşı, fevral-mart aylarında ADU tələbələri Gəncədə, Bərdədə və Mingəçevirdə yerləşən qaçqın və məcburi köçkün məktəblərində pedaqoji təcrübələri çərçivəsində müxtəlif tədbirlər keçirib, “Çinə məhəbbətlə” adlı müsabiqə təşkil edərək məktəb və qalib şagirdləri universitet tərəfindən printer və məktəbli çantaları ilə mükafatlandırıblar.